"İqtisadi sektorda çalışan nazirlər təcili istefa ərizələrini yazmalıdırlar"

img

12-01-2016 [17:35]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hazırkı böhranlı durumla bağlı fikirlərini Mia.az-a bölüşüb və vəziyyətdən çıxış yolları təklif edib.

- Hazırkı vəziyyətdən yeganə çıxış yolu odur ki, hökumət təcili buraxılmalıdır. Prezidentin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsindən hər şeyi gördünüz. Cənab prezident deyir, hər şeyi tələb edir, amma deyilənləri yerinə yetirən yoxdur. Bu adamlar o qədər həyasızlaşıblar ki, sanki deyilənlərin onlara aidiyyatı yoxdur. 81 yaşlı baş nazirdən nə gözləmək olar axı? Bu adam müşavirədə yatırdı, onun baş nazir postunda oturmaq vaxtı deyil. Biz deyəndə təhqir edirlər, təhdidə məruz qoyurlar. Hökumətdəkilər də məni dirəyirlər ki, niyə sakit oturmursan. Mən necə sakit oturum ki, gözümün ölkənin vəziyyəti ağırlaşır. Baxın, artıq rayonlar ayağa qalır. Artur Rəsizadə və hökumətin digər nümayəndələri bu etirazların qarşısında dura biləcəklərmi, xeyr. Bu adamların nə başları, nə qabiliyyətləri var ki, bu gün ölkənin düşdüyü vəziyyətdən çıxarsınlar. Ona göərə hökumət təcili istefaya getməlidir. İqtisadi sektorda çalışan nazirlər təcili istefa ərizələrini yazmalıdırlar. Qoy, çıxıb getsinlər, görək, mən də əziz qardaşıma necə kömək edə bilərəm.

- Hafiz müəllim, Sizcə, hökumətdəki rəhbər şəxslərə alternativlər varmı?

- Bir müddət əvvəl də dedim ki, bütün məsuliyyəti üzərimizə götürməyə hazırıq. Amma bəziləri utanmaz-utanmaz yalan danışmaqda davam edirlər. Dünən kənd təsərrüfatı naziri, Ziya Məmmədovun qudası Heydər Əsədov deyir ki, kənd təsərrüfatını inkişaf etdirmişik. Hökumətdəkilərin hamısı başdan-ayağa yalan dınışır. Ona görə də getməlidirlər. Bu saat hökumətdən kənarda kifayət qədər başı işləyən adamlar var, hansı ki, millətini dövlətini bu məmurlardan qat-qat çox sevirlər. Heç nə demirəm, kənara çəkilsinlər, bizi də altı ay sınasınlar. Biz millət, vətən, dövlət naminə yalvarırıq, bunlar kimi rüşvət almaqdan ötəri yalvarmırıq, istəyirik ki, bu ağır durumdan ölkəni xilas edək. Elə bir vəziyyət yaranıb ki, belə bir şəraitdə milləti başsız qoymaq olmaz.

- Yeni formalaşacaq hökumətdə təmsil olunmaq üçün təkcə öz partiyanızdan, yoxsa başqa müxalifət partiyalarının da kadr potensialından istifadə olunacaq?

- Mən tək özümüzü demirəm, bir partiyada bu qədər kadr ola bilməz. Müxalifətdə olduqca bacarıqlı insanlar var ki, onları idarəçiliyə cəlb etmək olar. Camaatın hamısı bu xalqa düşmən deyil ki. Artıq bu komandanın başı kifləşib, onlar prezidentə xəyanət edib. Ölkəni bu vəziyyətə çatdıran bu komandanın üzvləridir. Hakim komandanın da içində layiqli şəxslər var. Artur Rəsizadə müşavirədə yatırdı, dirsəkləyib oyatdılar. Belə biyabırçılıq olmaz. Dünənki müşavirədən sonra bəzi məmurlar yenə də xəyanətkar əməllərini davam etdirirlər. Ona görə də deyirmə ki, prezidentimiz tək qalıb. Rayonlarda camaat ayağa qalxıb. Rayon təşkilatlarından nümayəndələrimiz ultimatum göndərirlər ki, vəziyyət kritik həddədir. Ancaq unutmasınlar ki, əziz qardaşım İlham Əliyevi tək qoyan deyilik. Bu yolda dairm onun arxasındayıq. Buradan sosial şəbəkələrdə mənə mesaj yazanlara deyirəm ki, Hafiz Hacıyev gizlənməyib, meydandır, bundan sonra da mübarizəni davam etdirəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA