"Onu həbsxanada itirməkdən qorxuruq" - Göyçayda ağsaqqallar ayağa qalxdı

img

13-07-2015 [17:36]



Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası  Gülbuta Xasməmmədovanın müsavat.coma verdiyi məlumata görə, iyulun 15-də oğluna hökm oxuna bilər:

"Göyçay rayon ağsaqqalları  və mənim prezidentə etdiyimiz müraciətlərin nəticəsiz qalmayacağına, Talehin barəsində həbslə bağlı olmayan qərar veriləcəyinə ümid edirik. Taleh Xasməmmədov  rayonda sadəliyi, insansevərliliyi və  səmimiliyi ilə rayon sakinlərinin, rayon  ziyalılarının daim hörmət qazanıb. Talehin azad olunması  üçün rayon sakinlərindən ibarət  350 nəfər   və 50 nəfər rayon ağsaqqallı, ziyalısı və öz adımdan  prezident İlham Əliyevə   mətbuat vasitəsi ilə bir daha müraciət ünvanlanmağı lazım bildik”.

Müraciətdə deyilir:

- Cənab Prezident İlham Əliyev! 

- Taleh Xasməmmədov azadlıqda olan zaman qan xəstəliyindən  və astma xəstəliyindən müalicə olunub. Taleh   həbs  olunduqdan   sonra  keçirdiyi  stressdən, bir neçə aydır azyaşlı övladları ilə təmas qura bilməməsindən, həbsxana şəraitində saxnaıldığından xəstəliyi daha da ağırlaşıb. Bəzən  onun xəstəliyi o həddə  çatır ki, Talehi  həbsxanada  itirməkdən qorxuruq. 

Cənab prezident! Çoxsaylı müraciətlərimizi,  xəstəliyini və  Talehin  iki azyaşlı övladını nəzərə almanızı  Sizdən bir daha rayon ictimaiyyəti adından, bir ana kimi  öz adımdan xahiş edirəm; oğlum, Taleh Xasməmmədov barəsindəki  əsası olmayan cinayət işinə xitam verilməsində, Talehin  müqəddəs Ramazan Bayramı ərəfəsində  azadlığına qovuşmasında, iki azyaşlı azərbaycanlı  balasının sevinməsinə səlahiyyətinizdən istifadə edərək bizlərə yaxından köməklik edəsiniz.  

Xatırladım ki, Taleh Xasməmmədova qarşı irəli sürülən ittiham  CM- nin 221.2-ci maddəsinə aiddir ki, bu maddə nə  cəmiyyətimiz, nə də dövlətçiliyimizə üçün heç bir təhlükə yaratmır . Ümid edirik ki, Taleh  Xasməmmədov humanist addımınız sayəsində  tezliklə ailəsinə və yaxınlarına qovuşacaq. Göyçay Rayon İctimaiyyəti və ailəmiz adından öncədən təşəkkür edirəm”.

Qeyd edək ki, T.Xasməmmədov sabiq vicdan məhbusudur. O, 2012-ci ildə prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb. Lakin 2015-ci ilin fervalında o, yenidən həbs edilib. T.Xasməmmədov bildirir ki, həbsi sırf ictimai fəaliyyətinə görədir, yerli məmurlar onu şərlədərək həbsinə nail olublar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA