"Biz qərara gəldik ki..." - İlham Əliyev həmkarını qəbul etdi

img

28-06-2015 [22:24]


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.

Görüşdə Bakıda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu. Bolqarıstan Prezidenti Rosen Plevneliyev tarixdə ilk dəfə baş tutan birinci Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi, Oyunların yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına bolqar xalqının təşəkkürünü çatdırdı. Rosen Plevneliyev onilliklər ərzində ideya kimi qalan ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın tarix yazdığını dedi. Bolqar idmançılarının Bakıda onlar üçün yaradılan şəraitdən heyran olduqlarını, bu şəraiti heç bir yerdə görmədiklərini deyən Bolqarıstan dövlətinin başçısı idmançıların yaşayış yerlərinin, idman infrastrukturunun çox yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.
 
Prezident İlham Əliyev bir vaxtlar Avropa Oyunları ideyasına pessimist yanaşıldığını, standartları mövcud olmayan belə Oyunların lazımsızlığı barədə düşünənlərin olduğunu bildirdi. "Biz qərara gəldik ki, bu Oyunların standartı mümkün qədər ən yüksək standartlar olsun. İndi isə hər kəs görür ki, bu standartlar Yay Olimpiya standartlarıdır”, - deyən dövlətimizin başçısı birinci Avropa Oyunlarının bəzi parametrlərə görə hətta Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandığını diqqətə çatdırdı. Azərbaycan Prezidenti digər ölkələrin nümayəndə heyətlərinin də birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini bildirdiklərini vurğuladı.
 
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin siyasi, iqtisadi, energetika, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA