Hacı Talehin müavininin həbsinə - Dini komitədən reaksiya

img

06-11-2015 [14:17]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dindarların aksiyasına münasibət bildirib.

"Qafqazinfo"nun məlumatına görə, Səyavuş Heydərov qeyd edib ki, dünən rəsmi qeydiyyatdan keçməmiş, Müsəlman Birliyi Hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımov Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb:

"Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib. Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb. Həmin şəxslərin dini ibadət yerlərində dini ayinlərin icrasına rəhbərliyi həyata keçirmələrinə rəsmi icazələri yoxdur. Lakin dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhdlər göstərilmişdir. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər-çağırışlar etmişlər. Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdirmişlər. Hazırki şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA