Partiya sədrindən şok ittihamlar: "Prezidentdən xahiş edirəm ki..."

img

17-12-2015 [17:14]



«Əli Kərimlinin mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsinin təşkilatçısı olması ilə bağlı iddialar əsasında aparılan istintaqdan hələ də məlumat yoxdur».

Bunu mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı cinayət işi qaldırılıb, 110 nəfər adam dindirilib, amma ortada hər hansı bir nəticə yoxdur: «Dindirilən adamların demək olar ki, hamısı bildirib ki, Elçibəyin zəhərlənməsi Əli Kərimlinin evində baş verib. Təbii ki, qeyd etdiyim kimi, həmin zəhər müddətli olub və onun xəstəliyinin dərinləşərək ölümə səbəb olmasına gətirib çıxarıb. Çox təəssüf ki, bizim hakimiyyət daxilində ölkə başçısına xəyanət edən adamlar Əli Kərimlinin həbsinə imkan vermədilər. Bakı şəhər prokurorluğundan mənə dedilər ki, Əli Kərimlinin cinayəti tam sübuta yetirilib, lakin hakimiyyətin daxilindəki müəyyən adamlar imkan vermirlər ki, həbs edək. İndi sual ortaya çıxır ki, niyə? Bu gün Azərbaycanın başına gələn problemlərin başında dayanan insanlar Əli Kərimlini çox böyük ustalıqla müdafiə edirlər. İki dəfə deputat elədilər, Bakıda müəyyən şərait yaratdılar. Prezidentin əleyhinə olan informasiya ilə təmin edirlər. Görürsünüz də, indi də Əli Kərimli və onun dəstəsində olan Cəmil Həsənli Amerikadan Azərbaycana sanksiyaların qoyulmasına çalışırlar. İndi sual olunur ay filan məmur, sən İlham Əliyevdən nə istəyirsən? Axırda elə edəcəksiniz ki, Müasir Müsavat Partiyasının ordusunu aparatın qabağına yığıb aksiya keçirəcəyik ki, prezidentdə əl çəkəsən. Nə qədər ki, həmin məmur öz yerindən tərpənməyib, Azərbaycandakı vəziyyət bundan da pis olacaq».

Partiya sədri onu da deyib ki, hazırda Əli Kərimlinin vasitəsi ilə Azərbaycanda dövlət çevrilişi etmək istəyirlər. Onun sözlərinə görə, artıq buna qismən nail olublar: «Görürsünüz ki, Avropadan, ABŞ-dan Azərbaycana ciddi basqılar var. Həmin narazılıqları və təzyiqlərə yaradanlar hakimiyyətin daxilindəki bəzi məmurlardır. Cənab prezidentdən xahiş edirəm ki, baş prokurordan soruşsun ki, istintaq getdi, 110 nəfər dindirildi, nəticə nə oldu. Bakı Şəhər Prokurundan soruşsun ki, sənə təzyiq göstərən məmur kimdi?. Qoy, mənə dediklərini prezidentə də desinlər».

H.Hacıyev onu da nəzərə çatdırıb ki, bu gün ölkədə kütləvi narazılıq yaratmağa çalışan qüvvələr var. «Həmin adamların əsas məqsədi odur ki, cmaatı prezidentdən narazı salsınlar. Ona görə də hesab edirəm ki, Azərbaycanda Əli Kərimlinin vasitəsi ilə qurulan tələni zərərsizləşdirmək lazımdır. Bunun üçün də ilk növbədə Əli Kərimliyə cinayət işi açılması və həbs olunmalıdır. Qardaşım İlham Əliyevə bir daha xatırladıram ki, ətrafındakı bəzi şəxslərin xəyanətinə göz yummaq olmaz. Şəxsən mən bütün qüvvəmlə onlara qarşı vuruşacağam», - deyə partiya sədri fikrini tamamlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA