Deputatdan ilginc iddialar: Gündəmə dair müsahibə

img

05-06-2015 [14:40]


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə  gündəmdəki olaylarla bağlı maraqlı müsahibə verib.

Mia.az Qafqazinfo.az-a istinadən həmin müsahibəni təqdim edir:

-  Saxta yolla sənəd alıb mühacirətə getmək mövzusu yenidən gündəmə gəlib. Sizin bu məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?

- Əvvəla, qeyd edim ki, hər şeyin saxtası olur. Məsələn, biri məhsul istehsal edir, bir də görürsən ki, saxtadır. İndi düzgün yollarla mühacirətə gedən insanlar da var, bunu saxta yolla edənlər də. Burada faciəvi nəsə yoxdur. Əgər bütün sferalarda saxta nəsə tapmaq mümkündürsə, nədən saxta mühacir anlayışı qəribə olmalıdır ki? Kiməsə ora getmək lazımdır və o da ən asan yolunu tapmağa çalışır. Bunun da müxalifətə hər hansı isti-soyuğu yoxdur. Mühacirətçiliklə müxalifətçilik arasında böyük fərq var.

- Burada məsələ odur ki, konkret partiyanın adı çəkilir və pul verilməsi iddiası da səslənib...

 - Əgər kimsə saxta pul kəsib dövriyyəyə buraxa bilirsə, müxalifətin içində də saxta arayış verib müxalifətçilik adıyla mühacirətə göndərən adam ola bilər. Mən bununla tanış deyiləm. Əgər olanlar varsa, yəqin ki kimsə kimsəylə dost-tanış-dost olub ya da nəyinsə müqabilində ona sənəd verib.

-  Sizin partiyaya bununla bağlı müraciətlər edilirmi?

-   Biz o işin içində yoxuq. Arayış verdiyimiz bircə adam da yoxdur, baxmayaraq ki, bununla bağlı bizə müraciət edənlər olub. Ona görə də bu məsələlərdə çox rahatam.

-   Siyavuş Novruzovun Arif Məmmədovun barəsində səsləndirdiyi fikirlərlə bağlı nə deyə bilərsiniz?

-  Mən hakimiyyətin işinə qarışmıram. Arif Məmmədov hakimiyyəti tənqid edib. Onu da təmsil olunduğu posta təyin edən hakimiyyətdir. Mənim elçim, səfirim deyil. O da müxalifəti tənqid etməyib. İndi hakimiyyət özü araşdırmalıdır ki, onun təyin etdiyi adam niyə onları tənqid edir?

-  Prezidentin yanğın hadisəsi ilə bağlı məmurların ünvanına etdiyi çıxışdan bir neçə həftə keçib. Həmin çıxışdan sonrakı vəziyyəti necə dəyərləndirirsiniz?

-  Əvvəla, yanğın olmamışdan qabaq parlamentdəki çıxışımda bildirmişdim ki, bir gün bu üzlüklər insan ölümü ilə nəticələnəcək. Ancaq məni başqa məsələ düşündürür. Niyə hökumət üzvləri heç demədi ki, yanğını kim törədib? Niyə bu Nikolay Patruşevin səfərindən, prezidentin "Riqaya gedəcəm” deməyindən sonra baş verdi, niyə yanğından sonra prezident səfərdən imtina etdi? Niyə prezident 27 may tarixindəki çıxışında xaricdən terrorla bağlı ifadələr işlətdi?

Azərbaycana təhdidlərin olduğu göz önündədir, kimsə bunu pərdələməyə çalışsa da, bunun Rusiya tərəfindən edildiyinin fərqindəyəm. Azərbaycan Rusiyanın basqısı altındadır. Qərb dünyası isə Rusiyanın basqılarını durduracaq gücdə deyil. Biz Avropaya inteqrasiyasını seçmişik. Amma Qərb də düşünməlidir ki, bu zaman Rusiyanın basqısından həmin ölkələri necə qoruyacaq? Bu mexanizm zəifdir. Çıxışa gəlincə isə, o çıxış ölkədəki vəziyyətlə bağlı deyil, bina üzlüklərinin dəyişdirilməsi ilə əlaqədar idi. Üzlüklər də hər yerdə dəyişdirilir, yeni odadavamlı üzlüklər vurulub. Ancaq 27 may Respublika günü münasibətilə təşkil olunan tədbirdə prezidentin ictimai nəzarətlə bağlı çıxışı oldu.

- İctimai nəzarətin gücləndirilməsi üçün nə kimi təklifləriniz var?

-   Əgər Azərbaycan hakimiyyəti gerçəkdən də ictimai nəzarətin bərqərar olmasını istəyirsə, arzu edirsə ki, bu nəzarətdə siyasi partiyalar, QHT-lər, vətəndaşlar iştirak etsin, o zaman bütün ictimai institutlarda bu təbəqələrin nümayəndələrinin iştirakına şərait yaradılmalıdır. Əfv institunda, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində, penitensiar, hərbi sistemdə, gömrükdə  nəzarət şurası yaradılmalıdır. İctimai əsaslarla bu təbəqənin nümayəndələri orada istisnasız halda iştirak etməlidir. Korrupsiya qarşı Mübarizə Komissiyasında bizim partiyanın da nümayəndəsi olsun. Görək ki, bu korrupsiya ilə bağlı kimdən şikayət edirlər, bu şikayətin nəticəsi nə olur və.s. Bu komissiyada təmsil olunanlar dövlət adamlarıdır. Hansı ki vətəndaşlar da şikayətlərin dövlət qurumlarından edirlər. O adamların orada oturmasının  nə mənası var? Bu adamın özündən şikayət gəlsə, araşdırmaqda maraqlı olacaqmı? Əgər bunlar edilməyəcəksə, ictimai nəzarəti formalaşdırmaq mümkün olmayacaq.

-  Yanğınla bağlı hadisələrdə baş nazirin müavini Abid Şərifovun jurnalistin sualına qarşı verdiyi cavab çox müzakirə olundu. Sizin buna münasibətiniz necədir?

-  Azərbaycan məmuru ilə jurnalisti arasındakı münasibətlər onsuz da bundan yuxarı deyil ki? Bu Abid Şərifov jurnalist münasibəti deyil. Məmurla jurnalist münasibəti kontekstindədir. Məmurun kim olmasından asılı olmayaraq, sistem bu cür formalaşıb. Bu uzun illərin formalaşmış ənənələridir, bunu sındırmaq lazımdır. Məmurun jurnalist, cəmiyyət qarşısında sorumluluğunun nə olduğunu vərdişlər təsbit edir.  Bu vərdişlər isə bizdə formalaşmayıb. Ona görə də məmurun yox, prosesin üzərinə getmək lazımdır. Bundan əvvəl də nə qədər Azərbaycan jurnalisti məmurlar tərəfindən təhqir olunub.

-  Avropa Oyunları başlanan tarixdə həmin günün qeyri-iş günü elan edilməsi ilə bağlı prezident tərəfindən Milli Məclisə qanun layihəsi göndərilmişdi, gündəliyə salındı, sonradan çıxarıldı. İlk hallardan biridir ki, prezident tərəfindən təklif edilən qanun müzakirə edilmədi. Nə baş verdi ?

-   Mən 12 iyunun qeyri-iş günü olmasının tərəfdarı idim. Əslində də iş günü olmayacaq. Yollar qapalı olacaq. Həmin günü də ənənəvi olmayan şəkildə qeyri-iş günü elan edilərdi. İştirak etmək istəyənlər edərdi, adamlar yollarda qalmazdı. Niyə Məclisə gəlib qayıtmasını isə hakimiyyət müəyyənləşdirəcək. Çünki Məclis onundur.

-  Parlamentin son iclasında həmkarlarınız Sabir Rüstəmxanlı və Musa Quliyev arasında Rəsulzadənin Gəncə şəhərindəki büstünün üzərinə çuval keçirilməsi ilə bağlı mübahisəsi oldu. Siz iclaslarda adətən belə mövzularda həmişə müxalifətin tərəfində olub, onlara dəstək vermisiniz. Amma bu dəfə bunun şahidi olmadıq. Ümumiyyətlə isə, son iclasda heç bir mövzuda çıxışınız olmadı...

-  Həmin mübahisə zamanı zalda yox idim. Görüşüm olduğu üçün çıxmışdım, sonradan yenidən qayıtdım. Qayıdanda isə başqa məsələlər müzakirə olunurdu. Rəsulzadə ilə bağlı onu deyə bilərəm ki, o, Azərbaycan tarixinin önəmli parçasıdır. Bugünkü Cümhuriyyətin varisidir. Biz, əslində, çalışmalıyıq ki, cümhuriyyətçilik ənənələrini müsəlman dünyasına gətirənlərə heykəllər qoyulsun. Parlamentdəki çəkişmə isə, ictimai müstəvidən şəxsi müstəviyə keçdi. Bu yaxşı hal deyildi. Çox arzu edərdim ki, deputatlarımız etik davransınlar. Ancaq Sabir Rüstəmxanlının sədrlə ritorikasında "siz yalan danışırsınız” deməsi də doğru deyil. Məclis dəyişməlidir, bəlkə Türkiyə təcrübəsində son illər bu ənənə korlanıb. Amma dünyada görürük ki, müraciət və etiket normaları elə dəqiqliklə qorunur ki, heyran qalırsan.

Çıxış etməməyin səbəbi isə olmamağımla bağlı idi. Mən elə deputatlardan deyiləm ki, mənim üçün söz demək yalnız məclisin tribunasından olsun, sözümü KİV-də çatdıra bilirəm.

- TQDK-nın əvvəlki illərin məzunları üçün keçirdiyi imtahanda əldə edilən aşağı nəticələr müzakirələrə səbəb oldu. Sizcə, əldə edilən bu nəticə nə qədər qənaətbəxşdir?

- Azərbaycanda təhsilin səviyyəsi ilə qane ola bilmərəm. Təhsildə uğurlu siyasət aparanlar bir suala cavab versinlər ki, niyə ildən-ilə keçid balı aşağı düşür? Bu ciddi problemin olduğunu göstərir. Bu gün elə rayon kəndləri var ki, oradan illərdir bir kimsə də ali məktəbə daxil olmur. O  məktəbdə kim dərs deyəcək? Axı müəllimin maaşı yüksək deyil, kimsə Bakıda isti yuvasını qoyub orda dərs deməz. Yeganə yer təhsildir ki, biz ora investisiya qoyub heç zaman itirməyəcəyik. Nazirin dəyişməsi  məsələni həll etmir, sistem düzgün deyil. Sovet sistemi ilə Boloniya sistemi arasında çabalamaqla bu məsələ həll olunmur. Azərbaycan təhsilinin yaxın zamanlarda düzələcəyini də güman etmirəm. Mən izah edə bilmədim ki, təhsil bir xidmətdir. Müəllim də xidmətinin müqabilində adam kimi pul almalıdır ki, xidmət göstərə bilsin. 200 manatlıq xidmətin nəticəsi bundan artıq olmur. Bir olimpiya çempionuna bir müəllimin 198 illik maaşını, yəni 400 min manatı verirsənsə, nəticə də belə olacaq. Müəllimə bu qədər maaş verən dövlət ballardan danışmasın.

-  Spikerin xaricdə təhsilllə bağlı dediyi fikirlər də birmənalı qarşılanmadı...

- Təəssüf edirəm ki, cəmiyyət bəzən yüksək keyfiyyətli təhsildən danışır, amma indi məhz spiker deyib deyəmi qəbul etmirlər? Gedib elə universitetin diplomunu gətirirlər ki, bilirsən ki heç oxumayıb orda, sadəcə möhür vurdurub gətirib. Spiker də bunu deyirdi. Qeyd edir ki, 418 ali məktəb qeydiyyatdan keçib. Gedin, həmin universitetlərdə təhsil alın. Amma daha Dağıstanda, Rusiyada, Ukraynada evində möhürü olan bir adamın 4 ilə möhlət alıb onun diplomunu gətirib gözümüzə soxmayın. İndi köşə yazırlar, çıxş edirlər. Amma spikerin yanaşması təhsilin yaxşılaşdırılması üçün edilən yanaşma idi. Amma bu şəkildə yanaşma müxalif camiəni etibardan salır.

- Bir neçə gündən sonra Avropa Oyunları keçiriləcək. Bəzi müxalif partiyalar bu oyunları boykot etməklə ilə bağlı çağırışlar səsləndirirlər. Bəs sizin oyunlara münasibətiniz necədir?

- İdman həmişə mənim üçün maraqlı olub. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə isə çox sevinirəm. Bu oyunlardan iqtidar heç nə qazanmır. Avropa strukturları, beynəlxalq təşkilatlar oyunları müzakirə edir, bununla da iqtidarın üzərinə gedir. Amma millət olaraq qazanclarımız odur ki, bu oyunlar iqtidarı Avropanın parçası olmağa məcbur edir. Bu da Avropa coğrafiyasına bizi bir addım daha yaxınlaşdırır. İkincisi, biz həmişə Avropanı dərdimizi, mədəniyyətimizi və.s tanımır deyə fəryad etmişik. Bu oyunları tanıtmağın bir nümunəsidir. Müxalifət olaraq bizim bu qədər xarici jurnalisti dəvət etmək imkanımız olmayıb, etsək də gəlməyəcəklər. Amma gələn jurnalist hökmən insan haqları, demokratiya ilə də bağlı soruşacaq. Bizim xaricə çatdıra bilmədiyinizi onlar çatdıracaq. Nədən buna narazı olmalıyıq?

Oyunlara xərclənən maliyyədən danışırlar. Düşünmürəm ki, bu oyunların keçirilməsinə aşırı maliyyə sərf olunub. Büdcəylə tanış olan biri kimi hesab etmirəm ki, pulu kimsə çömçə ilə götürüb ora tökür. Pul ya büdcədən, ya da ki Neft Fondundan götürülür, başqa pul götürülmə yeri yoxdur. Büdcədən infrastruktur layihələrinə 970 milyon vəsait ayrılıb ki, bunun da 540 milyonu stadionun, idman qurğularının tikintisinə sərf olunub. Bu da normal bir rəqəmdir. 8-10 milyard pul xərclənib deyənlər o rəqəmləri haradan  götürüblər, bunu bilmirəm.

-  Sizə açılış mərasimində iştirak etmək üçün xüsusi dəvətnamə verilib, yoxsa bilet alacaqsız?

- Dəvətnamə gəlməyib, bilet alıb dostlarımla, övladlarımla iştirak edəcəm. Yenə də deyirəm ki, bu bir şansdır, bəlkə, bundan sonra heç belə oyunlar Azərbaycanda keçirilməyəcək. Mən bu gün ölkədə siyasi məhbusların olduğunu bilirəm. İdmanla siyasəti qarşı-qarşıya qoymaq, yəni "kimisə həbsdən azad et, etməsən oyunları boykot edəcəyik" demək düzgün deyil. Bu gün hamımız Avropa strukturları ilə danışıqlar aparırırıq, jurnalistlərə müsahibə veririk, beynəlxalq təşkilatlarla müzakirələr keçiririk. Hakimiyyətə bir az minnətdar olaq ki, bu oyunları keçirir, o təmasların hesabına biz insan haqlarının pozulmasını çatdıra bilirik, yoxsa heç səsimizi də eşidən yox idi. Siyasi dustaqları olimpiadaya görə tutmayıblar, heç olimpiadaya görə də buraxmırlar. Ondan qabaq tutulublar, azad da edə bilməmişik. Bu bizə şans yaradır ki, onlar haqqında danışaq. Ona görə də Olimpiya oyunları gələn il də olsa, yaxşı olar.  Bununla da daha çox insanlara kömək edə bilərik.

-  Turizm cəhətdən qazanclarımız olacaqmı?

-  Turistlik  baxımından bu məsələni şişirdirlər. Bilirsiniz, Avropaya 10 reysi olan ölkəyə turist gəlməz. Turist orta səviyyədən də aşağı yaşayan insanlardır. Adamların hamısı bu 10 şəhərdə yaşamır. Bundan əlavə, vizanı hardan alacaqlar? Bizim turistlik imkanlarımız sıfıra bərabərdir. Turistin heç biri qalxıb bir şəhərdən müxtəlif ölkələri  basa-basa gedib o şəhərdən Bakıya gəlirəm deyə uçmaz. Onun normasından bir az artıq vəsaiti var. Özü də ki bu ölkə öz ölkəsindən hər şeyinə görə qat-qat bahadır, viza yox, təyyarə yox, nəylə gələcək?

-  İlhamə Quliyevanın məşəl daşıması məsələsini müzakirəyə səbəb oldu. Sizcə, o məşəl daşıya bilər?

-  150 adam məşəli daşımalıdır. Onlardan biri Alim Qasımovdur, digəri İlhamə Quliyevadır. Olsun da, İlhamə də daşısın. Deyirlər ki, qaça bilmir. Bəs qaça bilsəydi, mütləq daşımalı idi? Azərbaycan iqtidarının Avropa Oyunları siyasətində məqsədi odur ki, sifətlər daha çox olsun. O sifətin də biri İlhamədir. Ha İlhamə iki addım daşıyıb məşəli verdi, ya vermədi başqasına. Bu nəyi dəyişəcək ki?

-  Azərbaycan kubokunda "Qarabağ"-"Neftçi"finalı oldu. "Qarabağ" qalib gəldi. Siz hansı komandanın azarkeşisiniz?

-  "Qarabağ"ın azarkeşiyəm. Tarixən neftçiliyəm, ona görə də Neftçiyə xəyanət etmiş kimi oluram. Amma  mən bir az qarabağlıyam, "Qarabağ" Qarabağdır, Qarabağ nisgilimizdir. Oyunda Reynaldonun iki qolunu da bəyəndim. Yaxşı idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA