24-07-2015 [15:39]
Elman Nəsirov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi siyasi elmlər doktoru, professor
Qloballaşan dünyanın tərkib hissəsi olan, həm də onun nüfuzlu aktorlarının kəsişən və toqquşan maraqlarının ünvanlandığı coğrafiyada yerləşən Azərbaycan Respublikasında müasir dovrümüzün mürəkkəb geosiyasi və geoiqtisadi proseslərindən baş çıxarmaq, milli, regional və beynəlxalq səviyyələrdə strateji hədəfləri müəyyən etmək, ölkənin milli təhlükəsizliyini daxili və xarici təhdidlərdən qorumaq və dinamik inkişaf strategiyasını həyata keçirmək üçün kreativ ideyaların hasil olunduğu dərin elmi-analitik tədqiqatların aparılması informasiya əsri olan XXI yüzilliyin tələbinə çevrilmişdir.
Bu reallıqlar kontekstində 2014-cü ilin iyul ayının sonu, avqust ayının əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik cəlb olunduğumuz münaqişənin real vəziyyəti və həlli perspektivləri ilə bağlı dərin elmi-analitik təhlillərin aparılmasını, bu prosesdə geosiyasi və geoiqtisadi vəziyyətin, beynəlxalq konyukturanın və dünyada güc balansının köklü olaraq nəzərə alınmasını, atılması mümkün olan diplomatik və hərbi-siyasi addımların risk və faydalılıq əmsalının dəqiq hesablanmasını, xüsusilə informasiya təhlükəsizliyi sahəsində mövcud durumun əlahiddə olaraq qiymətləndirilməsini zəruri etmişdir.
Bu, bir həqiqətdir ki, müasir münaqişə və müharibələrdə ilkin zəfər meydanı kimi "hərbi cəbhə” deyil, "informasiya cəbhəsi” çıxış edir. İkincidə qalib gələn, elə birincidə də "zəfər çələngi”nı boynuna taxır. Bu, artıq müasir dünyamızın təkzibedilməz aksiomuna çevrilmişdir. Bu baxımdan Almaniya politoloji fikrinin daşıyıcılarının aşağıdakı mühakiməsi kifayət qədər məntiqli və ibrətamizdir: "Vacib informasiyaya malik olmaq hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı qeyri-vacib informasiyadan ayırmağı bacarmaq ikiqat hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və ya yaymamaq qabiliyyəti isə üçqat hakimiyyətə malik olmaq deməkdir.” Deməli, istənilən situasiyanın, xüsusilə də hərbi münaqişə vəziyyətinin qalibi statusuna yüksəlmək üçün informasiya məkanında son dərəcə tədbirli, çevik, ağıllı, məsuliiyyətli və peşəkar olmaq lazımdır. Bu reallığa məhəl qoymayan tərəfin üzləşdiyi situasiyanın məğlubu statusuna enişi qaçılmaz olur. Bu məsələlər Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasınından irəli gələn vəzifələr kontekstində xüsusi aktuallıq və əhəmiyyət kəsb edir.
Sadalanan həqiqətlər kontekstində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, görkəmli dövlət xadimi, tarix elmləri doktoru, professor Əli Həsənovun dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi və sistemli analiz qabiliyyətinin məhsulu olan "Azərbaycanın geosiyasəti” adlı fundamental tədqiqat əsəri tarixi keçmişi nəzərə almaqla müasir beynəlxalq koordinatlar sistemində baş verən mürəkkəb geosiyasi proseslərin məntiq və dialektikasını anlamaq, bu prosesdə ayrı-ayrı beynəlxalq aktorların davranış tərzini izləmək böyük əhəmiyyət kəsb edir. Müəllif bu dəyərli tədqiqatında Xəzər-Qara dəniz hövzəsi, Mərkəzi Asiya və Cənubi Qafqaz regionuna potensial və real təsir imkanlarını qiymətləndirmək, bu regionda transmilli enerji və nəqliyyat-kommunikasiya sisteminin formalaşması siyasətinin forma və məzmun xarakteristikasını dəyərləndirmək, Azərbaycanın xarici aləmlə geosiyasi, geoiqtisadi və hərbi-təhlükəsizlik sahəsində münasibətlərini şərtləndirən amilləri üzə çıxarmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Cənubi Qafqazın əsas təhlükəsizlik problemi kimi əsaslandırmaq və onun həlli yollarını təhlil etməklə dövlətimizin informasiya təhlükəsizliyinin təminatına mühüm töhfə verir və müasir elmimizdə "geosiyasət” adlanan yeni bir istiqamətin möhkəm bünövrəsini qoyur.
Əsərin "Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları” adlanan I bölməsində 3 fəsil, 11 yarımfəsil çərçivəsində müvafiq olaraq Azərbaycanın geosiyasi inkişaf tarixi, müasir inkişaf siyasəti, onun xarakteristikası, əsas vəzifələri və tələbləri, habelə ölkəmizin müasir geosiyasi statusu ilə bağlı məsələlər elmi araşdırmalar predmetinə çevrilmişdir.
Əsərdə ilk olaraq Azərbaycanın qədim zamanlardan Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti konkret faktlar və arqumentlər əsasında elmi təhlillər süzgəcindən keçirilmişdir. Burada ilk növbədə Azərbaycan ərazisində Manna, Atropatena və Albaniya dövlətlərinin qədim dövrün geosiyasi reallıqları çərçivəsində müəyyən tarixi zamanlarda həm güclü subyektlərə, həm də xarici aləmin təzyiq obyektlərinə çevrilməsi və onun nəticələri ilə bağlı elmi mülahizələr əks olunmuşdur. Daha dəqiq desək, eramızdan əvvəl Azərbaycanın uzun tarixi dövrdə Midiya, Əhəmənilər və Sasani imperiyaları tərkibində qalması, VII əsrdən Ərəb xilafəti altına düşməsi, sonrakı tarixi mərhələlərdə, daha doğrusu, IX-XI əsrlərdə isə bu arealda feodal Sacilər, Salarilər, Rəvvadilər, Şirvanşahlar və Şəddadilər dövlətləri yaranması və onarın geosiyasi davranış xüsusiyyətləri ilə bağlı məsələlərə toxunulmuşdur. Bu dövrün təhlilini aparan müəllifin aşağıdakı elmi nəticələri kifayət qədər əsaslandırılmış, dolğun və ibrətamizdir:
– Azərbaycan uzun müdət ərzində yadelli işğalçıların hökmranlığı altında yaşamağa məcbur edilsə də, xalq öz milli inkişafını heç zaman dayandırmamışdır. Xalq öz maddi-mənəvi dəyərlərini, dilini, milli varlığını qoruyub saxlamış və inkişaf etdirmişdir.
— Elə bu inkişafın nəticəsində Azərbaycanda Avropadan daha əvvəl-XV əsrin sonlarından etibarən yerli Səfəvilərin mərkəzləşmiş milli dövlət hərəkatı başlanmışdır.
— Mərkəzləşmiş milli dövlət hərəkatının meydana gəlməsi üçün zəruri əlverişli zəmin əvvəlki dövrlərdə-Atabəylər dövləti (XII-XIII əsrlər), Qaraqoyunlu, Ağqoyunlu dövlətləri (XV əsr), Şirvanşahlar dövləti (XV-XVI əsrlər) və s. zamanlarda yaşanan siyasi proseslərin nəticəsi kimi meydana gəlmişdir.
– Səfəvilər dövləti özünün bütün parametrləri (vahid ərazi, kompakt yaşayan əhali (xalq), əhalinin de-fakto idarə olunması, başqa dövlətlər tərəfindən tanınma və s.) ilə mərkəzləşmiş milli dövlət olmuş və Vestfal prosesinin prinsiplərinə cavab vermişdir.
Məlum olduğu kimi, I Şah İsmayılın dövründə (1501-1524-cü illər) Səfəvilər dövləti bütün tarixi Azərbaycan torpaqlarını vahid mərkəz ətrafında birləşdirməyə nail olmuş, habelə vaxtilə müxtəlif imperiyalar tərəfindən zəbt olunmuş digər əraziləri geri qaytarmaq uğrunda qanlı müharibələr aparmışdır. Bu kontekstdə müəllif haqlı olaraq qeyd edir ki, Avropa ölkələri və Rusiya tərəfindən qızışdırılan osmanlı-səfəvi müharibələri hər iki dövləti, xüsusən Səfəviləri tədricən zəiflətmişdir. Əsərdə göstərilir ki, 1590-cı ildə İstanbulda imzalanmış Səfəvi-Osmanlı sülh sazişinə görə, Azərbaycan torpaqları iki hissəyə bölünmüşdür. Azərbaycanın Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və ondan qərbdə yerləşən bütün əraziləri Osmanlı dövlətinə keçmiş, Xalxal, Ərdəbil, Qaradağ, Talış, Zəncan və Sultaniyə torpaqları Səfəvilərdə qalmışdır. Sonrakı tarixi dövrlərdə də sərhəd dəyişikliyinin yaratdığı gərginlik Səfəvi-Osmanlı qarşıdurmasının səngiməsinə imkan verməmiş və əslində, bu iki imperiya arasında müharibə vəziyyəti XVII əsrin birinci yarısınadək davam etmişdir. 1612-ci il Sərab və 1639-cu il Qəsri-Şirin sülhünün şərtlərinə görə, bu iki imperiya arasında müvəqqəti etimad mühiti yaransa da, o, XVIII əsrin əvvəllərində yenidən pozulmuşdur.
Əsərdə həmin dövrün geosiyasi reallıqları, xüsusilə də 1700-1721-ci illərdə Skandinaviya ölkələri ilə Şimal müharibəsindən qalib çıxan Rusiyanın Xəzərsahili ərazilərə iddiaları və onun Osmanlı dövlətinin regional maraqları ilə həm toqquşması, həm də kəsişməsi, habelə bu reallıqlar fonunda Səfəvi dövlətinin daha da zəifləməsi gerçəkliyi kifayət qədər dərin və ətraflı tədqiq olunmuşdur.
Burada müəllif xüsusi olaraq diqqəti Azərbaycan dövlətçiliyi tarixində mühüm iz buraxmış 1724-cü ildə Osmanlı və Rusiya arasında imzalanmış İstanbul və 1735-ci ildə Səfəvilər dövləti ilə Rusiya arsında bağlanmış Gəncə müqavilələrinə cəlb edir. Birinci müqaviləyə görə, Türkiyə Səfəvi şahlarının "Rusiyaya güzəşt etdiyi Xəzərsahili” Şimali Azərbaycan torpaqlarının yeni statusunu təsdiq etdi. Bunun əvəzində isə Rusiya Şirvan istisna olmaqla, Səfəvilərə məxsus digər Qərbi Azərbaycan ərazilərinin və Cənubi Qafqazın bir hissəsinin (Azərbaycanlılar yaşayan Borçalı və digər vilayətlərin, Batumun, Krımın və s. Osmanlı dövləti tərəfindən tutulmasına etiraz etməyəcəyinə təminat verdi.
Uzağa gedən geosiyasi nəticələrə səbəb olacaq həmin hadisələrin dərin analizini aparan müəllif aşağıdakı qənaətini belə ifadə edir:"Rusiya və Osmanlı dövlətləri bir qisim Azərbaycan ərazilərini öz aralarında bölüşmək barədə razılığa gəldilər ki, bu da, bir tərəfdən, Azərbaycanın siyasi coğrafiyasında və geosiyasi xəritəsində yeni dəyişiklik əmələ gətirdi, digər tərəfdənsə, bölgədə tamamilə yeni geosiyasi vəziyət yaratdı". Əsərdə həmin vəziyyətin məzmununu müəllif "Bakı” və "Azərbaycan” ifadələrini öz istilası altında olan Şimali Azərbaycan torpaqlarına aid edərək bu torpaqlara rus əyaləti kimi baxmağa başladılar” cümləsi ilə lakonik şəkildə ifadə edə bilmişdir.
Hadisələrin sonrakı gedişi göstərdi ki, strateji əhəmiyyətli tarixi Azərbaycan torpaqları uğrunda regional güclər olan Rusiya, Türkiyə və İranın mübarizəsi XIX əsrin birinci və ikinci onilliyində yeni və həlledici mərhələyə daxil olmuşdur. Rusiya-İran, Rusiya-Türkiyə və Türkiyə-İran arasında aparılan qanlı müharibələr nəticəsində Qafqazda, o cümlədən Azərbaycanda büsbütün yeni geosiyasi şərait formalaşmışdır. Əsərdə bu dövrün geosiyasi mənzərəsini təsvir və təhlil edən professor Əli Həsənov 1804-1813-cü və 1826-1828-ci illərdəki Rusiya-İran, 1806-1812-ci və 1828-1829-cu illərdəki Rusiya-Türkiyə müharibələri nəticəsində Səfəvi imperiyasının bir yerə topladığı Azərbaycan ərazilərinin 3 yerə bölüşdürüldüyünü, lakin bu reallıq fonunda da belə, Azərbaycanın uzun tarixi dövr ərzində böyük dövlətlərin arasında maraqların toqquşduğu əsas geosiyasi məkan olaraq qaldığını və geosiyasi ədəbiyyatda "Şimali Azərbaycan”, "Cənubi Azərbaycan”, "Qərbi Azərbaycan” və s. ifadələrin yarandığını xüsusi olaraq vurğulayır.
Yuxarıda qeyd edilən dərin geosiyasi proseslərə qiymət verən Əli Həsənov mövcud reallıqlar fonunda Azərbaycanın Cənub, Şimal və Qərb qonşularının inkişaf istiqamətləri və onun səviyyəsi, habelə azərbaycanlıların milli kimliyinin formalaşması gerçəkliyi ilə bağlı olduqca maraqlı və diqqətçəkən mülahizələr irəli sürmüşdür. Müəllif yazır: "Avropa dövlətlərindən mədəni inkişafına görə geri qalsa da, o dövrdə Rusiya imperiyası İrandan və Osmanlıdan daha sürətlə inkişaf edirdi. Odur ki, onun tərkibinə keçən Şimali Azərbaycan və Qərbi Azərbaycanın bir hissəsi rus dili və mədəniyyəti vasitəsilə yavaş-yavaş özünün məxsusi təhsilini, elm və mədəniyyətini inkişaf etdirməyə başladı. Düzdür, çarizm bu "maarifçilik siyasəti”ni öz müstəmləkəçilik fəaliyyəti ilə çətinləşdirərək, nə qədər azərbaycanlılar arasında ruslaşdırma siyasətini həyata keçirsə də, tam fərqli etnik və dini mənsubiyyətə malik azərbaycanlıları imperiya içərisində assimilyasiya etdirə bilmədi...
Cənubi Azərbaycanı öz tərkibində saxlayan İranda və Qərbi Azərbaycanın bir hissəsini özünə birləşdirən Osmanlıda isə Azərbaycan xalqının milli inkişafı ayrıca bir xətt üzrə davam etdirilmədi. İranda bu proses şiə məzhəbli ümumislam, Osmanlı ərazisində dil birliyinə söykənən ümumtürk çərçivəsinə salınaraq dayandırıldı. Bu ölkələrin heç birində azərbaycanlılar üçün məxsusi milli tədris müəssisələri, mətbuat, dini ibadət və mədəniyyət ocaqları yaradılmadı, əksinə, onlara qarşı güclü assimilyasiya siyasəti həyata keçirilməyə başlandı”.
Əsərdə çarizmin yuxarıda qeyd edilən müsbət cəhətləri ilə yanaşı, azərbaycanlılar üçün yaratdığı ciddi siyasi problemlərlə də bağlı analizlər aparılmışdır. Müəllif haqlı olaraq qeyd edir ki, işğal etdiyi əraziləri imperiya ilə daha sıx bağlamaq üçün Cənubi Qafqazın "daha etibarlı ünsürləri” ilə Azərbaycanın demoqrafik vəziyyətini dəyişməyə başladı. Regiona ruslar, almanlar, polyaklar, xüsusən, ermənilər köçürülməyə başlandı. Bu məsələyə toxunan müəllif qeyd edir ki, ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi regiona özü ilə bərabər çoxlu, o cümlədən gələcəkdə baş verə biləcək geosiyasi dəyişikliklərə zəmin yaradan problemlər də gətirdi.
Yuxarıda haqqında bəhs olunan konkret tədqiqat predmeti ilə bağlı araşdırmalarının yekunu olaraq müəllifin gəldiyi nəticə böyük siyasi çəkiyə, aktuallığa malikdir və olduqca ibrətamizdir: "İşğalçı müharibələr nəticəsində həyata keçirilən bölüşdürülmə və ermənilərin yerləşdirilməsi XIX əsrdə Azərbaycanın geosiyasi vəziyyətində baş verən ən ciddi mənfi dəyişiklik olub, bütün Azərbaycan xalqının taleyinə və gələcək dövlətinin ərazi quruluşuna təsir edən amil oldu. Çarizmin regionda həyata keçirdiyi "parçala və hökm sür” siyasəti sonralar bütün Cənubi Qafqaz regionunda qan və müharibələr ilə müşayiət olunan əsaslı geosiyasi dəyişikliklər üçün şərait yaratdı”.
Bu, bir həqiqətdir ki, I Dünya müharibəsinin başlanması ilə Qara və Xəzər dənizləri, Cənubi Qafqaz və Anadolu torpaqları uğrunda mübarizənin yeni mərhələsi başlanmış oldu. Əli müəllim haqlı olaraq qeyd edir ki, Türkiyə istisna olmaqla, I Dünya müharibəsində iştirak edən tərəfləri, əlbəttə, yerli azərbaycanlıların taleyi deyil, daha çox Bakı və onun nefti maraqlandırırdı. Odur ki, indiyədək Yaxın və Orta Şərqdə — Mosul nefti uğrunda müharibədə iştirak edən tərəflər arasında geostrateji döyüşlərə 1918-ci ilin ortalarından etibarən zəngin neft yataqları olan Bakı və Cənubi Qafqazın digər müvafiq əraziləri (məsələn, Bakı-Batum dəmir yolunun keçdiyi rayonlar və s.) uğrunda amansız döyüşlər əlavə edildi. Müəllif bu döyüşləri şərtləndirən amillərə diqqəti cəlb edərək qeyd edir ki, bunlar ilk növbədə Bakının geosiyasi mövqeyi ilə bağlı idi. Başqa sözlə, Bakıya sahib olan ölkə Xəzər üzərində nəzarəti əldə edirdi. İkincisi, Xəzər üzərində nəzarəti həyata keçirən ölkə isə həm Cənubi Qafqaz, Orta Asiya, həm də Türküstana gedən yollara açılmış olurdu. Bir sözlə, bütün bu amillərin məcmusu müharibənin gedişində Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranmasına gətirib çıxardı.
Tədqiqat işində həmin tarixi şəraitdə Cənubi Qafqazda geosiyasi vəziyyəti müəyyən edən əsas dövlətlərə toxunan müəllif, ilk növbədə, Osmanlı, Almaniya, Avstriya-Macarıstan və düşdüyü ağır vəziyyətdə çarəsiz qalaraq qeyd edilən dövlətlərlə könülsüz razılaşan bolşevik Rusiyasına diqqəti cəlb edir.
Bu reallıqlar fonunda Cənubi Qafqaz dövlətlərinin demokratik federativ respublikada birləşmək siyasəti onu regionda formalaşmış olduqca mürəkkəb proseslərin qalibi statusuna yüksəldə bilmədi. Cənubi Qafqaz anarxiya, xaos və millətlərarası qarşıdurma məngənəsində sıxılırdı. Bu vəziyyətdə Transqafqaz seyminin buraxılması və regionda yeni müstəqil dövlətlərin yaranması tarixi zərurətə çevrilmişdi. Əli müəllim bu tarixi zərurətin mahiyyət və məzmununu, onun reallaşdırılması müxanizmlərini fundamental əsərində olduqca dolgun şəkildə ifadə edə bilmişdir. Burada ilk növbədə, yuxarıda qeyd olunan məlum siyasi proseslərin məntiqi nəticəsi olaraq Azərbaycanın müstəqilliyinin elan edilməsi və onun Cənubi Qafqazın geosiyasi vəziyyətinə təsiri ilə bağlı məsələlər elmi təhlillər müstəvisinə çıxarılmışdır.
Apardığı dərin analitik təhlillərə istinad edərək müəllif bu dövrün unikal dövlətçilik tariximiz ilə bağlı bir sıra mühüm elmi və siyasi nəticələrini irəli sürmüşdür:
– Azərbaycanın şimalı XIX əsrdə Rusiya tərəfindən xanlıqlar formasında işğal edilmişdirsə, azərbaycanlılar isə şirvanlı, gəncəli, bakılı, lənkəranlı, naxçıvanlı və başqa adlar altında bu ölkəyə birləşdirilmişdirsə, 1918-ci ildə Azərbaycan vahid bir dövlət, azərbaycanlılar isə vahid bir xalq kimi imperiyanın tərkibindən ayrıldı.
– Azərbaycan xalqının uzun illər pozulmuş vahid dövlətçilik ənənələrinin bərpa edilməsi ilə Cənubi Qafqazda yeni geosiyasi vəziyyət formalaşdı.
– Azərbaycan təkcə Qafqaza deyil, bütün Yaxın və Orta Şərq regionuna təsir edən ciddi bir faktora çevrildi.
– Azərbaycan Cümhuriyyəti bütün müsəlman xalqlarına müstəmləkə zülmündən azad olmanın, müstəqil dövlət yaranmasının nümunəsini göstərdi.
– Müstəqil dövlətin yaradılması üçün əlverişlı beynəlxalq şərait mövcud idi. Osmanlı imperatorluğunun yardımları dövlətin yaradılması üçün mühüm xarici faktor rolunu oynadı.
– Nəhayət, müstəqil dövlətin yaradılması obyektiv tarixi proseslərin və Azərbaycan xalqının uzun illər boyu apardığı istiqlal mübarizəsinin konkret nəticəsi idi.
Kitabda hörmətli Əli müəllim Ararat respublikalarından bəhs edərkən haqlı olaraq qeyd edir ki, Cənubi Qafqazda heç zaman Ermənistan adlı inzibati-siyasi vahid olmamışdır. Müəllif fikrini davam etdirərək xüsusi vurğulayır ki, Ermənistan adlı dövlət ilk dəfə olaraq məhz qədim İrəvan şəhəri mərkəz seçilməklə Azərbaycan torpaqlarında yaradılmışdır.Yaradılarkən Ermənistan ərazisi təxminən 9 min kvadratmetr elan edilmişdi. Yeni yaradılmış dövlətin hətta paytaxtı yox idi. Ermənilər bu zaman İrəvana iddia etmirdilər. Onlar dövlət yaratmaq üçün indiki Türkiyənin bəzi vilayətlərini və paytaxt olaraq Gümrünü istəyirdilər. Həmin torpaqlar və Gümrü o zaman türk ordusunun nəzarəti altında idi. Əsərdə Azərbaycan Milli Şurasının paytaxt olaraq İrəvanı Ermənistana güzəşt etməsinin səbəblərinə də aydınlıq gətirilmişdir. Müəllifin bu məsələ ilə bağlı kifayət qədər əsaslandırılmış arqumentləri belədir:
– Birincisi, Milli Şura İrəvanı Ermənistana verməklə erməni və Azərbaycan xalqları arasında milli sülhün yaranacağına, ermənilərin ondan sonra guya ərazi iddiaları irəli sürməyəcəyinə ümid edirdi.
– İkincisi, ermənilər artıq İrəvanı işğal etmişdilər və onun azad edilməsi qanlı müharibə vasitəsilə mümkün idi.
– Üçüncüsü, bu məsələdə xarici amilin də rolu danılmaz idi. Türklər də həmin vaxtda bütün dünyada antitürk fəaliyyət sərgiləyən və Anadolunun bir çox strateji məntəqələrini tələb edən erməniləri sakitləşdirmək, bu ərazilərdə sabitlik yaradılmasını təmin etmək, müttəfiqlərin ermənilərlə bağlı ərazi və digər təzminat tələblərini önləmək məqsədilə Azərbaycan hökumətinə İrəvanı ermənilərə güzəştə getməyi tövsiyə edirdilər.
Heç şübhəsiz, Türkiyə bu addımın atılmasının vacibliyini Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına ciddi təhlükələrin olması ilə əsaslandırdı.
Əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına dünyanın böyük dövlətlərinin birmənalı olmayan münasibəti ilə bağlı məsələlər də xüsusi tədqiqat predmeti olaraq araşdırılmış, bu məsələdə hər bir dövlətin tutduğu mövqeyi şərtləndirən amillər, bu prosesdə səbəb-nəticə əlaqəsi kifayət qədər dolğun və əsaslandırılmış təqdim olunmuşdur. Məsələn, əsərdə qeyd olunur ki, bolşevik Rusiyası sona qədər Azərbaycanın müstəqilliyini tanımadı. Bolşevik hökuməti Bakı neftinin digər bir ölkənin əlinə keçməsinə imkan vermək istəmirdi. Məlum reallıqlar fonunda Osmanlı imperatorluğunun mövqeləri regionda möhkəmlənirdi. Osmanlı regionda çoxluq təşkil edən türk-müsəlman əhaliyə arxalanırdı. Almaniya regionda müəyyən rol oynamaq istəyirdi. Onun siyasətində arxalandığı qüvvə çarizm tərəfindən müxtəlif dövrlərdə bu yerlərə yerləşdirilən alman koloniyaları və gürcülər idi. Almaniyanın Azərbaycanda neft və digər təbii sərvətlərə yiyələnmək maraqları da var idi. Müəllifin elmi qənaətinə görə, Antanta ölkələri regionun nə Osmanlının təsiri altına düşməsini, nə də Sovet Rusiyasının nəzarətində qalmasını istəyirdilər. İngilislər Bakı neftinə sahib olmağa, Xəzər üzərində nəzarəti ələ keçirməyə və Orta Asiyaya gedən yollara yiyələnməyə, Şimali Qafqazda gedən antisovet hərəkatını gücləndirməklə Rusiyada devrilmiş rejimi bərpa etməyə çalışırdılar.
Əsərdə regionda formalaşmış belə olduqca mürəkkəb geosiyasi amillər və proseslər kontekstində Azərbaycan Xalq Cümhuriyyətinin geosiyasi fəaliyyəti, habelə xarici dövlətlərin Cənubi Qafqaz siyasətinin forma-məzmun xüsusiyyətləri, xarakteri və reallaşdırılması mexanizmləri araşdırılmış, böyük elmi və siyasi əhəmiyyəti olan elmi qənaətlər və nəticələr irəli sürülmüşdür. Azərbaycan Xalq Cümhuriyyətin beynəlxalq legitimlik əldə etmək istiqamətində atdığı israrlı və məqsədyönlü addımlar, bu istiqamətdə ayrı-ayrı böyük dövlətlərin kəsişən və toqquşan mənafeləri, xüsusən bolşevik Rusiyasının hər vəchlə zəngin Bakı neftinə sahib olmaq niyyəti və bu məqsədlə Azərbaycana qarşı ardıcıl təzyiqlər göstərməsi nəticəsində formalaşmış olduqca mürəkkəb geosiyasi vəziyyətlə bağlı məsələlər dürüst və obyektiv təhlillər predmetinə çevrilmişdir.
Əsərdə Sovet Rusiyasının işğal siyasətinin nəticəsi olaraq Azərbaycanın dövlət müstəqilliyinə son qoyulması prosesinin geosiyasi nəticələrinin şərhini verən professor Əli Həsənov qeyd edir ki, bu, həm də Azərbaycan və Cənubi Qafqazın yeni geostrateji vəziyyətinin başlanğıcı idi. Artıq Rusiya və İran arasında bufer dövləti rolunu oynayan müstəqil Azərbaycan dövləti mövcud deyildi və həmin ölkələrlə sərhədlərə Rusiya bilavasitə nəzarət etmək imkanı qazandı.
Fikrini davam etdirərək, müəllif haqlı olaraq qeyd edir ki, artıq İran və Türkiyə zəif və kiçik Azərbaycan, Gürcüstan və Ermənistan ilə deyil, agır vəziyyətdə olmasına baxmayaraq, güclənməkdə olan Rusiya ilə qonşuya çevrildilər.Türkiyə bu reallıqlar fonunda Rusiyanın timsalında özünə müttəfiq tapdı. Digər tərəfdən də elə həmin Antantanın və Rusiyanın dəstəyi ilə Türkiyə ərazisində dövlət yaratmaq istəyən "erməni məsələsi”ni həll etdi. Bu isə təkcə Cənubi Qafqazda deyil, o cümlədən Yaxın və Orta Şərqdə, müsəlman dünyasında yeni geosiyasi vəziyyətin yaranmasına ciddi təsir edən faktorlardan biri oldu.
Məlum olduğu kimi, sonrakı 70 illik tarixi dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin yerində yaradılmış Azərbaycan SSR Sovet İttifaqının tərkibində mövcud oldu. Bu dövrə qiymət verən müəllif çox düzgün olaraq vurğulayır ki, Azərbaycan SSRİ-nin tərkibində olsa da, müstəqilliyini yenidən bərpa etmək üçün tarixi məqamı gözlədi və 1991-ci ildə Sovet İttifaqının dağılması ilə həmin şans yaranmış oldu. Bunun nəticəsində dünyada yaranmış yeni geosiyasi şərait Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini gündəmə gətirdi və xalqımız bu imkandan istifadə etdi. Müstəqil Azərbaycan Respublikası özünü Xalq Cümhuriyyətinin varisi elan etdi.
Əsərin "Azərbaycan Respublikasının müasir milli inkişaf siyasəti: xarakteristikası, əsas vəzifələri və tələbləri” başlıqlı II fəslində və "Azərbaycan Respublikasının müasir geosiyasi inkişaf xüsusiyyətləri: geosiyasi statusu, vəzifələri və perspektivləri” adlanan III fəslində müvafiq olaraq ölkəmizin milli inkişaf siyasətinin formalaşması, əsas mərhələləri, xarakterik xüsusiyyətləri, əsas prinsipləri, vəzifələri, tələbləri, habelə müasir geosiyasi fəaliyyət kodeksi və XXI əsrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi vəzifələr və perspektivlərlə bağlı elmi-nəzəri məsələlər tədqiq olunmuşdur.
Əsərdə müəllif ilk növbədə, geosiyasət elmində ən mühüm kateqoriyalardan biri olan Milli İnkişaf Strategiyasını mahiyyətini açır. O, qeyd edir ki, hər bir dövlətin daxili və xarici vəziyyətini, milli maraq dairələrini və onların təminatını, beynəlxalq aləm və region ölkələri ilə münasibətlərinin taktikasını, vəzifələrini, yollarını, vasitələrini və ehtiyatlarını, onu əhatə edən geosiyasi subyektlərin hərəkətlərini və buna müvafiq olaraq geosiyasi davranışını müəyyən edən məhz Milli İnkişaf Strategiyasıdır. Bu baxımdan Azərbaycan da istisna təşkil etmir. Bu məntiqdən çıxış edərək Əli müəllim dünya təcrübəsinin və Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsi əsasında gəldiyi elmi qənaətini ümumiləşdirərək qeyd edir ki, müstəqilliyə qovuşmaq, milli dövlət yaratmaq və onu yaşatmaq üçün 3 əsas şərtin olması vacibdir:
1) Müstəqillik üçün mövcud daxili və xarici şəraitin yetişməsi;
2) müstəqillik qazanmaq, onu qorumaq və yaşatmaq üçün xalqın milli iradəsinin ortaya qoyulması və vahid milli məqsəd ətrafında birləşməsi;
3) həmin dövr üçün millətin vahid milli ideyasının və iradəsinin daşıyıcısı rolunu oynayan, insanları səfərbər edərək öz arxasınca aparmaq gücünə və qabiliyyətinə malik, cəmiyyətin əksər təbəqələrinin qəbul etdiyi milli liderin olması.
Əsərdə hər üç şərt daxilində Azərbaycanın müstəqillik əldə etnəsi və onu qoruyub saxlaması üçün unikal şəraitin yarandığı gerçəkliyi təkzibedilməz faktlar və arqumentlərlə əsaslandırılmışdır. Xüsusilə bu məsələdə şəxsiyyət-lider fenomeninin rolu müstəsna əhəmiyyətə malikdir. Bu, bir həqiqətdir ki, tarix şəxsiyyətləri yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan digər həqiqət isə ondan ibarətdir ki, şəxsiyyətlər də öz növbəsində tarix yaradır. Burada qarşılıqlı asılılıq mövcudur. Bu asılılığın unikallığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur. Dühalar doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları xilaskarlıq olur. Tarixin, dövlətin və millətin xilaskarı misiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində ümummilli lider Heydər Əliyev yerinə yetirmişdir. Dahi lider ilk növbədə, Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı.
Bu baxımdan müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin millət və dövlət qarşısındakı müstəsna xidmətləri ilə bağlı müəllifin tədqiqatları xüsusi maraq doğurur. Professor Əli Həsənovun ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin ən istedadlı yetirmələrindən biri olması və bu gün də ulu öndərin banisi olduğu müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində fəal iştirak etməsi zəmanəmizin dühasının atdığı strateji addımların forma və məzmun mündəricəsini tam dolğunluğu ilə ifadə etməsinə imkan vermişdir.
Müəllif haqlı olaraq göstərir ki, Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli inkişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq – 1991-ci ilin əvəllərində Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi fikirlərində öz əksini tapmışdır.
Fikirlərini davam etdirən Əli müəllim qeyd edir ki, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin milli inkişafı ilə bağlı praktiki addımları da SSRİ-nin dağılmasından bir qədər əvvəl, 1991-ci ilin sentyabr ayında Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi ilə başlanmış və 1993-cü ildən Azərbaycan Respublikasının Prezidenti kimi davam etdirilmişdir. Bu siyasətin təməlində dayanan platforma ulu öndərin banisi olduğu bütöv bir xalqın – ölkəmizdə və bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan soydaşlarımızın və həmvətənlərimizin birləşdirici ideologiyası olan müasir azərbaycançılıqdır. Əgər Heydər Əliyevə qədər bu ideya əsasən etnolinqvistlik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi sosial-siyasi məzmun kəsb edərək ümumi və birləşdirici ideyalar sisteminə – dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.
(ardı var)
"Kassam tuqayları" 10 İsrail əsgərini öldürüb
Trampa qarşı daha bir ittiham ləğv olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Livana hücum: ölənlərin sayı 3768-ə çatıb
Ərdoğan: "Netanyahu və onun ətrafı üçün çəmbər getdikcə daralır”
Türkiyədə 70 kq qızılla tutulan diplomat Bakıya gətirilib - Haqqında həbs qərarı verildi + FOTOLAR (YENİLƏNİB)
Türkiyədə bəzi şəhərlərdə dərslərə ara verilib - Qara görə
Malatyada zəlzələ baş verib - 4,6 bal gücündə
Livanda bombalanma: xeyli ölən var - Meyitlərin bəziləri parçalanıb
NATO rəsmiləri Bakıya gəliblər
Azərbaycanda unikal hadisə: məhkəmə ustaya zorla ayağını öpdürən tiktoker haqda qərar verdi - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İspaniya klubları türk oyunçunu almaq istəyir
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTOLAR
QƏRARGAH RƏİSİ QANDALLANDI - Hərbi ekspertlik edən Ədalət Verdiyev iki maddə ilə tutulub
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
Hakan Fidanla NATO-nun baş katibi görüşüb - Ankarada
Deputat əmisi qızını işdən çıxarıb - Yerinə öz xanımını təyin edib
“Sabah”da baş məşqçi təyinatı olub
Zahid Oruc Milli Məclisdə: "Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa: "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib"
Bakıda hansı vacib qərarlar qəbul olundu? - Zahid Oruc yazır
"Çelsi" "Qalatasaray"ın qolçusunu alır - 75 milyon avroya
İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir