MTRŞ-in kəsdiyi barmaqlar

img

06-10-2015 [13:23]


MTRŞ-in özəl telekanallarda yayınlanan bəzi verilişlərin dayandırılması ilə bağlı qərarı gündəmin əsas müzkirə mövzularındandır. 

Bütün məsələlərdə olduğu kimi, bəzi verilişlərin qapadılmasına münasibətlər fərqlidir. Amma söhbət dördüncü hakimiyyət sayılan medianın hər hansı bir qolundan gedirsə, o zaman ortaq məxrəc tapmaq lazımdır. Cəmiyyətdə fikirlər müxtəlifdir, əslində, bunun özü müsbət bir şeydir. Çünki hər optimal variant, ən yaxşı çıxış yolu müzakirələr nəticəsində ortaya çıxır. Hamının fikrinə hörmətlə yanaşıram, amma özüm üçün qəbul elədiyim bir mütləq həqiqət var. Mən həqiqi söz və mətbuat azadlığının tərəfdarı olanlardanam. Senzura, nəzarət, təhdid, təzyiq və bu kimi nəsnələrin mediaya bu və ya digər formada şamil edilməsi dördüncü hakimiyyətin təməl daşlarını sarsıdır. 

Yazılı medianın vəziyyəti barədə nəsə demək istəmirəm. Bu barədə düz doqquz il bundan öncə yazmışam və mövqeyim də bəllidir. «Dişsiz Azərbaycan mediası» başlıqlı yazıda çap mediasının hansı vəziyyətdə olduğu real detallarla izah olunub. İndi elektron yazılı media sayılan saytların fəaliyyətini isə qənaətbəxş saymaq olar. Adamın üstündə Allah var, kim nətər istəyir, elə də yazır. Hələlik heç bir problem yoxdur… Yəqin ki, hələlik… 

Mətləbdən uzaqlaşmayım. Telekanallarımzda kifayət qədər problem var. Verilişlərdə bayağılığın olması da danılmazdır. Sözsüz ki, kanallarımız qeyri-peşəkarlıq, kadr çatışmazlığı, maliyyə azlığı və bu kimi problemlərdən xali deyil. Bu nöqsanları əsas gətirərək hansısa tədbirlər görmək təqdir olunmalıdır. Burada həssas məqam ondan ibarətdir ki, yeni başlayan televiziya mövsümündə bir kanalın bir neçə verilişi qəfildən dayandırılır. Əgər MTRŞ-in yürütdüyü siyasət televiziya məkanını qaydaya salmaqdırsa, öncə buna cəhd etmək lazımdır. Amma MTRŞ baltanı kökündən vurmaq yolunu tutdu. İnkar etmək olmaz ki, bağlanan verilişlərdə çatşmazlıqlar olmayıb. Az-çox bu sahədən xəbərim var. Qulu Məhərrəmli Zeynal Məmmədli, Şirməmməd Hüseynov, Cahangir Məmmədli kimi müəllimlərdən öyrəndiklərimə əsaslanaraq deyə bilərəm ki, bağlanan verilişlərdə problemlər olub. Amma bu problemin həlli verilişi tamamilə bağlamaqla olmamalıdır. Nöqsan göstərilməli, səhvi düzəltmək üçün xəbərdarlıq etmək də olardı. Amma birdən-birə verilişlərin bağlanması qərarı vermək məncə, bir qədər ədalətsizlikdir. Əgər bu verilişlər bayağı idisə, cəmiyyətin zövqünü korlayırdısa, o zaman niyə illər gözləyiblər? Niyə qısa zamanda ard-arda şok qərarlar verərək, qeyri-müəyyənlik yaradırlar? Suallar çoxdur... 

Əminəm ki, MTRŞ rəhbərliyinin bu suallara cavabları da var. Amma cavabların hamısının səmimiyyət yükünün olacağına inamım azdır. Özəl kanalların baş üzərində gəzən bu qara buluddan gözüm su içmir. Çünki bu niyyətin arxasında yalnız efir məkanının "təmizlənməsi" niyyəti görünmür. Tamaşaçı üçün gərəkli verilişlərin hazırlanmasına ehtiyac var və bu yöndə MTRŞ-ya dəstək vermək lazımdır. Amma səlahiyyət sahibi olan qurum elə qərarlar qəbul eləməlidir ki, həm müstəqil televiziyaların yayım siyasətinə ziyan vurmasın, həm də səlahiyyət sahibi olan həmin qurumun ədalət tərəzisinə şübhə yaranmasın. 

Söz yox ki, MTRŞ qanunlara, qəbul edilmiş qaydalara əsaslanaraq, qərarlar verir. «Şəriətin kəsdiyi barmaq acımaz» deyiblər. Amma MTRŞ-nın kəsdiyi barmaqlardan qan axır…


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq