İki od arasında

img

29-09-2014 [12:38]


Azər QARAMANLI


Qərblə Rusiya arasında qarşıdurma Azərbaycanın istər siyasi stabilliyi üçün, istərsə də iri iqtisadi layihələri üçün təhlükə mənbəyinə çevrilir


Azərbaycanın 20 illik xarici siyasətinin əsasını təşkil edən balanslaşdırma siyasəti artıq ikinci plana keçməkdədir. Ukraynada «Avromeydan» hərəkatı ilə atəşlənən və Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə nəticələnən məlum hadisələr Qərb-Rusiya qarşıdurmasını açıq müstəviyə çıxardı. Bu qarşıdurmanın Azərbaycana təsirləri isə artıq hiss olunmaqdadır. Qarşıdurma Azərbaycan üçün arzuolunmayan yeni siyasi situasiya ortaya çıxarıb və qarşıdurma davam edəcəksə, Azərbaycanın qarşısına tərəf seçmək kimi ağır bir tələb qoyulması qaçınılmaz olacaq. Hətta belə görünür ki, artıq rəsmi Bakının qarşısında belə bir tələb var. Bütün məsələ bundan sonra rəsmi Bakının öz xarici siyasətində nələri prioritet olaraq ortaya qoymasından asılıdır. 

Rəsmi Bakının zamana ehtiyacı var

Bir il əvvəl keçirilən prezident seçkilərindən sonra rəsmi Bakının izlədiyi siyasətə baxarsaq görərik ki, Azərbaycan hakimiyyəti Putinin havada silkələdiyi yumruğu qarşısında müəyyən reveranslar etməkdədir. Rəsmi Bakı Avrasiya İttifaqına qoşulmaq istəmədiyni, (Bu ittifaqa qoşulmaq Azərbaycanın iqtisadi maraqlarına tamamilə ziddir. Çünki Azərbaycanın əsas iqtisadi tərəfdaşı kimi Rusiya deyil, Avaropa çıxış edir.), bir mənalı olaraq nümayiş etdirməyə çalışsa da, Putinin bir sıra tələbləri qarşısında geri addım atmaq zorundadır. Bu fonda Azərbaycan Avropanın və ABŞ-ın Azərbaycandakı əsas «qollarını» kəsib atmaqla məşğuldur. Bu «qollar» isə təbii ki, Qərbdən maliyyələşən QHT-lərdir. Hazırda demək olar ki, rəsmi Bakı Qərbdən maliyyələşən və potensial müxalifətə çevriləcək bütün QHT-ləri sıradan çıxarıb. Ölkəninin ən tanınmış və Qərbə bağlı olan vətəndaş institutlarının rəhbərləri həbs olunub və onların hesablarına həbs qoyulub. Bu durumda Azərbaycan hakimiyyətinin Qərblə siyasi münasibətlərinin korlanması qaçınılmazdır. Lakin başqa yol yoxdur. Azərbaycan hakimiyyəti Rusiyanın Ermənistanda yerləşdirdiyi və həmçinin Xəzərdə mövcud olan «çəkic» gücündən yayınmaq məcburiyyətindədir və buna görə də Qərblə münasibətlərinin bir qədər korlanması təbii qəbul olunmalıdır.

Amma bu münasibətlərin korlanması nə qədər dərinləşə bilər?

Önəmli olan budur. Azərbaycanın xarici siyasətinin 20 il təməlini təşkil edən balanslaşdırma siyasətinin taleyi də məhz Qərblə qarşıdurmanın nə qədər dərinləşə biləcəyindən asılıdır. Əgər Qərblə qarşıdurma açıq müstəviyə keçərsə və bu Azərbaycanı Avrasiya İttifaqında təmsil olunmağa sürükləyərsə, o zaman demək olar ki, Azərbaycan həm iqtisadi müstəqilliyini, həm də siyasi müstəqilliyini nominal olaraq qoruyub saxlaya biləcək. Yəni bütün iplər Kremlin əlində toplanacaq. Həmçinin Rusiyaya tətbiq olunan və olunacaq sanksiyalar Azərbaycan da tətbiq olunacaq ki, bu da Azərbaycanın neft və qaz strategiyasına ciddi zərbə vuracaq.
Lakin burda başqa bir məsələ də önəmlidir. 21-ci əsrin geosiyasi xəritəsinin çizildiyi hazır ki, böyük geosiyasi savaşın ortasında Qərb Azərbaycanın tamamilə Rusiyanın təsiri altına keçməsinə tab gətirə bilərmi?

Bu sualın cavabı birmənalıdır. Qərb Azərbaycanın birbaşa Kremlin təsiri altına düşməsinə dözümlülük nümayiş etdirməsi imkansızdır. Əgər bu baş verərəsə, Qərbin 20 illik transmilli neft və qaz layihələri puç olacaq. Bu əslində bir mənalı olaraq Qərbin böyük geosiyasi savaşı bir anda Rusiyaya uduzması anlamına gələr. Çünki Qərb son 20 ildə bütün iri yanacaq layihələrini məhz Azərbaycan üzərindən reallaşdırmaqdadır. Bu üzdən bir mənalı olaraq demək olar ki, Qərb üçün Azərbaycan Rusiyaya qarşı əsas alternativ platformadır. Yəni Azərbaycan əslində geosiyasi savaşın mərkəzi halındadır. Azərbaycan dəhlizini itirdiyi halda Qərb birmənalı olaraq Ukraynadan başlayaraq Sibirdən və Orta Asiyadan Çinə qədər uzanan bütün «Böyük Çöl»dəki, yəni Avrasiyadakı mövqelərini itirmiş olacaq ki, Qərb bunu heç bir zaman gözə ala bilməz.

O zaman nə ola bilər?

Azərbaycan bütün hallarda bitərəfliyini qoruyub saxlamalıdır. Əgər bu baş verməzsə və Azərbaycan öz seçimini birbaşa Rusiyadan yana etmiş olarsa, Azərbaycanın böyük xaosun içinə sürüklənməsi qaçınılmaz olar. Çünki xaos bölgəsi belə Rusiyanın deyil, Qərbin təsiri altında olacaq. Qərbin nəzarətində olmayan bölgələrin xaosla idarə olunması heç də bir ilk deyil. ABŞ və Avropa bu idarə üsulundan aktiv şəkildə bu gun İraqda, Misirdə, Suriyada, Əfqanıstanda yararlanır və demək olar ki, bu xaos Qərbə heç də az dividendlər gətirmir.

Həmçinin idarə olunan xaos vəziyyətində Qərb asanlıqla Azərbaycandan Rusiyaya qarşı plasdarm kimi istifadə edə bilər. Bu uzun sürən qanlı savaşda isə, ölənlər ABŞ və Avropa əsgərləri olmayacaq. Ölən və qaçqın olanlar dinc Azərbaycan vətəndaşları olacaq. Biz bunu Suriyada və İraqdakı vəhşətdə də görürük. 

Ona görə də, Azərbaycan üçün maksimum şəkildə Qərbin idarə olunan xaos sistemindən qaçmaqdır. Azərbaycan üçün ən optimal variant bütün imkanlarla balanlaşdırma siyasətini daha aktiv bir şəkildə davam etdirməkdir. Bu tək yoldur və Azərbaycanın Qərb-Rusiya qarşıdurmasında tərəf seçməsi fəlakətə qapı açılması anlamına gəlir.

Azərbaycan üçün İsveçrə variantı

Əslində qarşıduran tərəflər arasında Azərbaycanın bitərəfliynin təmin olunması və ikinci dünya müharibəsində İsveçrəyə verilən bir statusun Azərbaycan verilməsi istər Rusya, istərsə də Qərb üçün daha arzuolunandır. Hər halda böyük geosiyasi savaşın daha az qanla bitməsi üçün, karbohidrogen ehtiyatlarının daha təhlükəsiz nəqlinin təminatı üçün və həmçinin üçüncü dünya savaşından qaça bilmək üçün bu ən arzu olunan variantdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq