Şəhid ərini söyən qadın (sonuncu yazı)

img

26-10-2015 [12:49]




Beləliklə, siz mənim barıt qoxusu verən yaradıcılıq emalatxanamda, hər şeyin vəhşi ehtirasla üstümüzə yeridiyi məkandasız. Bunu duymaq olduqca çətindi: xeyirlə şəri, həqiqətlə yalanı qolboyun görmək artıq normaya çevrilib; Hətta bu dar məkanda belə onların öz üzərimizdəki hökmranlığını, həyatımızdakı "əl izlərini” duymaqda çətinlik çəkirik.

Reallıq, xeyiri şərdən, həqiqəti yalandan ayırmaq, bu iki qütb arasındakı sərhəddi müəyyənləşdirmək haqqında uzun-uzadı danışmağa imkan vermir. İndiki məqamda bir az da aciz təsir bağışlamağımız (mənə məşhur Oblomovu xatırladır və) yaddaşıma əqli tənbəlliyin ən ideal obrazı kimi hopur.
O üzdən burada hər şey gözünüzə adi və sakit görünə bilər. Amma öz emalatxanamda əsl vəziyyəti sizə tanıtmaq üçün, inanın, bütün şəxsi maraqlarımdan imtina etmişəm və əlimdəki imkanlarımın hamısını ixtiyarınıza buraxmışam: Özünüzü qonaq kimi aparmadığınıza görə şadam.
Gördüyünüz kimi, indi mən burada yalnız bir cüt ayağımın tuta biləcəyi qədər əraziyə sahibəm; ən böyük vəzifəm ancaq yerimdəcə üç yüz altmış dərəcə fırlanmaqla "çulumu sudan çıxarmaqdı”. Düzdü, həyatıma ciddi təhlükə görünmür: buna səbəb istər intellektual, istərsə də fiziki cəhətdən hərəkət dinamikamın məhdudluğudu. Yəni, Pikasso demişkən, indi "mən axtarmıram, amma tapıram”.
Lakin özümdən fərqli olaraq sizi kifayət qədər ciddi risk zonasında görürəm və baş verə biləcək hər hansı təhlükədən qorunmaq üçün ev sahibi kimi birinci və sonuncu dəfə xəbərdarlıq edirəm: Hindistanda mənşəyi bilinməyən bir göl var. Bu göl havanın ən sakit çağında da bərq vurur, dalğalanır. İnsanlar bu qəribə hadisəyə əyləncə kimi, sonsuz maraqla baxırlar, suyun altında üzən ilanları isə görmürlər…
Beləliklə…

Birinci tablo

Uzun illərin söhbətidi. Kəndimizdə bir Xırman Vəli vardı. Həm qaraqabaq, həm sərt, həm də pinti adamdı. Geyiminə-keciminə, saç-saqqalına fikir verməzdi. Amma ovcuna aldığı arpa-buğdanı bir baxışdan dənəsinəcən sayla deyərdi.
Allah ona iti gözdən savayı, həm də iti ağıl, həm də iti dil vermişdi. Söz dalınca yüyürməzdi. Elə bircə kəlmə ilə kəsdiyinin iliyini vurardı.
Ancaq adam kimi adam idi: Haqqı nahaqqın ayağına verməz, dəvəni uzunqulağın quyruğuna hörükləməzdi.
Bizim ellərdə belə adamlar sevilməz, bizim ellərdə belə adamlar qəribdi. Xırman Vəli də tək idi, təklənmiş idi: hər fürsətdə "vurulacağını” çoxdan gözünün altına almışdı. O üzdən işini etibarlı tutardı (nəfsinə yiyə durardı) ki, bu üzdən kürəyinə xəncər saplamasınlar.
Çünki orda-burda bir-birinin kölgəsini qılınclayanlar hər dəfə "Xırman Vəli”də cur olardılar, birləşib xıla dönərdilər. Məşvərət çağırıb fənd fikirləşər, tələ qurardılar…
Kəndimizdə sonuncu dəfə belə məşvərət rayona yeni katib təyin olunanda qurulmuşdu. Təzə katibin sərt adam olduğunu bilən fürsətgirlər min bir hiylə ilə Xırman Vəlini də tovlayıb katibin ilk iclasına qatmışdılar. Fikirləşmişdilər ki, bu "əbləh” əvvəl-axır bir "quş” buraxacaq. Katib də bəy kimi geyinib-kecinmiş, üzü şümal adamların yanında boynunu buran pinti "qərib”i görən kimi duruxmuşdu:
– Sən kimsən, a kişi?!
– Katib sağ olsun, Xırman Vəliyəm.
Katib, Xırman Vəlinin sözündən eninə-uzununa genəlsə də, özünü içindən boğmuşdu:
– Əkinin-biçinin "razqar” vaxtında sən burda neynirsən?! Qorxmursan ki, xırmanı yağmalayarlar?!
– Katib sağ olsun, narahat olmayın. Oğrubaşılarının hamsı burdadı…
(Bir kəlmə ilə təzə katibi eninə-uzununa genəldən Xırman Vəli elə növbəti kəlməsilə də onu yumağa döndərmişdi. Deyilənə görə, təzə katib Xırman Vəlinin cavabından necə xoflanıb diksinibmişsə, dodağı ortadan paralanıbmış, qanı çənəsinədək süzülübmüş…)

İkinci tablo

Başıaşağı, sakit gəlin idi. Əmimgilin qonşuluğunda olurdu. Üzündə-gözündə yurd salmış müəmmalı təbəssümünün ünvanı bilinməzdi. Baxışlarını ətrafındakılardan gizlətməsi də bir ayrı sirr idi. Onu görəndə ağlıma həmişə qəribə fikirlər gələrdi. Hər şeydən çox, insan cildinə girmiş ruha bənzədərdim o qadını…
Sonuncu dəfə əmimgilə gedəndə də ruh kimi göründü gözümə. Düzü, mən bu qadından asta-asta qorxmağa başlayırdım. (İndi də beləyəm: nəbzini tuta bilmədiyim, tez-tez cildini dəyişən adamlarla rastlaşanda dizlərim tir-tir əsir…)
Nə isə. Bu ruh dediyim qadın növbəti dəfə qarşımdan keçəndən sonra, əmidostum mənə on iki vərəqlik bir dəftər uzatdı: "Qonşunun şeirləridi. Bax gör xoşuna gəlsə, tanış qəzetlərdə dərc elətdir. Savabdı, bala…”
Dəftəri vərəqlədim. Mənasız şeirlərdi! (Bu tələsik iddiamda çılğın gəncliyin özünə boy verməyən yekəxanalığı da vardı, mühafizəkarlığı da, indi anlayıram.) Ancaq əmidostumun xətrinə o dəftəri tez-tələsik bir küncə tolazlamadım. Gözlərimi sətirlərin üstündə yalandan-palandan bir xeyli dolandırdım və səhəri gün şəhərə qayıdanda onu kənddə "yadımdan çıxartdım…”
İndi yenə əmimgilə gedirəm. O qadının yasına. Bu hüzr məni niyə özünə çəkir, "yadımdan çıxartdığım” o dəftərdəki bir bəndlik şeir hardan zühur etdi, hansı günahın sahibiyəm ki, beynimi, ürəyimi canavar kimi ağzına alıb gəmirir, nə bilim! Bildiyim odu ki, bu şeiri o qadın yazmışdı – ruh kimi gəzən qadın:
Bəlkə heç yaşamıram,
elə həmişə acam, ac…
həm bir ömürlük sevgiyə,
həm bir tikə çörəyə möhtac…
Bu amansız sətirlər əmimgilə çatanadək məkanını dəyişmədi, bir də gözüm kəndin girəcəyindəki çeşid-çeşid maşınlara sataşanda qeybə çəkildi.
Heç vaxt bu qədər "xod gedən” maşını bir yerdə "kəllələşən” görməmişdim. Ağlıma gələn ilk fikir bu oldu ki, yəqin ölkənin ən vacib şəxslərindən biri, lap elə prezidentin özü kənddədi. Nə isə…
Bu mənim toz-torpaqlı aran kəndində gördüyüm ən böyük möcüzə idi: "ayaq ustə zorla dayanmış” qamış çəpərlərin arasında fironluq edən, daha da əndazəli, daha da iddialı təsir bağışlayan maşınlar gözümü asanlıqla aldatdı və məni birbaşa hüzür yerinə yola saldı.
Əvvəlcə qapıda boy-boya vermiş polis əməkdaşlarının vəhşi nəzərləri altında xurd-xəşil oldum. Daha sonra yas çadırının böyrünə düzülmüş saysız-hesabsız somavarlara, yemək qazanlarına keşik çəkən çiyni paqonluların zavalına gəldim: elə bildim üstümdən tank keçdi, lavaşa döndüm…
Kürəyimə çırpılan bir cüt əlin anidən bütün əzalarımda gəzdiyini isə sonradan anladım, mağara təpiləndə.
Adam cildindən çıxmışdım: nə bilim hansı küncdəsə boş qalmış yerə əşya kimi qoyuldum…
Bahalı siqaretlərin tüstüsündən beynim lap havalandı. Nətər nəşələndimsə, hara gəldiyimi unutdum: toyda idimmi, vayda idimmi…
Ətrafı görmürdüm. Masaların üstünə düzülmüş mer-meyvə, yemək-içmək adama boy vermirdi. Düzü, ağlıma gələn ilk fikirdən heç tüküm də tərpənmədi: bu qədər yemək-içməyin, mer-meyvənin birçə arağı çatmır, vəssalam…
Molla da sanki "Quran” oxumurdu, ağzı ilə "Hopstop” çalırdı…
Ağlımdan meydana atılıb şıdırğı oynamaq istəyi keçəndə ayıldım. Elə bil sapanda qoyulmuşdum. Daş kimi bayıra atıldım, mağar məni qaytardı, qusdu…
Ancaq necə oldusa, qadınların oturduğu qonşu çadırdan gələn ürəkparçalayan ağıya bircə anlıq, lap bircə anlıq qulaq kəsildim və sonda özümü əmidostumun qucağında gördüm. Zavallı bəlkə öz övladlarını bağrına heç vaxt belə sıxmamışdı; saçlarımı sığallaya-sığallaya ağlayırdı:
– Rəhmətliyin qardaşı yuxarıdakılarla oturub-durur, vəzifə sahibidi. Hay düşən kimi özü gəlməmiş bəlkə 20 rayonun yiyəsi tökülüşdü bura. Bir sürü qoyun-quzu gətiriblər, qənd, düyü də tay-tay. Amma yəqin eşidirdin də, rəhmətliyin bacısı səsi batanadək kirimədi; üzünü-gözünü cırdı; saçlarını topa-topa yoldu, bayılanadək ancaq bircə ağı dedi:
– Acından ölən bacım vay…

Üçüncü tablo

Amma bu dəfə qucağıma atılanda boynuma sarılmadı, çənəmi dişləmədi. Əlindəki tapançanı düz alnımın ortasına dirədi…
Müharibənin qaynar vaxtı idi. Üstümdəki silah balaca oğlumun sevimli oyuncağına çevrilmişdi. Hər axşam yolumu həm də ona görə gözləyirdi…
Səhəri günü cəbhəyə, ezamiyyətə yollananda tapançanı evimin əlçatmaz yerində gizlətdim və saxlanca təhvil verənədək bir də ona əl vurmadım….
Hər dəfə cəbhədə gözlərim köhnə dostlarımı axtarardı…
Hər dəfə cəbhədə ancaq təzə dostlar tapardım…
Mənim cəbhə dostlarım heç vaxt köhnəlməzdi…
İndi də cəbhədəyəm. Ustad fotoqraf Əli Qafarovla. Tabor komandiri bizi tanıyır. Əlini ərklə pəncərədən meydandakı əsgərlərə doğru uzadır: "Gedək onlara çəkmə paylayaq. Məni gözləyirlər.”
Sonuncu əsgərə çəkmə çatmır. "Kombat” gözlərini onun "ağzıayrıq” ayaqqabılarına zilləyib yazıq-yazıq vəziyyətdən çıxmağa çalışır:
– "Voyak”, bu müxbirlər də sizinlə gedəcək. Bax onların yanında söz verirəm, döyüşdən qayıdan kimi sənə bir cüt "amerikanka” məndən hədiyyə…
"Voyak” "Kombatın” sözündən tutub üzünü dərhal mənə doğru çevirir:
– "Korruspontent”, sən "luçşe” icra başçısının yanına get, bizim "zabotalarımızdan” danış…
Razılaşırıq. Amma əvvəlcə "UAZ”-a əyləşib rayon mərkəzinə yollanırıq, "amerikanka” almağa. "Kombat” yolboyu "Voyak”dan danışır: "Qoçaq oğlandı. Ölümdən qorxmur. Həmişə öndədi, uşaqları da arxasınca çəkir. "Rasiyadan” gəlib. Dediyinə görə orda əla şəraiti varmış. Müharibə başlayanda dözməyib. Yoldaşı müəllimədi. İşsiz qalıb… Əşşi, ən yaxşısı başçıya de ki, qoy özü bizim yanımıza gəlsin. Problemlərimizin hamısını danışsam, dastan olacaq…”
Qərargaha çox tez qayıdırıq. Burada ön xətdən gələn gurultu aydın eşidilir. "Kombat” peşəkardı. Vəziyyəti uzaqdan-uzağa, güllə-mərmi səslərindən müəyyənləşdirir. Qanı qaralır. Əsəbi halda yumruğunu masaya döyəcləyir…
Susuruq. Bu sükut bizə müharibənin ən ağır anlarını yaşadır.
"Kombata” bayaqdan aydın olan vəziyyəti az sonra yenidən çatdırırlar: Geri çəkilirik. İtkilərimiz çoxdu. Yaralıları hospitala göndərdik. Şəhidlərimiz burdadı…
"Kombat” masanın üstündəki "amerikanka”ları xurcun kimi çiynindən aşırıb dərhal bayıra atılır. Biz də onun arxasınca düşürük.
Tabutlar sıra ilə düzülüb. Hər tabutun ayağında dayandıqca əsgərlər tabutları açır. Hər şəhidlə vidalaşma bir-neçə saniyə çəkir.
Amma sonuncu şəhid tabutda deyil. Torpaqdadı. Üzünə kəfən çəkilib. Köksündən axan qan kəfənini al rəngə boyayıb…
Bu dəfə "Kombat” şəhidin üzünə baxmır, gözlərini onun kəfən altından boylanan "ağzıayrıq” çəkmələrinə zilləyir və qəfildən ana balasını qucaqlayan kimi onları köksünə sıxır. Sonra…
Sonra ildırım sürətilə o çəkmələri şəhidin ayağından sıyırıb "amerikanka”larla dəyişir:
– "Voyak”, gedəndə sənə çəkmə çatmadı, gələndə də tabut!!!
("Kombatın” bağrından qopan ah bizi ildırım kimi vurur.
Mənə elə gəlir ki, insan belə ağlaya bilməz…
Mənə elə gəlir ki, insan belə ağlamaz…
Mənə elə gəlir ki, ağlayan Allahdı…)

Dördüncü tablo

Ölülərin yaddaşı olmur. Ancaq bu qapalı yaddaş bizə həm də yoxluğun möcüzəli sirlərini açır, həyatın qaranlıq qatlarını tanıdır. Başlanğıcla sonu, cənnətlə cəhənnəmi üz-üzə qoyur və bu zaman öz sirli mətləblərini o qədər səssiz, o qədər sakit anladır ki, bütün bunları başa düşüncə ilk xatırladığımız ancaq Allah olur…
Həmişə aman, ümid, inam yeri kimi baxdığımız Allah, həmişə aman, ümid, inam yeri olmur amma…
Tanrı çox vaxt amansız, ümidsiz, inamsız səhnələrilə tanıdır bizi özümüzə.
Verdiyi ən ali cəhətlərin ayaqlar altında dapdandığını görüncə, bizdən qisas alır – bizdən üz döndərir…
Bu məqamda onun verdiyi şans da qisas üçündü, əzab üçündü. Yəni bəxtimiz gətirmədiyinə görə ölmürük: bəzən bizi danışan, yeriyən meyit kimi yaşadır Allah; bəzən bizi danışan, yeriyən meyit kimi yaşamağa vadar edir Allah…
(Həmin gün başımızı götürüb necə və niyə "qaçdığımızı” xatırlamıram. Amma "qaçdığımız” dəqiqdi. Qaçmışdıqsa, deməli, günahkar özüməm. Çünki Əli Qafarov məni ilk səfərimizdən "koordinator” kimi tanımışdı. Mən onun ən etibarlı "kompası” idim.
Və bu "kompasın” əqrəbləri tez-tez "Voyaka” verdiyim sözə doğru dartınırdı.
Dartına-dartına məni də axırı heç vaxt getmədiyim, getmək istəmədiyim ünvanlardan birinə süpülədi: Rayonun icra başçısının qəbul otağına…)

Beşinci tablo

Bu qədər ölüm-itimin içindən çıxmaq və az qala gəlin gərdəyi kimi bəzədilmiş qəbul otağına girmək çox çətin idi. Müəmmalı Bermud üçbucağının yad tərəfləri arasında vurnuxa-vurnuxa qalmışdım. Özüm ola bilmirdim.
Məni bura "Voyak” gətirmişdi, "Voyak”a verdiyim söz gətirmişdi.
Mən bura "Voyak”ın sözü ilə gəlmişdim.
Məni bura "Voyak”ın ürəyi, "Voyak”ın ayaqları gətirmişdi.
Mən bura "Voyak”ın "ağzıayrıq” çəkmələrilə gəlmişdim…
"Voyak” – indiyədək gördüyüm və özümdə yaşatmaq istədiyim ən mükəmməl əsgər obrazı idi…
Mən onu hər səhər yenidən kəşf edirdim…
Biz hər səhər yenidən tanış olurduq…
Qəbul otağına girəndə növbəti tanışlığımızdan çox az vaxt keçmişdi.
Ehtiramla qarşılandıq. Əvvəlcə gözləmək və yan-yana düzülmüş oturacaqlarda əyləşmək təklif olundu. Sonra çay, kofe…
Eyni ehtiramla minnətdarlığımızı bildirdik.
Köməkçinin sonradan gələn su təklifini isə ikimiz də birdən, amma bu dəfə ədəbsizcəsinə bərəlmiş gözlərimizlə rədd etdik və gəlişimizin məqsədini yenidən xatırlatdıq.
– Başçının qəbulunda da elə şəhid ailəsidi…
Bu, indiki məqamda bizi sakitləşdirə biləcək yeganə cavab idi. Ancaq qəfildən incik halda üzünü yana çevirən köməkçi nədənsə gözümüzə xacəbaşı kimi göründü. Hər ikimiz güldük…
"Voyak” kirimək bilmirdi, şaqqanaq çəkə-çəkə uğunmuşdu.
Elə gülürdü ki, göz yaşları asta-asta ürəyimə damcılayırdı…
(Gülməyin ağlamağa, ağlamağın gülməyə bu qədər yaxın olduğunu mənə indiyədək niyə anlatmamısan, İlahi! Heç olmasa, indi öz həqiqətini tanıt: "Voyak”ı güldürürdünmü, ağladırdınmı!?.)
Mən aciz idim, köməksiz idim. "Voyak”a gücüm çatmırdı. Onu öz mənimdə gizlətmək üçün bağrıma basmışdım. Amma "Voyak” mənə boy vermirdi.
Mən özüm indi "Voyak”ın göz yaşlarında batırdım…
İndi mən özüm yapışmağa saman çöpü axtarırdım…
Biz bir-birimizdə boğulurduq…
Biz bir-birimizdə ölürdük…
Qapı qəfil açılanda keçmiş zamanla indiki zaman arasındakı fərqi artıq itirmişdik. Qəzəbli aslan kimi başçının otağından çıxıb qarşımızda dayanan qadın da indi bizi zorla məzara doğru itələyirdi:
– Ay görbagor, sənə deməmişdimmi bu fahişəxanaya gəlmə! İndi özün burda hırıldıyırsan, bir qapı o tərəfdə də arvadına "göz-qaş” eləyirlər! "Padxod” eləyirlər!!! Öl!!! Görun çartdasın!!!
(O anda yerimdən necə sıçradığımı və əlimi bərk-bərk böyrümə çırpdığımı sonradan xatırladım. Kənardan baxana elə gələrdi ki, özüm özümü döyürəm. Amma elə deyildi. Mən tapançamı axtarırdım. Gülləni kimin alnına sıxacağımı isə bilmirdim. Özümünmü, o qadınınmı, o qadının tanıtdığı həqiqətinmi qatilinə çevriləcəkdim! Allah bilir! Allah həm də onu bilir ki, tapançamı təkcə oğlumdan yox, həm də özümdən gizlədibmişəm…)

Altıncı tablo

Mən hələ də özüm ola bilmirdim…
"Voyak” hələ də gülürdü…
Bu sifətlə bizə torpaq da yiyə durmazdı.
O dünyada da, bu dünyada da yük idik. Heç kimə lazım olmayan artıq bir yük…
Meydanlar, küçələr ev-eşiyindən didərgin düşmüş adamlarla yüklənmişdi…
Bir dərdin içinə bulud-bulud dolmuş adamlarla…
Hər dəfə onların yanından keçdikcə xırdalanırdıq…
Hər dəfə onların yanından keçmək bir az da asan olurdu…
Üst-üstə qalaqlanmış rəngbərəng xalçalar, fərməşlər, xurcunlar gözümüzü növbətə döngədə aldı…
O xalçalar, fərməşlər, xurcunlar da insanlar kimi idi…
O xalçalar, fərməşlər, xurcunlar da insanlar kimi qaçqın düşmüşdülər…
O xalçalar, fərməşlər, xurcunlar qaçqın düşmüş tariximiz idi…
O xalçaların, fərməşlərin, xurcunların arasından qılınc kimi sıyrılan arıq-uzun barmaqları görəndə daha iş-işdən keçmişdi, – geriyə aparan yollar bağlı idi. Bircə addım da atmışdıq ki, o arıq-uzun barmaqlar qəzəblə o xalçalara, fərməşlərə, xurcunlara çırpıldı… Kəfən kimi ağ birçəklərin arasından zühur edən bir cüt qadın gözü ikimizi də caynağına aldı. İkimizi də sonsuzluğadək havalandırdı, sonra peysərimizə yumruq kimi çırpılan sözlərilə bizi təpəsi üstə torpağa tolazladı:
– Bunların hamısı oğraşdı! Belələrinin arvadı olmağa nə var!!!
(Sənə cavab verməyə məndə o kişilik hanı, ay ANA! Mən kişiliyimi də, kişiliyimlə birgə namusumu da Qarabağda itirdim. Ha axtarıram tapa bilmirəm. İtirdiklərimin hansını tapmışam ki…
İndi qarşında ağzıayrıq dayanmışam…
İndi də ayaqlarımda gəzdirdiyim çəkmələr kimi…)

Yeddinci tablo

Mən öz həqiqətlərimin əsiriyəm. Onlar həmişə acı dadıb.
Həqiqəti tanımaq insanın özünü tanıması qədər çətindi. Obrazlı ifadələrim sizi çaşdırmasın. Bu real həyat tablolarını illərdir ürəyimdə gizlətmişəm, ürəyimdə asmışam, ürəyimdə gəzdirmişəm. Bilirəm ağırdı. Heç olmasa bu anlarda məni tək buraxmayın, getməyə tələsməyin; növbəti tabloma da göz gəzdirin…
Baxın, bu tablonun sağ küncündə arxasını sizə çevirmiş o qadın müəllimədi. Əri Qarabağda şəhid olub. Balalarını təkbaşına, zülm-zillətlə böyüdüb. Axşamlar evinə əliboş qayıtmağa qorxub. Axşamlar evinə qayıdanda çantasını şagirdlərinin dəftərlərilə doldurub. Gah qonşularını, gah övladlarını, gah da özünü aldadıb. Düz iyirmi il sərasər namusunu qoruya-qoruya yaşayıb, aldada-aldada, aldana-aldana.
Və günlərin bir günü rayonun maarif müdiri tərəfindən zorla "ərə verilib”. "Uşağa qalıb”. Analıq məzuniyyətinə göndərilib. İndi o ərinin "tapdanmış” namusuna görə üzünü sizdən gizlədir…
Ancaq şəhid ailəsinin yavan çörəyinə göz dikən maarif müdiri doymur, doymaq bilmir, doymaq istəmir. Onun nəfsi onun fantaziyası qədər dərindi, sahilsizdi, sahibsizdi…
İnanmırsınızsa, tablonun sol küncünə baxın! Orada bir üzü qadın, bir üzü kişi kimi təsvir olunmuş obraz görəcəksiniz. O tarix müəllimidi, Arzu Səmədovdu…
Maarif müdiri bu dəfə o zavallını bircə işarəsilə qadına çevirib. Gecə yatağına kişi kimi girən Arzu müəllim səhər yatağından qadın kimi qalxıb…
Arzu müəllimə kimi…
Yəni Arzu Səmədov maarif müdirinin bircə işarəsilə Arzu Səmədova olub. Hələ bu harasıdı. Sonra eynən şəhid ailəsi kimi "uşağa qalıb” və nəhayət, "analıq” məzuniyyətinə göndərilib…
(Maarif müdirinin sahilsiz və sahibsiz fantaziyası önündə öz gücsüzlüyümü boynuma alıram, gülürəm.
Mənə belə gülməyi "Voyak” öyrədib.
Mən indi "Voyak” kimi gülürəm…)

Sonuncu tablo

Hər alınan kənd hər erməni dığasının ürəyimin başında söndürdüyü bir siqaretdi…
Ürəyim şam qozası kimi qabıq verib, çadar-çadardı, qarğaların dimdiyində…
Mən ölürəm, ANA!
Nə olsun ki, o qarğalar hələ məndən sonra iki yüz il də yaşayacaqlar…
Mən ölürəm, ANA!
Nə olsun ki, mənə bu müsibəti yaşadanlar hələ bundan sonra da iki yüz il hərəmxana xacələri kimi eyş-işrət məclisləri quracaqlar, məzarımın üstündə…
Mən ölürəm, ANA!
Nə olsun ki, dövlət maraqları baxımından bu, qətiyyən mümkün deyil…

İbrahim RÜSTƏMLİ

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq