İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya nümayəndələri ilə görüş keçirildi 

img

09-06-2023 [11:12]


AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons/ICMP) nümayəndələri ilə görüş keçirilib. 

AMEA Arxeologiya,  Etnoqrafiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a bildirilib ki, İnstitutun Baş Direktor vəzifəsini icra edən Fərhad Quliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işğalçılar tərəfindən törədilmiş hərbi cinayətlərin izlərinin, qətlə yetirilmiş Azərbaycan vətəndaşı olan hərbi və mülki əsirlərin kütləvi dəfnlərinin tədqiqində rəhbərlik etdiyi elmi müəssisənin arxeoloqları və antropoloqlarının iştirakı barədə qonaqlara məlumat verdi. Bu mövzu üzrə İnstitutda ilk dəfə olaraq məhkəmə arxeologiyası və antropologiyası üzrə təcrübənin toplanması və mütəxəssislərin hazırlanması istiqamətində aparılan işlər  barədə söz açan t.ü.f.d. Fərhad Quliyev qeyd edilən sahələr üzrə beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi olaraq vurğuladı.

Məhkəmə Arxeologiyası və Antropologiyası üzrə Qarabağ arxeoloji ekspedisiyasının rəisi, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi katibi, t.ü.f.d. Akif Quliyev Edilli  (Xocavənd rayonu), Yuxarı Seyidəhmədli (Füzuli rayonu) kəndləri və Şuşa şəhəri ərazilərində aşkar edilən kütləvi məzarlıq və dəfnlərdə aparılan tədqiqatlarda rəhbərlk etdiyi ekspedisiyanın vəzifələri və görülmüş işlər barədə qonaqları məlumatlandırdı.

ICMP-i təmsil edən məhkəmə antropoloqu xanım Nikol Lambaher (Nicole Lambacher) və ICMP-in Cənubi Qafqaz proqramının rəhbəri xanım Karmen Osorno Solis (Carmen Osorno Solis) bildirdilər ki, onların əsas vəzifəsi — itkin düşmüş şəxslər üzrə aparılan təhqiqatlara cəlb edilmiş Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları və elmi müəssisələrinin statusunun, təcrübə səviyyəsinin qiymətləndirilməsini ehtiva edir. Aparılan qiymətləndirilmə əsasında qarşılıqlı razılaşma prinsipi üzrə hazırlanacaq rəylər gələcəkdə təmsil etdikləri beynəlxalq təşkilatın tövsiyyələrinin hazırlanması və daha sıx əməkdaşlıq üçün zəmin yaradacaqdır.  

Daha sonra İnstitutu təmsil edən mütəxəssislər qonaqların suallarını cavablandırmışlar, toxunulan problemlər üzrə fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, görüşdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü cənab Əli Məhərrəmov, habelə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun İcraçı Direktoru, t.ü.f.d. Zaur Həsənov, böyük elmi işçi, t.ü.f.d. Pərviz Qasımov, Məhkəmə Arxeologiyası və Antropologiyası üzrə Qarabağ arxeoloji ekspedisiyasının elmi heyətinin üzvü,  Eksperimental arxeoloji laboratoriyasının müdiri Əjdər Babazadə iştirak edirdilər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR