Moldova Rumıniyaya birləşir: Prezidentin dövlət dili ilə bağlı sözləri yeni planın anonsudur? (Şərh)

img

26-03-2023 [16:17]


Moldova Prezidenti Maya Sandu dövlət dilinin rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiq edib.

Mia.az-ın məlumatına görə, o, bu barədə belə açıqlama verib: "Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanun elan etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin”.

Məsələni Mia.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, prinsip etibarilə xanım Sandunun atdığı bu addım çox ciddi hadisədir: "Belə ki, Qərb yönümlü siyasətçi kimi tanınan Sandu verdiyi qərarı “tarixi və təkzibedilməz həqiqət” adlandırıb. Nə Moldova dili deyə xüsusi bir dil var, nə də Moldovan deyə bir xalq. Bu mənada Sandu “Moldovanın dövlət dili rumın dilidir” deyərək həm də moldovan kimi təqdim edilən xalqın rumin olduğunu demiş oldu. Xanım Sandunun “Mən istəyirəm ki, rumin dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin” sözləri isə faktiki olaraq iki ölkənin birləşməsi çağırışı kimi qiymətləndirilə bilər".

Politoloq deyir ki, mövcud Rusiya-Ukrayna müharibəsi Moldovanı da potensial təhdid altında qoyur: "Dnestryanı bölgədə vaxtaşırı gərginliyin artması da rəsmi Kişinyovu narahat edir. Mövcud Rusiya təhdidi qarşısında Moldova Avropa İttifaqı və NATO-ya yaxınlaşmaq istəsə də bunun gerçəkləşməsi mümkün görünmür".

Maya Sandunun ölkəsinin Avropa İttifaqı və NATO-ya üzvlüyünün yalnız Rumıniyaya birləşməklə mümkün olacağını düşündüyünü deyən Turan Rzayevin sözlərinə görə, ehtimal ki, Sandunun ağlında iki ölkənin büsbütün birləşdirilməsi layihəsi yoxdur: "O, daha çox Rumıniya-Moldova konfederasiyasının yaranmasını istəyə bilər. Belə olan təqdirdə, həm Moldova dövlətçiliyi qalmış olacaq, həm də Rumıniya ilə birləşdiyi üçün Moldovada Avropa İttifaqı və NATO üzvü sayıla biləcək. Lakin Maya Sandunun bu istəyi heç də Moldovada birmənalı şəkildə qarşılanmır. Misal üçün, Rusiya meylli qüvvələr belə bir addıma çətin ki, razı olsun. Bundan başqa Qaqauziya muxtariyyətinin rəhbəri İrina Vlaxda belə bir şey olacağı təqdirdə Qaqauziyanın öz müqəddəratını təyin edəcəyini dəfələrlə açıqlayıb. Yəni, xanım Sandu Rumıniya ilə birləşmək istəsə belə, bu, Moldovaya torpaq itkisi bahasına başa gələ bilər".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR