“QHT Şurası bu il 360 min qənaət edib” - Azay Quliyev

img

26-11-2015 [12:24]


"QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda şura və katibliyin saxlanılması xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur”.

Bunu QHT-lərin Ümumrespublika Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb və 1 milyon 927 min 788 manat növbəti illərdə istifadə olunması üçün şuranın hesabında saxlanılıb.

Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fikrini öyrənmək vacibdir deyən Şura sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum bu məqsədlə Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən QHT nümayəndələrini tədbirə dəvət edib:

"Hər il biz Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq, ictimai dinləmələr keçiririk. Məqsəd növbəti illərdə hansı mövzuların prioritet elan edilməsi və həmin mövzular istiqamətində QHT-lərin layihələrinin maliyyələşdirilməsidir. Bu, şəffaflıq və aşkarlıq baxımından çox önəmlidir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fikrini öyrənmək vacibdir. Azərbaycanın bütün bölgələrindən Foruma QHT nümayəndələri dəvət olunub. Forumda ilk növbədə 2016-cı ilin maliyyə müsabiqəsi üzrə mövzuların müzakirəsi aparılacaq”.

A. Quliyev eyni zamanda bildirib ki, 2015-ci ildə də Şura xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması üçün müraciət etməyib: "2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədi ilə ayrılan vəsaitə qənaət edilib və 1 milyon 927 min 788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb. Buna görə də 2016-cı ildə də Şura xarici QHT-lərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmasın istəməyəcək və dövlət büdcəsində bu məqsədlə vəsait ayrılmayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA