Vüqar Rəhimzadə: "Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən növbəti addımı dövlət suverenliyimizin təsdiqidir"
25-04-2023 [16:54]
"Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq müddət keçməsinə baxmayaraq, işğalçı dövlət sənəddən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi barədə düşünmür. İndiyədək Azərbaycan ən yüksək tribunalardan dönə-dönə bəyan edib ki, Qarabağda hələ də qanunsuz erməni hərbi dəstələri və kriminal ünsürlər qalmaqdadır. Bu problemin həll edilməməsində əsas günahkar olan Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın tələblərini kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. 2022-ci ildə Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Üçtərəfli Bəyanatın imzalanmasından ötən müddətdə Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolundan Ermənistan tərəfinin genişmiqyaslı sui-istifadə hallarına diqqəti yönəldir. Bu cür sui-istifadə halları sırasında Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin nəzarətində olan hissəsinə silah və sursatın daşınması, terrorçuların bölgəyə keçidi, təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınması qeyd edilir. Laçın yolu vasitəsilə daşınan minalar sonradan Azərbaycanın suveren ərazilərində basdırılaraq ağır fəsadlara gətirib çıxarır. Məhz bu səbəblərə görə Azərbaycan dünyada ərazisi mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 2020-ci ilin noyabr ayından bu günədək 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan qanunsuz məqsədlər üçün sui-istifadəni davam etdirməsi, təhlükəsizliyə ciddi maneələrin yaranması Azərbaycan hökumətinin Azərbaycan-Ermənistan sərhədində - Laçın-Xankəndi yolunun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirməsini bir zərurətə çevirdi. Bu baxımdan aprelin 23-ü çağdaş tariximizə əlamətdar günlərdən biri kimi daxil oldu. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suverenliyinin növbəti təsdiqi kimi dəyərləndirilir. Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə ermənilərin törətdikləri hərbi təxribatlarla bağlı Azərbaycanın sərt bəyanatlarına laqeyd yanaşılmasına, hətta bir qədər də irəli gedərək sülhməramlı missiyanın mahiyyətini dərk etmədən işğalçının qanunsuz əməllərinə dəstək verməsinə ölkəmiz ədalətə və beynəlxalq hüquqa əsaslanan addımı ilə cavab verdi".
Bu fikirləri Mia.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
O bildirib edib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında da bu məqam xüsusi qeyd edilir ki, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcək. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycanın bu ərazilərində milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Üçtərəfli Bəyanat üzrə öhdəliklərə uyğun olaraq Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın tarixi Zəfərini həzm edə bilməyən, bu səbəbdən də möhtəşəm Qələbəmizin yaratdığı reallıqları, ölkəmizin təklif etdiyi sülh müqaviləsinin mahiyyətini özlərinə sərf edən şəkildə təhlil edən bəzi dünya gücləri belə əsassız fikirlər irəli sürürdülər ki, guya Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. İstər bu mühüm addım, istərsə də dövlət başçısı İlham Əliyevin bu günlərdə Salyan şəhərində Azərbycan Televiziyasına müsahibəsində Ermənistana və ona havadarlıq edən dövlətlərə sərt mesajları belə düşüncə sahiblərinin planlarını alt-üst etdi. Ölkə Prezidenti bildirdi ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağı cinayətkarlardan və qeyri-qanuni silahlı birləşmələrdən təmizləməklə yanaşı, burada yaşayan erməniləri uzun illərin girovluğundan xilas edəcək. Atılan bu mühüm addım Azərbaycanın suveren hüququdur. Əslinə qalanda Ermənistan hakimiyyətinin və onlara havadarlıq edən dövlətlərin beynəlxalq hüquqa əsaslanan bu mühüm addımın ətrafında yaratdıqları ajiotaj gözlənilən idi. Reallıq budur ki, onların qanunsuz əməllərinin məhdudlaşdırılması əsassız bəyanatlarına yol açır ki, bu da Azərbaycanın ünvanına ötən illər ərzində səsləndirilən qeyri-ciddi, absurd, heç bir mahiyyət kəsb etməyən fikirlərdən biridir. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Ermənistana havadarlıq edən Fransa yenə də əsassız təbliğatı ilə gündəmdədir. Belə ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr sərsəm bəyanatında əlində heç bir əsaslı fakt olmadan Azərbaycanı üçtərəfli razılaşmanın tələblərini pozmaqda, hansısa beynəlxalq sənədə və məhkəmə qərarına zidd addım atmaqda ittiham edir. Təbii ki, Fransa kimi dünyaya “ədalət və beynəlxalq hüquq dərsi” keçməyə cəhd edən dünya gücü əməldə də bu dəyərləri qorusaydı belə sərsəm təbliğatından əl çəkər, dünyada etimad mühitinin yaradılmasına töhfələr verib sözün əsl mənasında Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasının vacib amil olduğunu əməldə təsdiqləyərdi. Real olan budur ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın bölgədə sülh, sabitlik və əməkdaşlıq mühiti yaratmaq istəyinin təcəssümüdür. Yaxşı olardı ki, Fransa Ermənistanın iki ildən artıq dövrdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozmasına münasibət bildirsin, ədalət və beynəlxalq hüquq prinsiplərini bilərəkdən pozmasın.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə qənaətinə gəlib ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” tezisi zaman-zaman atılan addımlarda öz təsdiqini tapır.
Lamiyə
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi