"İqtidarın əleyhinə olan mövqe..." - Teyyub Qənioğlu yazdı

img

04-06-2015 [21:59]


Teyyub Qənioğlu

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına cəmi 7 gün qalır. Bu oyunların Azərbaycanda keçirilməsinin ölkəmiz üçün, onun dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni faşistlərinin və onların eyni təbiətli, Azərbaycanın inkişafını həzm edə biləməyən  xarici tərəfdaşlarının ölkəmiz haqqında söylədikləri iftiraların həqiqətə uyğun olmadığını bütün dünyaya göstərmək üçün unikal imkan yaratdığı hamı tərəfindən etiraf edilən həqiqətdir. Bu oyunların  ölkə iqtisadiyyatının gələcək inkişşafına ciddi təkan verəcəyi də nəzərdən qaçırılmamalıdır. Bunu dərk edən, hər vasitə ilə Azərbaycanı gözdən salmağa, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun,  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mane olmağa, bu münaqişədə ölkəmizin haqlı mövqeyinə kölgə salmağa cəhd edən Qərbin erməni və xristianpərəst qüvvələri  Azərbaycanda insan haqlarının pozulduğunu bəhanə edərək xeyli vaxtdır ki, I Avropa Oyunlarını baykot etməyə çağırırlar. Əslində onların istəyi Azərbaycanda insan haqlarının qorunmasına nail olmaq deyil. Əgər belə olsa idi, onlar xarici havadarlarının köməyi ilə ərazimizin erməni quldurları tərəfindən işğalı nəticəsində qaçqın düşən, uzun illərdir ki, bir çox məhrumiyyətlər şəraitində yaşayan bir milyondan artıq azərbaycan insanının hüquqlarının qorunmasından, öz ölkəsində əzizlərinin qəbirlərini ziyarət etmək üçün işğal edilmiş ərazilərimizə gedən Dilqəm Əsgərovun  və Şahbaz Quliyevin hüquqlarının qorunmasından bəhs edər, onların dərhal azad edilməsini tələb edərdilər.

 Azərbaycanı sevməyən, ona düşmən münasibəti bəsləyən xaricilərin baş tutmayacaq istəyini, mövqeyini qətiyyətlə qınasaq da, düşmən olduqları üçün onların mövqeyini "başa düşmək” olar. Başa düşülməyən və qətiyyətlə rədd etdiyimiz  qeyd edilən xarici qüvvələrin "dəyrmanına su tökən”, özlərini "siyasətçi”, "insan haqlarının müdafiəçiləri” hesab edən milli siyasətbazların mövqeyidir. Bəli, biz də etiraf edirik ki, Azərbaycanda insan haqlarının qorunması sahəsində problemlər var, məhkəmələr sərbəst deyil, icra strukturlarından asılı vəziyyətdədirlər  və təəsüf ki, bir sıra hallarda qətnamələr çıxararkən hüquqa deyil, sifarişə üstünlük verirlər. Belə vəziyyətin aradan qaldırılması, hüququn aliliyinin təmin olunması uğrunda mütəmadi olaraq mübarizə aparılması  hər bir Azərbaycan vətəndaşının, xüsusilə də siyasətçilərin ən ümdə vəzifələrindən biridir və bu bizlərin daxili işidir. Heç kəs gəlib bizim əvəzimizə ölkəmizdə demokratiyanı bərqərar etməyəcək, insanlarımızın hüququnu qorumayacaq, necə ki, qorumurlar da! 

Mövcud iqtidarı, onun daxili və xarici siyasətini, səhvlərini, çatışmazlıqlarını tənqid etmək, qeyd edilən sahələrdə daha uğurlu siyasət aparacağını iddia etmək  müxalif siyasi qüvvələrin danılmaz hüququdur. Amma  iqtidarın əleyhinə olan mövqe eyni zamanda dövlətimizin, milli maraqlarımızın əleyhinə olacaqsa belə mövqedən imtinanın vacib olduğu qənaətindəyəm! Ona gərə də, Musavat Partiyasının Avropa ölkərinin hökumət və dövlət rəhbərlərinə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməməklə bağlı çağırışını dövlətimiz, milli maraqlarımız üçün ziyanlı hesab edir, qətiyyətlə pisləyir və rədd edirəm! 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA