Yeni dövr yeni "Təhsil Qanunu" tələb edir

img

03-12-2025 [00:14]


Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi.

***

Bəli, dünya dəyişir. Süni intellekt artıq gələcəyin deyil, bu günün reallığıdır. Hər gün həyatımızın bütün sahələrini yenidən formalaşdırır. Ən çox da – təhsili.

Bu gün sinif otaqlarındakı ənənəvi model, müəllimin “yeganə bilik mənbəyi” olması, şagirdlərin hamısına eyni şəkildə, eyni templə, eyni proqramla yanaşılması artıq sürətlə aktuallığını itirir. Yeni dövr fərdiləşdirilmiş təhsili, rəqəmsal düşüncəni, analitik qabiliyyəti və süni intellektlə əməkdaşlığı tələb edir. Bunlar isə sadəcə metodika məsələsi deyil. Bu - tam yeni bir təhsil fəlsəfəsidir.

Bir çox vacib amillər yeni “Təhsil Qanunu”nun hazırlanmasını zəruri edir. Çünki hazırkı qanun qəbul ediləndə nə süni intellekt bu gücdə idi, nə də rəqəmsallaşma təhsilin özəyinə çevrilmişdi.

Bu gün isə:

– şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda formalaşır;

– bilik yox, bacarıqlar əsas dəyərə çevrilir;

– distant və hibrid təhsil dünyada geniş yayılır;

– əmək bazarı ildən-ilə dəyişir;

– məktəbin idarəetməsi artıq məlumatlara əsaslanır və s.

Belə reallıqda köhnə çərçivə ilə yeni nəsli yetişdirmək çətinləşir və mümkünsüzlüyə doğru gedir.

İndi biz təkcə tədris modelini yox, təhsil paradiqmasını dəyişən qlobal proseslərin içindəyik.

AI artıq müəllimə köməkçi deyil, öyrənmə mühitinin iştirakçısıdır.

Təhsil isə artıq divarlar arasında qalmır - hər yerdə, hər zaman davam edir.

Yeni model, yeni sistem – 8 saatlıq iş rejimi, rəqəmsal platformalar, müəllimin yeni statusu, fənn proqramlarının yenilənməsi və s. – bunların hamısı yeni qanunsuz mümkün deyil.

Bu yeni reallıqlar yeni qanunu qaçılmaz edir. Məsələnin bu qədər aktuallaşdığı bir zamanda Elm və Təhsil Nazirliyi artıq müvafiq dövlət qurumları qarşısında məsələ qaldırmalı, prosesin strateji əhəmiyyətini vurğulamalıdır.

Düşünürəm ki, gecikmədən:

– yeni qanun konsepsiyasının ilkin layihəsi hazırlanmalı,

– sənəd geniş ekspert, müəllim və ictimaiyyət müzakirəsinə çıxarılmalı,

– aidiyyəti strukturlarla birlikdə əməli işlərə start verilməlidir.

Çünki belə genişmiqyaslı dəyişikliklər dövlətin təhsil siyasəti əsas götürməklə yalnız peşəkarların, təcrübəli pedaqoqların, alimlərin, analitiklərin və məktəb rəhbərlərinin birgə yanaşması ilə mümkün olar.

Yeni, müasir “Təhsil Qanunu”nun hazırlanması sadəcə normativ sənəd məsələsi deyil - ölkənin gələcək intellektual gücünün təminatıdır.

Günümüzün reallıqlarını və gələcək perspektivləri nəzərə almaqla bu addımın atılması nəticə etibarı ilə təhsil sisteminin yenilənməsinə, gənc nəslin rəqabət qabiliyyətinin artırılmasına və müasir dünyanın reallıqlarına uyğun model qurulmasına xidmət etmiş olacaqdır.

Mövzu genişdir. Çalışdım ki, qısaca ifadə edəm. Ancaq düşünürəm ki, bu zamanın tələbi, gələcəyin çağırışı, bizim məsuliyyətimizdir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:35 02.12.2025

Bölgələrə qar yağır

12:21 02.12.2025

Sabah yağış yağacaq

12:06 02.12.2025

AZAL yenilik edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA