İsrail məşhur savaş taktikasını seçdi: İran bu istiqamətlərdən mühasirəyə alınır – Kohenin şifrələri

img

20-04-2023 [12:05]


Turan Rzayev,

Politoloq

***

İran-İsrail rəsmi olaraq müharibə vəziyyətində olmasa da, iki ölkə faktiki olaraq diplomatik siyasi sahədə proksi müharibə aparır. Bunu tərəflərin atdığı son addımlar fonunda da görmək olar.

İran İsrailə qarşı daha çox iki ənənəvi taktika ilə mübarizə aparır:

Birincisi, İran Yaxın Şərqdə maliyyələşdirdiyi dini, hərbi, radikal qruplaşmalar üzərindən İsrailə vaxtaşırı raket zərbələri endirir və ya terror aktları həyata keçirir.

İkincisi, rəsmi Tehran İsraillə sıx əməkdaşlıq edən və ya əməkdaşlıq etməkdə maraqlı olan ölkələri ya təhdid edir, ya da daxili sabitliyini pozmaq üçün ideoloji fəaliyyətə başlayır. Tehranın son zamanlar Azərbaycana qarşı sərgilədiyi mövqenin əsasını da bu təşkil edir.

İrandan fərqli olaraq İsrail daha təmkinli davranır. Rəsmi Təl-Əviv İranın zəifliklərini müəyyən edir, öyrənir, daha sonra bunu siyasi dividentlərə çevirir.

Bir müddət öncə İranın ölkədaxili və xaricdə yerləşən hərbi, strateji obyektlərinə aviasiya zərbələri endirildi. Zərbələrin kim tərəfindən endirildiyi məlum olmasa da, oxlar İsraili göstərirdi.

Təl-Əviv bu yolla, əslində, İranın diqqətini yayındırmağı planlaşdırırdı. Prinsip etibarilə də buna nail oldu. Belə ki, həmin aviazərbələrdən sonra İran hələ də növbəti ehtimal zərbələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür. İsrail isə İrana qarşı əsl planını ustaca icra edir.

İsrailin İrana qarşı proksi müharibəsində 2 nüans diqqət çəkir:

Birincisi, İranın xaricdəki müxalif qruplarından rejimə qarşı istifadə etmək. Hazırda İranın xaricində mövcud teokratik rejimə iki müxalif qrup – Şah tərəfdarları və Respublikaçılar var. Təl-Əviv bu iki müxalif qrupu tək cəbhədə birləşdirmək və mövcud rejimə alternativ güclü bir qüvvə yaratmaq istəyir.

Təl-Əvivin bu istiqamətdə İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu vəliəhd şahzadə Rza Pəhləvi ilə təmaslar qurması diqqət çəkir. Qısa desək, İsrail Pəhləvinin “seçilmiş monarx” ideyasını dəstəkləyərək İrana qarşı ən ciddi zərbəni vurmağı planlaşdırır.

İkincisi, İsrail İrandan fərqli olaraq həm də çoxşaxəli və detallı mübarizəyə üstünlük verir. Təl-Əviv anlayır ki, Rza Pəhləvi üzərindən xaricdəki müxalif qrupları bir araya gətirib Tehrana qarşı ciddi təzyiq imkanı əldə etsə də, İran daxilində heç də hər kəs pəhləviləri sevmir. Reallıq ondan ibarətdir ki, İrandakı müxalif türk siyasi elitası mövcud hakimiyyət qədər pəhləvilərə də nifrət edir.

İsrail həm Güney Azərbaycan, həm də Xorasan türklərinə təsir edəcək alternativ vasitələrə əl atır. Bu mənada İsrail dövlətinin xarici işlər naziri Eli Kohenin Azərbaycan və Türkmənistana səfərləri diqqət çəkir. Təl-Əviv Güney Azərbaycan türklərinin Azərbaycana və Azərbaycan Prezidentinə rəğbətini yaxşı bilir. Bu mənada Bakı-Təl-Əviv yaxınlaşması həm də bu kontekstdə diqqət çəkir. Düzdür, Azərbaycan ehtimal İsrail-İran toqquşmasında tərəfsiz qalıb, ərazisindən istifadəyə icazə verməsə də, Güney Azərbaycan məsələsində dəstək verə bilər.

Mümkündür ki, İsrailin xarici işlər naziri Eli Kohenin Türkmənistana səfəri də məhz eyni məntiqə söykənir. Belə ki, İsrailin Türkmənistanda açacağı səfirlik İranın şimal-şərq sərhədinə 15 mil məsafədə olacaq. Bu İran İslam Respublikasına ən yaxın yəhudi mərkəzi olacaq. Təl-Əviv Türkmənistan üzərindən Xorasan türklərinə təsir imkanı əldə etmək istəyir.

Nəticə etibarilə İsrailin İrana qarşı Azərbaycan və Türkmənistanla əməkdaşlıq etməsi bu ölkənin “Turan” taktikası kimi qiymətləndirmək olar. Təl-Əviv günbəgün bir hilal kimi Tehranı mühasirəyə alır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR