"Artıq elə bir situasiya yaranıb ki, rejimin dəyişməsi qaçılmazdır" - AXCP-dən ittiham

img

20-12-2015 [00:35]


"2015-ci il Azərbaycanın müstəqillik tarixinin ən çətin və dramatik illərindən biri oldu". 

Bu sözləri Mia.az-a açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. 

Onun sözlərinə görə, əvvəllər də korrupsiya və rüşvətxorluq dövlət siyasətinə çevrilsə də, neftdən gələn böyük pullar müəyyən qədər sosial ədalətsizliyi ört-basdır etməyə imkan verirdi: "Lakin neftin üçüzlaşması və qeyri neft sektorunun inkişaf etdirilməməsi böyük təlatümlərə səbəb oldu. Manatın devalyasiyası, bankların iflasa üğraması, işsizliyin görünməmiş səviyyədə yüksəlməsi ölkəni idarəolunmaz vəziyyətə gətirmişdir. Təəssüf ki, hakimiyyət bu radikal dəyişikliyə hazır deyil. Böhrandan xilas olmaq üçün iqtidarın nə istəyi, nə proqramı, nə də komandası yoxdur. Ona görə də cəmiyyətdəki nisbi sabitliyi saxlamaq üçün ənənəvi repressiv metodlardan istifadə olunur. Son dövrlərdə AXCP-yə yönəlik təqiblər, Nardaran hadisələri buna misal ola bilər".

AXCP yetkilisi onu da qeyd edib ki, Azərbaycanın olduqca təhlükəli bir dönəmə girdiyini anlamaq üçün siyasətçi olmağa ehtiyac yoxdur:

"Bir tərəfdən cəmiyyətdəki ədalətsizlikdən doğan təbəqələşmə, digər tərəfdən sosial-iqtisadi böhrandan doğan aclıq və səfalət ölkəni idarəolunmaz vəziyyətə gətirməkdədir. Artıq elə bir situasiya yaranıb ki, rejimin dəyişməsi qaçılmazdır. Hər şeydən əvvəl anlamaq lazımdır ki, ölkəni əvvəlki repressiv metodlarla idarə etmək mümkünsüzdür. Mövcud rejimin hansı ssenarilər əsasında dəyişməsi isə daha çox hakimiyyətdən aslıdır. Repressiv yol Azərbaycanı Liviya, İraq və Suriya məşəqqətlərinə sürükləyir. Lakin son dövrün Miammar və Venesuela modelləri də var ki, iqtidarlı, müxalifətli hamının maraqlarına cavab verən demokratik islahatlar yoludur. Suçlu qorxaq olar. Lakin bir şeyi anlamaq lazımdır ki, hakimiyyətə gələn qüvvələr də repressiv idarəetməyə üstünlük verərsə, ölkə xaosdan çıxa bilməyəcək. Ona görə də müxalifətli, iqtidarlı bütün millətin konsolidasiyaya ehtiyacı var. Bu həqiqət nə qədər tez anlaşılsa, xilas yolu da o qədər qısa və ağrısız olacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA