Bu yazımı pedaqogika elmləri doktoru ( Fizikanın tədrisi metodikası ixtisası üzrə), professor, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanlı əməkdar müəllim, ADPU-nun 100 illiyi ilə əlaqədar yubiley medallı, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Dərəçiçək mahalının yeganə professoru və dəyərli ziyalısı İsmayılov İsa müəllim Namaz oğlunun 80 illik yubileyinə həsr edirəm.
İsa İsmayılov Namaz oğlu 1946- cı il mayın 26- da Qərbi Azərbaycanın Dərəçiçək mahalının Axta (Razdan) rayonunun Qayqocalı (Axundov) kəndində anadan olmuşdu. 1948- ci illərin deportasiyasında Mil-Muğan zonasına köçürülmüş insanların xeyli hissəsi oranın isti iqlim şəraitinə dözə bilməyərək həlak olmuş, sağ qalanlar isə yenidən öz vətənlərinə geri qayıtmışdılar. Bu insanların bir qismi də Dərəçiçək mahalının Axundov kəndinin payına düşmüşdü.
1952- ci ildə bu kənddə 150 ailənin məskunlaşmalarına baxmayaraq mənfur ermənilərin burada ibtidai məktəb belə açmırdılar. Ona görə də İsa müəllim məcburiyyət qarşısında sərt qışı ilə fərqlənən mahalın saxtalı - boranlı günlərində altı yaşında oxumaq üçün kənddən 2 km aralıda yerləşən Təkəlik kəndində birinci sinfə getmişdir. 1953- cü ildə Axundov kəndində ibtidai məktəb açıldığından ikinci sinfi öz doğma kəndlərində oxumuşdur. 1956- cı ildə Axundov kənd yeddillik məktəbinin beşinci sinfində ailəsi ilə birlikdə Azərbaycan SSRİ - nin Saatlı rayonunun Xanlar kəndinə köçmüşdülər.
İsa müəllim köçlə əlaqədar atasının fikrini belə xatırlayır. Atam həmişə deyərdi ki, mən bu mahalın üc dəfə (1905, 1918, 1948- 50) köçürüldüyünün şahidi olmuşam. Nə qədər ki, Ermənistanın işçi qüvvəsinə ehtiyacı var, bizim burada yaşamağimıza imkan verəcəklər. Müəyyən vaxtdan sonra ermənilər yenə də öz vəhşi əməllərindən əl çəkməyəcəklər.
Onlar gec ya da tez bu camaatı qırıb bu yerlərdən yenə qovacaqlar. Atamın dedikləri doğurdan da 1988- ci ildə özünü bir daha təsdiq etdi. Ona görə də 1956- cı ildə Azərbaycan Respublikasının Saatlı rayonunun Xanlar kəndinə köçür. Bu insanın əqidəsi bu idi, mən az yaşasam da, qoy balalarım öz millətinin içində normal təhsil alıb inkişaf etsinlər. Həqiqətən də bir neçə ildən sonra atam 69 yaşında Xanlarkənddə vəfat etdi.
İsa müəllim 1962- ci ildə Xanlar kənd orta məktəbini bitirdikdən sonra V. İ. Lenin adına APİ- in fizika - riyaziyyat fakültəsinə daxil olmuş, 1967- ci ildə institutu müvəffəqiyyətlə bitirib təyinatla Saatlı rayonunun Fətəli kənd orta məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. Onun mühəndis olmaq arzusu bir bu müddətdə ikinci ali təhsil almaq üçün Çingiz İldırım adına Azərbaycan Politexnik institutuna gətirir. Müəllim işlədiyi müddətdə və bir il də ondan sonra Az Pİ -də təhsilini qiyabi davam etdirir.
Lakin 1970- ci ildə Azərbaycan DETP - nin əyani aspiranturasına "Fizikanın tədrisində texniki vasitələr və proqramlaşdırılmış təlimdən istifadə" üzrə daxil olur. Lakin bu mövzu ilə həmin vaxt Respublikada bir nəfər də olsun mütəxəssis olmadığından elmi rəhbəri Moskva şəhərində V. İ. Lenin adına Hərbi Siyasət Elmlər Akademiyasının kafedra müdiri professor general İvan İvanoviç Tixonov təyin edilir. Moskva ilə sıx əlaqə onun Az Pİ - də təhsilini dördüncü kursda yarımçıq qalmasına səbəb olur. 1973- 74- cü illərdə aspiranturanı bitirdikdən sonra V. İ. Lenin adına APİ-də lobarant kimi işə götürülür.
Bir neçə aydan sonra həmin ildə Sovet Ordusu sıralarında bir illik hərbi qulluqda olur. Ordu sıralarından təxris edildikdən sonra bir neçə il laboratoriya müdiri işləyir. Həmin dövrdə keçmis SSRİ - də aparılan islahatlar bütün sahələr kimi AAK da ciddi təsir etmişdir. Belə ki, hər yanda müdafiə şuralarının işləri dayandırılmışdır. Bu proses təxminən beş ilə yaxın çəkdiyindən İsa müəllim hazır olan dissertasiya işini yalnız 1980 -ci ildə Bakı şəhərində müdafiə edərək qısa müddətdə təsdiqini alır.
1983-85- ci illərdə APİ - nin " Fizikanın tədrisi metodikası" kafedrasının müəllimi, 1985- ci ildə institut metod şurasının elmi katibi, bir neçə illər institutun " Bilik" cəmiyyətinin məsul katibi, 2000- 2014- cü illərdə ADPU - nun ixtisaslaşmış dissertasiya şurasının elmi katibi, 2014- cü ildən ADPU - nun metod şurasının sədr müavini, 2007- 2016- cı ilə qədər " Testlərin keyfiyyətinə nəzarət və qəbulu" komissiyasının sədri, 2016- 2017- ci ildə " Fizika texnologiya" fakültəsinin metod şurasının sədri, 2013-2015 və 2017- ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya komissiyasının fəlsəfə, pedaqogika, psixologiya və digər fənlərin tədrisi metodikası üzrə ekspert şurasının üzvü kimi ictimai işləri yerinə yetirmişdir.
1985- 89- cu illərdə baş müəllim, 1989- 2017- ci illərdə N. Tusi adına ADPU - nun " Fizika tədrisi metodikası" kafedrasının dossenti, 1996- 2003- cü illərdə " Aspirantura , Doktorantura və Magistratura şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2011- ci ildə " Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadənin nəzəri və praktiki problemləri" mövzusunda doktorluq dissertasiyasi müdafiə edərək, 2012- ci ilin sonunda pedaqogika elmləri doktoru ( fizikanın tədrisi metodikası ixtisası üzrə) elmi dərəcəsi almışdır. Buna qədər Respublikada FTM üzrə cəmi üç nəfər ( professor. S.Ş. İmanov , professor Z. İ. Qaralov, professor Ş. A. Əlizadə) elmlər doktoru olmuş, İsa müəllim isə bu sahədə dördüncü doktorluq dissertasiyasi müdafiə etmiş adam idi.
2018- 2024- cü illərdə Fizika fakültəsində magistr dissertasiya şurasının sədri, Fizika fakültəsinin Elmi Şurasının üzvü olmuş, uzun illər ADPU - in "Fizikanın tədrisi metodikası" kafedrasının professoru kimi tələbə və magistrantların təlimi ilə məşğul olmuşdur. Həmçini ADPU - da müdafiə Şurasının üzvü, Şura yanında FTM ixtisası üzrə elmi seminarın sədri kimi fəaliyyət göstərmişdir.
İsa müəllim 216 elmi məqalə, monoqrafiya, dərs vəsaiti dərsliyin müəllifidir. Onların bir qismini həsr olunduğu problemlərlə oxucularımızı tanış etmək istərdim:
1. Təlimin texniki vasitələri və yeni informasiya, texnologiyaları . Tədrisdə onlardan istifadə metodikası, Dərs vəsaiti " Təhsil" ABU , Bakı, 2006, 358 s.
2. Fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadə ( laboratoriya işləri). Bakı , 2008, 2013, 2017, 182 s.
3. Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadə üzrə işin sistemi. Monoqrafiya. Bakı, " Mütərcim" , 2009, 253 s.
4. Ümumtəhsil məktəblərində fizika təliminin müasir texnologiyaları . Monoqrafiya Bakı, 2012, 257 s.
5. Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadənin nəzəri və praktiki problemləri. Monoqrafiya, Bakı, Mütərcim, 2013, 278 s.
6. Fizikanın tədrisi metodikasının müasir problemləri, Magistrantlar üçün Dərslik. 2016, 2019, 2023, 442 s.
7. Fizikanın tədrisi metodikası, Dərslik , Bakı, 2018, 336 s.
Professor İsa müəllim İsmayılov dörd nəfər doktorunta elmi rəhbərlik etmiş, onlardan bir nəfər uğurlu elmlər doktorluğu müdafiə etmiş, iki nəfər Doktoranturanı bitirərək dissertasiya işləri üzərində çalışır.
İsa müəllim hazırda təqaüddə olsa da, tədqiq etdiyi sahədən ayrılmayıb. Onun hazırda nə işlə məşğul olduğunu soruşduqda cavab verir ki, hazırda " Fizika təlimində müasir texnologiyalardan istifadə" ( süni intellekt daxil olmaqla") adlı monoqrafiyanı tamamlayaraq çap etməyə hazırlaşıram. Eyni zamanda kiçik bir qrupla " Dərəçiçək mahalının harayı " adlı fundamental bir kitabın üzərində işləyirik və yaxın vaxtlarda tamamlanacaq. İnşallah.
İsa müəllim həm də son dərəcə vətənpərvər, millətini sevən, doğulduğu elə , doğma Dərəçiçəyə bağlı bir insandır. 1988- ci il hadisələri zamanı Dərəçiçək mahalında məskunlaşmış azərbaycan türklərindən ibarət olan beş kənd erməni daşnakları tərəfindən blokadaya alınmışdır. Azərbaycanlılar blokadada olduqlarına görə əlləri heç yana çatmırdı. Rayon mərkəzinə getmək mümkün deyildi. Yurddaşlarının, qohumlarının bu vəziyyətdə olmasından İsa müəllim son dərəcə narahatçılıq keçirirdi. Ona görə də Sov. İKP MK - nın baş katibi M. S. Qorbaçova iki dəfə teleqram vurmuşdu.
Teleqramda Axta ( Razdan) rayonunun Axundov, Təkəlik, Qorçulu, Zar, Misxana kəndlərində yaşayan azərbaycanlıların blokada vəziyyətində qalmalarını və mənfur ermənilərin azərbaycanlılara zülm etmələri haqqında məlumat vermiş, onların təhlükəsizliyinə kömək istəmişdir. Həmin vaxtlar İrəvan şəhərindən gəlmiş Orta Asya əsilli polkovnik - leytenant Rəşid adlı bir nəfər kəndə gələrək Rzayev Qasım müəllimi yanına çağırıb həm İsa müəllimlə maraqlanmış, həm də ümumi vəziyyəti öyrənmişdir. Bir neçə gündən sonra Axundov kəndinə 15 nəfər avtomat silahlı sovet ordusunun əsgərləri gəlmiş, kəndin cavanları ilə bir müddət kəndin keşiyində durmuşlar. 1988- ci ilin yay aylarında bütün Dərəçiçəklilər bir nəfər kimi işgəncələrlə Bakı şəhərinə köçürülmüşdülər. Çox yaxşı xatırlayıram İsa müəllim bu günlərdə qohumları ilə yanaşı , bütün kənd camaatı ilə yaxından maraqlanır, xeyir - şər məclislərində iştirak edirdi.
İsa müəllim həm də xoşbəxt ailə başçısıdır. Onun ömür, gün yoldaşı Mehriban xanım ilə birlikdə üç oğul övladları və yeddi nəvələri var. Oğlanlarının hər üçü çox ağıllı, savadlı, vətənpərvər, tərbiyəli, dünya görüşlü, ali təhsilli mütəxəssislər olmaqla dünya şöhrətli ad - san qazanıblar.
Böyük oğlu Namaz İsa oğlu İsmayılov " Biologiya üzrə fəlsəfə doktoru "dur. Hazırda bir müəssisənin icraçı direktorudur.
Ortancıl oğlu Emil İsa oğlu İsmayılov dünya şöhrətli BP - nin idarə heyətinin üzvü, dünya üzrə neft - qaz işlərinin maliyyəsi üzrə vitse prezidentidir. London şəhərində yaşayır.
Kiçik oğlu Orxan İsa oğlu İsmayılov ilk azərbaycanlıdır ki, hazırda xarici şirkət " Vood PLC" nin general direktoru vəzifəsində çalışır.
Hər üçü ailəlidir, gözəl övladları var. Allah hamısına can sağlığı, uzun ömür versin.
May ayının 26- da pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim, Dərəçiçək mahalının görkəmli oğlu, Respublikamızda tanınan alim, dəyərli ziyalımız İsa müəllimin 80 yaşı tamam olacaq. Dərəçiçək mahalının görkəmli oğlu İsa müəllimə Uca Allahdan can sağlığı, uzun ömür, işlərində yeni-yeni uğurlar arzulayıram.
FƏXRİMİZDİR!