“Ziya Məmmədov artıq etimadı itirib, vəzifədən getməlidir” - Fəzail Ağamalı

img

16-10-2015 [15:17]


Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla bağlı kəskin açıqlama verib. F.Ağamalı "Qafqazinfo”ya müsahibəsində Ziya Məmmədovun ölkə rəhbərliyi yanında etimadı itirdiyini qeyd edib. "Siz Ziya Məmmədovun vəzifədən azad edilməsinin tərəfdarısınızmı” sualına cavabında deputat belə deyib:

"Əgər bu sualı Ziya Məmmədovun çətin olmayan vaxtında versəydiniz, cavab verərdim. İndi isə Ziya Məmmədov çətin durumdadır. Görünən budur ki, artıq Ziya Məmmədov etimadı itirib. Etimadı itiribsə, vəzifədən getməlidir. Mənim tərəfdar olub-olmamağımdan asılı olmayaraq, bu məsələni həll edən ölkə prezidentidir. Burada siyasətçilərin və vətəndaşların məsələyə reaksiya verməsi həlledici deyil. Mənə elə gəlir ki, sizin sualınıza konkret cavab verə bilməyəcəm”.

F.Ağamalının sözlərinə görə, vaxtilə onun Ziya Məmmədovla şəxsi əlaqələri olub.

"Vaxtilə mən nazirlikdə işləyəndə müxtəlif toplantılarda görüşüb salamlaşmışıq. Onunla mənim məsafəli münasibətim olub” deyən F.Ağamalı bildirib ki, son günlər nazir barəsində yazılanlardan sonra onunla ünsiyyət qurmayıb:

"Bir daha təkrar edirəm ki, onunla görüşlərim ancaq rəsmi tədbirlərdə baş tutub. Onunla son dəfə hansı tədbirdə rastlaşmağım yadıma gəlmir. Ümumiyyətlə isə mənim ölkənin icra strukturları, nazirləri ilə ölçülü-biçili münasibətim var. Mən münasibətlərin bu cür saxlanılmasına üstünlük verirəm və bu mənim seçimimdir”.

F.Ağamalının sözlərinə görə, Ziya Məmmədov vəzifədən gedəndən sonra yeni gələn nazir əvvəlkinin "atasına rəhmət oxutdurmamalıdır”:

"Əlbəttə, bu baş verməməlidir. Bunu həyat təcrübəsi, proseslərin özü də dəfələrlə sübut edib. Ölkə prezidentinin də dediyi kimi, təkcə fərdlərin dəyişilməsi ilə deyil, idarəçilik sistemində elə dəyişikliklər aparılmalıdır ki, onun yerinə gələn hətta istəsə belə, rüşvətxorluğu, korrupsiyanı davam etdirə bilməsin. Bu baxımdan düşünürəm ki, Nəqliyyat Nazirliyində aparılan bu islahatlar, bu quruma indiki durumda ölkə prezidentinin münasibəti məhz baş vermiş olan xoşagəlməz halların birdəfəlik aradan qaldırılmasına xidmət edir. Təbii ki, biz bunun konkret nəticələrini görəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA