Avropa Şurasının baş katibinin Azərbaycanla bağlı araşdırması - Deputat və QHT rəhbərlərindən münasibət

img

18-12-2015 [11:28]


Avropa Şurasının  baş katibi Tyorbyorn Yaqland ilk dəfə öz səlahiyyətindən istifadə edərək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb və bununla bağlı Azərbaycana araşdırıcı missiya göndərməyi qərara alıb.

"Yaqlandın Azərbaycanla bağlı qərarı bizdə təəccüb doğurdu”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, qurumun monitorinq komitəsinin sədr müavini Səməd Seyidov deyib.
S.Seyidov qeyd edib ki, Avropa Şurasının Londonda keçirilən iclasına qatılıb və həmin iclasda T. Yaqland bu kontekstdə çıxış edib: "Onun çıxışında konkret olaraq bu məsələ gündəmə gətirildi ki, üzv dövlətlərAvropa Şurasının qəbul etdiyi konvensiyaları yerinə yetirməkdən çəkinirlər, ehtiyat edirlər və bu da ümumiyyətlə, Avropa Şurasının bir qurum kimi mövcudluğuna təhlükə yaradır. Yaqland sözlərini təsdiq etmək üçün 10-15 ölkədən misal gətirdi. Mən bununla bağlı bir neçə məsələni diqqətə çatdırım. Birincisi, Böyük Britaniya Avropa Şurasının İnsan haqları konvensiyasını uzun illərdir müntəzəm olaraq yerinə yetirmir, hətta Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına əməl etmir. Bunu Yaqlandın özü də dedi. İkincisi, hər bir ölkə Avropa Şurasına daxil olarkən həmin konvensiyaların qeyri-şərtsiz həyata keçirilməsi ilə bağlı sənəd imzalayır. İlk dəfə Rusiya Federasiyası Konstitusiya Məhkəməsi qərar verdi ki, Avropa İnsan Haqları Məhkəməsinin hansı qərarı ölkənin konstitusiyasına uyğun olacaqsa, onu yerinə yetirəcək. Üçüncüsü, Macarıstan bu iclasda öz konstitusiyasının Avropa Şurasının konvensiyaları ilə uyğun gəlməməsi məsələsini qaldırdı. Dördüncüsü, bu yaxınlarda Polşada seçkilər nəticəsində Konstitusiya Məhkəməsinin hakimlərinin dəyişdirilməsi və bununla da konstitusiyanın kobud şəkildə pozulması və sair məsələlər də qeyd olundu”.

"Bu gün Avropa Şurasında onsuz da dezinteqrativ proseslər gedir. Zərərçəkən Azərbaycan yox, böhran içərisindəki Avropa Şurası  olacaq”.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa indiyə qədər bu tərzdə çıxışların dəfələrlə şahidi olduqlarını qeyd etdi: "Son günlərdə Leyla və Arif Yunusların azad edilməsi müsbət addımlardandır. Budəfəki əfvdə bir sıra sürpriz isimlərin adı olacaq. Bunlar müəyyən mənada münasibətlərin yumşalmasına səbəb olacaq. Avropadan Yaqland və digərlərinin mövqeyi, əslinə qalsa, məsələnin həllinə ziyan gətirir. Faktiki olaraq bu istiqamətdə addımlar atılırsa, bu cür açıqlamalar bunu durdurmağa xidmət edir. Onlar da çalışmalıdırlar ki, müəyyən kateqoriyalardan həbsdə olanlar azad edilsinlər. Onlar daha çox bu şəxslərin azad edilməsindən narahatdırlar. Çünki Azərbaycana qarşı bəhanələr azalanda, sözlə ifadə etməkdə çətinlik çəkirlər. Ümid edirəm ki, bu ayın sonunda Tofiq Yaqublu həbsdən azad ediləcək. Çox güman ki, bu, İlqar Məmmədova da şamil olunacaq. Bunlar olarsa, onların bir bəhanələri qalmayacaq”.

F.Mustafa münasibətlərin istiləşdiyi bir dövrdə bu cür açıqlamaların arxasında dayanan mətləblərə də toxundu: "Bunlar onu göstərir ki, Azərbaycanla hələ də diktə dili ilə danışmağa üstünlük verirlər. Bizi Rusiya və Ermənistan qarşısında qorumayan Avropa təmsilçiləri indi xırda məsələlərlə Azərbaycana təzyiq göstərmək istəyirlər. İndiki şərtlərdə bunlar sırf siyasi bəhanələrdir. Səmimi şəkildə məhbusların azad edilməsini istəmirlər. İstəyirlər ki, hakimiyyət müəyyən məsələlərdə dirəniş göstərsin”. 

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı verilən bəyanatlardan narahatlığını dilə gətirdi: "Hökumət bəyan edib ki, əfvə hazırlaşır. Bugünlərdə siyahi açıqlanacaq. İşçi Qrupuna daxil olan hüquq müdafiəçiləri Əfv Komissiyasına daxil olan bir neçə nəfərlə görüşüblər. Görüş vaxtı tək həmkarlarımız barədə yox, bir çox siyasi məhbusların əfv olunması barədə xahişlər olunub. Beynəlxalq təşkilatlar tərəfindən belə siyasət artıq bir ildir  gedir. Yaqland nəyi araşdıracağını açıqlasa idi, daha yaxşı olardı. Amma belə bir bəyanat artıq sistematik hala keçdiyindən, düşünmürəm ki, bu, hökumət üçün qıcıq yaradır. Hər halda, biz öz həmkarlarımızın və başqa siyasi məhbusların həbsdən azad olunması üçün beynəlxalq təşkilatlardan az iş görmürük. Burda yalnız bir məqsədimiz var: bütün siyasi məhbuslar azad olunsun”.

Ana Vətən Partiyasının sədri, iqtidaryönlü deputat Fəzail Ağamalı Qərbin atdığı addımlardan təəssüfləndiyini bildirdi: "Nəzərə alaq ki, bu məsələ işğalçı Ermənistanla bağlı qətnamə qəbul ediləcəyi ərəfədə gündəmə gətirilir. Bunun üçün heç bir əsas yoxdur. Çünki hüquq sistemində dünyanın söykəndiyi yanaşmalar var. Kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, cinayətə yol verən istənilən şəxs qanun qarşısında cavab verməlidir. Bütün demokratik ölkələrdə belə olduğu üçün bizdə də belədir. Amma durmadan ölkəmizə qarşı təzyiqlər davam edir. Bu gün dünyanın iki qütbə bölündüyü göz önündədir. Bir tərəfdə Rusiya, digər tərəfdə isə Qərb, ABŞ və onun müttəfiqləri dayanır. Azərbaycanın neytral siyasət aparması, bir sıra layihələrdə iştirak etməməsi iri dövlətlərin xoşuna gəlmir, nəticədə bəzi qərəzli siyasət aparırlar. Bunlar doğru deyil. Düşünürəm ki, Rusiyaya qarşı münasibətlərin bu qədər kəskinləşdiyi dövrdə ölkəmizin bir sıra layihələrdə yer alması üçün belə siyasətə start veriblər. Erməni lobbisinin təsiri ilə bütün bunlar baş verir. Çünki düşmənlərimiz qəbul ediləcək qətnaməyə mane olmaq istəyirlər. Azərbaycan müstəqil dövlətdir. Buna uyğun da siyasətini aparır. Kim əfvə düşəcəksə düşür.Hər halda, bu çağırışlar xoşagələn deyil. Sadəcə, çox təəccüb və təəssüf doğurur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA