XANKƏNDİNİN NÜFUZLU ZİYALISI

img

22-12-2025 [10:32]


Əməkdar jurnalist, tarix elmləri üzrə fəlsəfə doktoru, polkovnik Hikmət Cəmilzadəni 22 dekabr yeni yaşı münasibətilə təbrik edirik. O Xankəndi şəhərinə həm böyük sevinc, həm də qəlbi Vətən, yurd, Şuşa, Xankəndi və ümumən Qarabağ həsrəti ilə döyünən əzizlərinin- ana və iki qardaş itkisi ilə dönür...

***

...Xankəndi şəhərinin "Qarabağ” mehmanxanasında qalıb, Pedaqoji İnstituta qəbul imtahanlarına hazırlaşırdım. Mehmanxananın gecə mənzərələri çox qəribə olurdu. Erməni əyyaşları sabaha kimi çalıb-oynayırdılar...

 Bir gün küçədə Hikmət Cəmilzadə (Xudiyev) ilə tanış oldum, mehmanxanaya gəldik. Səhəri gün o, məni yaxınlıqdakı evlərinə apardı. O zamandan bizim əbədi və saf dostluğumuz başladı. Hər ikimiz Xankəndi Pedaqoji İnstitutunda təhsil aldıq. Hikmət əslən Xankəndidəndir, bir şəhərdə, bir institutda hələ o vaxtlar - 80-ci illərdə biz millətçilik oyunlarını sezirdik...

Hikmətlə mənim müəyyən qədər oxşar əlamətlərimiz də var idi. Ermənilər məni Hikmət bilib sorğu-suala da tuturdular. Maraqlı tələbəlik macəraları və Hikmətin qeyri-adi dost cəfakeşliyi heç yadımdan çıxmır. O illər, gözəl günlər arxada qaldı, xatirələrdə...

Biz isə yaşa dolub, ömrün müəyyən bir zirvəsinə yetişdik! Çox şükürlər, Şuşa- Xankəndi və umumən Qarabağ xatirələrimizi yeni yaş dövrümüzdə yenidən o gözəl diyarlarımızda yaşamaq imkanımız yarandı.

...Təəssüflər olsun ki, dost ailəsinin qəlbi-ruhu Qarabağ həsrətli ailə üzvləri- tələbəlik illərindən tanıdığım, Qarabağın xanım-xatın ziyalısı, Hikmət müəllimin anası Şura müəllimə, qardaşları tanınan, sevilən, nüfuzlu təhsil işçisi Nazim Xudiyev və Qarabağ olaylarını mətbuata gətirən, istedadlı jurnalist İlham Cəmiloğlu haqq dünyasına Vətən, yurd- Şuşa, Xankəndi həsrəti ilə qovuşdular. Allah onlara rəhmət eləsin!

Əziz dostum, Hikmət müəllim!

Bu həyat qəribəliklərlə doludur, nə edək?! Kim bu dünyanı tutub qalacaq?!

Üzüntülərinizə baxmayaraq həyat davam edir. Siz mükəmməl bir şəxsiyyət, həyat yaşamış bir insan kimi bütün Xudiyevlər ailəsinə təsəlli verib, yol göstənsiniz. Allah Sizi qorusun! Yeni yaşınız çox mübarək! Sizin həyat, yaşam və fəaliyyətiniz özü bir nümunədir. Azərbaycan Respublikasının DİN və FHN sistemində uğurlu fəaliyyətiniz, Vətənə, xalqa, dövlətə sədaqətli xidmətiniz gözlərimiz önündə olub. Daxili İşlər Nazirliyininin Polis Akademiyasında təhsil illərindən tutmuş, DİN-də məsul vəzifənizdən FHN-də daxili xidmət polkovniki rütbəsinə kimi həyatınız, elmi araşdırmalarınız, fəxri adınız dost sevinci olub. Hər dəfə Əməkdar jurnalist, tarix elmləri üzrə fəlsəfə doktoru, polkovnik rütbəli məsul şəxsi kimi imzanızı sevgi-sevinclə izləmişik.

Yeri gəlmişkən deyim ki, qəhrəman övladlarımızın həyat yoluna işıq saçan "Azərbaycanın Milli Qəhrəmanları” kitabınızdan Azərbaycan tarixi fənninin tədrisi zamanı və eyni zamanda, gənclərə cəsurluğu öyrədərkən bir ədəbiyyat nümunəsi kimi istifadə edirik. İyirmidən çox elmi-ədəbi və publisistik kitabın müəllifisiniz. Hər yazı və əsərinizdə bir şirinlik, bir gözəllik var.

Hikmət müəllim, ad gününü, şad gününü böyük hörmət və ehtiramla təbrik edirik! İnşallah, gənclik illərinin, tələbəlik günlərinin məkanı Xankəndi şəhərində, öz evinizdə yenidən görüşüb, xatirələrimizi bölüşmək istəyilə...

Səxavət TAĞLAR,
Əməkdar müəllim, Prezident təqaüdçüsü

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:37 21.12.2025

Maştağafa obyekt yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA