Partiya sədrindən tələb: "Kreditini ödəyə bilməyən insanların borcu bağışlanmalıdır"

img

25-11-2015 [15:39]


"Bank sektorunda səriştəsiz insanlar çalışır”. 

Bu sözləri kredit borcuna görə vətəndaşların intihar etməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pia.az-a açıqlaması bildirib.

Qeyd edək ki, uzun illərdir Azərbaycanda formalaşan yüksək faizli kredit vətəndaşların probleminə çevrilib. Bununla bağlı intihar halları da artıq baş verməkdədir. Son olaraq "Muğanbank”ın qarşısında vətəndaşın özünü yandırmasını misal göstərmək olar. Bu cür xoşagəlməz halların yaşanmaması üçün yüksək kredit faizlərinin aşağı salınmamasının səbəbi nədir?

Bu mövzu ilə bağlı fikirlərini Hafiz Hacıyev PİA.AZ-ın əməkdaşı ilə bölüşüb. Yüksək kredit faizlərinin aşağı salınacağına inanmayan Hafiz Hacıyevə görə, bankların oliqarxlara aid olması mövcud durumun düzələcəyinə zəmin yaratmır:

"Bəzi banklar oliqarxlarındır. Ona görə də onlar Azərbaycan ictimaiyyətinin əhval-ruhiyyəsini, durumunu nəzərə almadan öz mənfəətləri üçün işləyirlər. Bilirlər ki, onların toxunulmazlıq statusu var.Əgər Beynəlxalq bankda, dövlətin bankında maxinasiya olması, oliqarxların qoşa-qoşa villalarının tikilməsi, hökümətinin qanunlarına qarşı saymamazlıq etmələri bu cür durumların yaranmasına səbəb olur. Muğanbankda vətəndaşın özünü yandırması ağır siqnaldır. Ölkədə 2,5 milyon nəfər bankdan kredit alıb.

Düşünürəm ki, ciddi tədbirlər görülməsə ölkədə xoşagəlməz hallar yaşanacaq. Bu məsələdə Milli bank qəti sözünü deməlidir, amma demir. Çünki ölkədə sabitliyin olması onların marağında deyil. Onlar həmişə çalışırlar ki, ölkədə gərginlik olsun və dövlətin mal-mülkünü talan etsinlər. Onlar üçün Azərbaycan vətəndaşı yox, öz yaxınları, xaricdə saxladıqları xanımları əhəmiyyət kəsb edir. Son zamanlarda baş verən "MTN işi” də buna bariz nümunədir. Ona görə də qanunları hərəkətə gətirmək lazımdır. Bu gün ölkədə iyrənc bir ideoloji təbliğat gedir. Elə düşünürlər ki, hər şeyi prezident etməlidir. Bəs prezidentin ətrafında müəyyən təsirə malik olan məmurlar yoxdurmu? Bu gün ölkədə ideoloji müharibə gedir.

Banklarda faizlərin yüksək olması düzələn məsələ deyil. Ona görə ki, bank sektorunda səriştəsiz insanlar çalışır. Hesab edirəm ki, bank sektorunda islahatlar getməlidir və bu sahəni bilən insanlar çalışmalıdır. Əsas şərt isə prezidentə sadiqliq olmalıdır. Sadiq adamlar istənilən vəziyyətdə xalqın yanında olur. Düşünürəm ki, bank kreditini ödəyə bilməyən insanların borcu bağışlanmalıdır. Nəticədə onlar ehtiyac ucbatından gündəlik tələbatı ödəmək üçün kredit götürüblər. Biz Azərbaycan oliqarxlarının harda nə qədər milyardlarını gizlətməsi və həmin məmurların ermənilərlə hansı əlaqələrinin olması ilə bağlı siyahı hazırlayırıq. Yaxın zamanlarda brifinq keçirib, bu siyahını ölkə ictimaiyyətinə təqdim edəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA