«Dövlət çevrilişinə cəhd edənlər hələ də hakim komandadadırlar»

img

10-11-2015 [16:45]




Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Mia.az-a müsahibə verib. Partiya sədri MTN-dəki həbslər və bu proseslərin fonunda cərəyan edən hadisələri şərh edib. 

- Təxminən 7-8 ay bundan öncə də bizim bu barədə söhbətimiz oldu. Xatırlayırsınızsa, mən o zaman da bu hadisələrin baş verəcəyini proqnozlaşdırırdım. Qeyd etmişdim ki, ölkədə ciddi qruplaşmalar var ki, ölkə başçısına qarşı fəaliyyətə başlayıblar və Azərbaycanda dövlət çevrilişi etmək istəyirlər. Bir nəfər məndən soruşmadı ki, yoldaş Hacıyev, sən bu məlumatları hardan bilirsən. Burada söhbət təkcə Eldar Mahmudovu zərərsizləşdirməklə iş bitmir. Çünki Eldar Mahmudovun təkbaşına bu prosesi hazırladığını düşünmək sadəlövhlük olardı.

Maraqlı odur ki, Eldar Mahmudova kim göstəriş verib? Bu planı quran əsas fiqur kimdir? Mənə elə gəlir ki, önun üzərinə getmək lazımdır. Hesab edirəm ki, məsələnin kökü lap dərinlərə gedir. Artıq kələfin ucu açılıb, bundan sonra nəzarətdə saxlamaq lazımdır ki, görək hara kimi davam edəcək, kimlərin adı çıxacaq.Məndə belə bir məlumat var ki, bu işlə bağlı aparılan istintaqda müəyyən adamların adları gizlədilir.

- Belə çıxır ki, qeyd etdiyiniz çevriliş planının əsas müəllifi Eldar Mahmudov deyil?

- Bəli. Eldar Mahmudovun qorxaqlığı da var idi, eyni zamanda, belə bir planı cızmaq imkanlarına sahib deyildi. Sadəcə olaraq, ona qorxma-qorxma deyənlər olub. Həmin adamlar bundan əvvəl də, indi də ölkə başçısının iradəsinin əleyhinə fəaliyyət göstərirlər. Bunu Azərbaycanda bilməyən adam yoxdur. Cənab prezidenitin özü də bunu çox gözəl bilir. Ona görə də deyirəm ki, bunun kökünü qazmaq lazımdır. Yəni, bu prosesdə Edar Mahmudov kiçik fiqurdur, onun arxasında böyük fiqurlar var.

- Sizcə, həmin fiqurlar kimlərdir?

- Həmin adamlar prezidentin ətrafındadırlar. Sadəcə, özlərini çox peşəkarlıqla gizlətməyə çalışırlar. Amma bunu demək də bizə problemlər yaradır. Şəxsən mənə mesajlar gəlir ki, niyə sakit durmursan. Ancaq mən yolumdan dönən deyiləm, əziz qardaşım, İlham Əliyevin müdafiəsi üçün bütün xəyanətkar planların üstünü açacağam. O adamlar başa düşmürlər ki, biz prezidenti müdafiə etməklə dövlətçiliyi qorumuş oluruq. Ona görə də mən dəfələrlə bəyan etmişəm və xalqı prezidentin ətrafında birləşməyə çağırmışam.

- Hafiz müəllim, Prezident İlham Əliyev sonuncu çıxışında yenə də məmurlara xəbərdarlıq etdi və «heç kim toxunulmaz deyil» bəyanatını verdi. Necə düşünürsünüz, bu, növbəti cəzalandırmanın olacağının xəbərçisi deyilmi?

- Bəli. Prezident son xəbərdarlığını edib, amma bir məsələ də var ki, artıq ecikir. Bu istiqamətdə daha sərt addımlar atılmalıdır. Elə buna görə də müqavimət göstərməyə çalırılar. Fikir verirsinizmi ki, özlərini radikal adlandıran qüvvələr necə susublar. Ona görə ki, həmin qüvvələr Eldar Mahmudov və ona ideoloji dəstək verənlərin təbeçiliyindədirlər. Yadınızdadırsa, prezident seçkiləri ərəfəsində Cəmil Həsənliyə informasiya vermişdilər, o da gəlib televiziyada canlı yayımda ağzına gələni danışdı. Düzdü, mən orda onun cavabını verdim, ancaq burada başqa məsələ var. Cəmil Həsənliyə həmin məlumatları kim ötürürdü? İlham Əliyev bütün bunları gözəl bilir. Eldar Mahmudov və ona «qorxma-qorxma» deyənlər diqqəti bu məsələdən yayındırmaq üçün ölkədə aranı qarışdırmaq üçün planlar cızırlar. Burada təəccüblü bir şey yoxdur, çünki dövlət çevrilişinə cəhd edənlər hələ də hakim komandadadırlar. Onldar yaxşı bilirlər ki, həbs növbəsi onlara çatır. Ona görə də istəyirlər ki, mitinqlər başlasın, xalq ayağa qalxsın, küçələrə çıxsın, bunların da ömrü uzansın. Bu çox qorxulu məsələdir. Heç olmasa, sizin sayt vasitəsiylə cənab prezidentə çatdırmalıyıq ki, vəziyyət belədir. İndi əl müxalifətini ayağa qaldırmaq üçün onlara pul ötürməyə başlayıblar.

- Bəs, hazırkı situasiyada təklifiniz nədir?

- Bütün bunların qarşısını almaq üçün təcili tədbirlər həyata keçirilməlidir. Düşünürəm ki, Azərbaycan xalqı da ayıq olmalıdır. Əli Əsədov prezidentin köməkçisidir. Mən ona dəfələrlə dedim ki, prezidentlə görüşmək istəyirəm, ciddi problemlər var, amma şərait yaratmadı. Burdan da belə nəticəyə gəlmək olur ki, onun özü də bu və ya digər formada bu prosesin içindədir. Ona görə də burada qətiyyətli olmaq lazımdır. Eldar Mahmudov kimi prezident, kimi baş nazir edəcəkdi, o «spisok» ələ keçməlidir. Kimlərin adı varsa, məşhər ayağına çəkilməlidir. Nə əqədər ki, dərin qatlar üzə çıxmayıb, təhlükə hələ də realdır. 4-5 generalı tutmaqla məsələ həll olunmur. 

Bu baxımdan, cənab prezident qətiyyətli addımlar atmalıdır. Bu gün xalq onun arxasındadır. Əgər kimlərsə, prezidentin arxasında deyilsə, onları da biz gətirəcəyik. Mənə və partiyama nə qədər təzyiqlər olsa da, bir addım belə geri çəkilməcəyik, xəyanətkarlara qarşı sona qədər mübarizə aparacağıq.

Mia.az






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA