“Xarici KİV-lər seçkini izləməyə buraxılmır” iddiası... - Rəsmilər cavab verdi

img

28-10-2015 [11:12]


Bir sıra məşhur beynəlxalq KİV Azərbaycanda 1 noyabr parlament seçkiləri ərəfəsində işləmək üçün akkreditasiya verilməsindən imtina cavabı alıb.

Məlumatlı mənbələrdən "Turan”a daxil olan məlumata görə, imtina cavabı alanlar arasında dünyanın aparıcı KİV və agentlikləri var. 

"Azərbaycan XİN bu məsələ ilə bağlı aydın izahat vermir. Həm də bəzilərinə əvvəlcədən rəsmi şəxslərlə sırf iqtisadi mövzularda müsahibələr razılaşdırılmasına baxmayaraq imtina edilib”, - deyə, məlumatda bildirilir. 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli "Yeni Müsavat”a açıqlamasında bildirib ki, xarici KİV-in akkreditasiyasını MSK yox, Xarici İşlər Nazirliyi həyata keçirir: "Bizdə hansısa xarici KİV təmsilçisinin akkreditasiya olunmadığı barədə dəqiq informasiya yoxdur. Yayılan məlumatda da konkret ad çəkilmir”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, "Kütləvi informasiya vasitələri haqqında” Qanunda yer alan "Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası qaydaları” əsasında xarici KİV nümayəndələrinin akkreditasiyası Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. XİN-də akkreditasiyadan keçən KİV nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydə alınmalıdırlar. Yalnız bundan sonra xarici KİV təmsilçiləri tamamilə sərbəst şəkildə seçki prosesini işıqlandıra bilərlər. 

H.Hacıyev dedi ki, indiyə qədər hansısa xarici KİV-ə akkreditasiya məsələsində problem yaradılmayıb: "Xarici KİV nümayəndələrinin akkreditasiya prosesini asanlaşdırmaq üçün XİN tərəfindən elektron akkreditasiya xidməti də həyata keçirilir. Azərbaycanda keçiriləcək parlament seçkilərini işıqlandırmaq üçün bu günə qədər XİN-ə beynəlxalq media qurumlarından çoxsaylı müraciətlər daxil olub. Bu, beynəlxalq media nümayəndələrinin ölkəmizdə keçiriləcək seçkilərə marağını göstərir. Azərbaycanda artıq daimi əsasda akkreditasiyadan keçmiş xarici media nümayəndələri var ki, onlar Mərkəzi Seçki Komissiyasında qeydiyyata düşməklə seçkiləri işıqlandırmaq niyyətindədirlər. Bundan əlavə, qısamüddətli dövr ərzində akkreditasiyadan keçmək və seçkiləri işıqlandırmaq üçün müraciətlər də daxil olur. Ümumiyyətlə, seçki prosesini işıqlandırmaq üçün müraciət edən xarici KİV nümayəndələri sırasında Türkiyə, Rusiya, Avropa İttifaqı ölkələrinin media qurumları üstünlük təşkil edirlər. Bundan əlavə, ABŞ və İsraildən də müraciətlər var”.

Xatırladaq ki, Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar səsvermə proseduru da artıq açıqlanıb. Noyabrın 1-də saat 7:30-da seçki məntəqələrində səsverməyə hazırlıq işlərinə başlanacaq. Saat 7:50-də məntəqə seçki komissiyalarının sədrləri tərəfindən seçki məntəqələri açıq elan ediləcək və seçki qutuları kilidlənəcək. Məntəqə seçki komissiyalarının sədrləri saat 8:00-da səsvermənin başlanmasını, saat 19:00-da isə səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatdığını elan edəcək. Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və onun nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərin sayı isə 500-ə yaxınlaşır. Seçkiləri izləyəcək yerli müşahidəçilərin sayının 60 min nəfər olduğu MSK-dan bildirilib. Seçkiləri müşahidə edəcək beynəlxalq təşkilatların sayının isə 27 olduğu bildirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA