"Öləsi deyiləm, xəbərdarlıq edirəm, otursunlar yerlərində..." - General və keçmiş idarə rəislərinin məhkəməsində sensasiyalı iddialar açıqlandı

img

15-02-2023 [13:12]


Bakı Apelyasiya Məhkəməsində uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərovun məhkəməsi davam edir.

Mia.az musavat.com-a istinadla xəbər verir ki, sonuncu prosesdə Mövlam Şıxəliyev vəsatətlə çıxış edib. O, ittihamı müdafiə edən prokurordan ona qarşı sürülən ittihama hüquqi qiymət verməsini istəyib.

Vəsatətə münasibət bildirən generalın vəkili Ceyhun Yusifov bildirib ki, Mövlam Şıxəliyev ittiham tərəfindən ittiham aktının sübuta yetirilməsini xahiş edir: “Bu vəsatət əsaslıdır. Çünki Mövlam Şıxəliyevin özü də prokurora yalvarır ki, ona qarşı irəli sürülən ittihamı sübuta yetirsin. Buna görə də apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmalıdır. Qismən istintaq aparılmaqla bəzi işləri araşdırmaq lazımdır. İş üzrə 32 epizoddan heç biri məhkəmə tərəfindən sübuta yetirilməyib”.

Bir neçə zərərçəkmişin vəkili Osman Kazımov isə vəsatəti əsassız hesab edib. O deyib ki, bu məsələyə hazırda hüquqi qiymət verilə bilməz. Yerində müşavirə keçirən hakim heyəti vəsatəti təmin etməyib.

Daha sonra Mövlam Şıxəliyev deyib ki, ona qarşı rüşvət alma və hədə-qorxu yolu ilə ittiham irəli sürülüb. Onun sözlərinə görə, rüşvət alma ittihamı üzrə kimdən rüşvət alınması ilə bağlı sübutlar olmalıdır.

Mövlam Şıxəliyev qeyd edib ki, rüşvətalma ilə bağlı möhürlənmiş heç bir sənəd cinayət işində yoxdur. O, bu epizodlar üzrə şahidlərin apelyasiya instansiyasında dindirilməsini istəyib. Vəsatətə münasibət bildirən Ceyhun Yusifov deyib ki, müvəkkilinə iş üzrə zərərçəkmiş Anar Heydərovdan hədə-qorxu yolu ilə pul tələb olunması ittihamı verilib: “Amma bu şəxs birinci instansiya məhkəməsində dindirilməyib, araşdırma aparılmayıb. Buna baxmayaraq həmin epizod üzrə ittihamedici hökm çıxarılıb. Müdafiə tərəfi olaraq vəsatətin təmin olunmasını istəyirik”.

Digər təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasını istəyib. Bildiriblər ki, bu epizodlar üzrə onlara qarşı sürülən ittihamda heç bir sübut yoxdur. Günahsız olduqları birinci instansiya məhkəməsi tərəfindən sübuta yetirilsə də, onların barəsində ittihamedici hökm çıxarılıb.

Zərərçəkmiş Hüseyn Səfərov isə təqsirləndirilən şəxslərə qarşı ittihamların sübuta yetirildiyini deyib: “Camaatdan hədə-qorxu yolu ilə pul alıblar. Hələ burada danışırlar da. Biz vəsatətin rədd olunmasını istəyirik”.

Məhkəmə Mövlam Şıxəliyevin bu vəsatətini də təmin etməyib. Daha sonra Mövlam Şıxəliyev əmlakları üzərinə qoyulan həbslərin götürülməsini, ona bəraət verilməsini, ədalətli qərar qəbul edilməsini istəyib. Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, bu vəsatətdə olan məsələlərə məhkəmə yekunda qiymət verəcək.

Bundan sonra hakim Ceyhun Yusifova apelyasiya şikayəti üzrə çıxış etməyə söz versə də, vəkil məhkəmənin hazırkı mərhələsində çıxışa hazır olmadığını deyib. Bildirib ki, digər təqsirləndirilən şəxslər çıxış edəndən sonra apelyasiya şikayətinin dəlilləri üzrə çıxış edəcək.

Generalın digər vəkili Arzu Cavadov da hazırkı mərhələdə çıxış etmək istəməyib. O, Mövlam Şıxəliyevin çıxışı ilə razı olduğunu bildirib.

Daha sonra təqsirləndirilən Yasin Məmmədov apelyasiya şikayətinin dəlilləri üzrə çıxış edib. O, apelyasiya şikayətini müdafiə edib. Bildirib ki, barəsində aparılan istintaq hərəkətləri zamanı çoxsaylı qanun pozuntularına yol verilib və barəsində elan olunan ittiham birinci məhkəmə instansiyasında aparılan istintaq zamanı sübuta yetirilməyib. Yasin Məmmədov qeyd edib ki, 1-ci Qarabağ döyüşlərində 6 qardaşı ilə birgə iştirak ediblər. Yasin Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinin sabiq rəisi Eldar Əhmədovu, müstəntiqlər Qasım Məmmədov və Əli Babayevi qanunsuz istintaq aparmaqda ittiham edib. O deyib ki, vaxtilə bir çox ümumi iclaslarda Eldar Əhmədovun fəaliyyətini tənqid edib: “Buna görə də Eldar Əhmədov məndən qisas alır. Mənim, ümumiyyətlə, əvvəldən Mövlam Şıxəliyevlə aram olmayıb. Xidmət dövründə Mövlam Şıxəliyev mənə düşmən kimi baxıb. İndi necə olur ki, biz mütəşəkkil cinayətkarlıqda mühakimə olunuruq? Mövlam Şıxəliyev xidmət dövründə mənə heç nə etibar etməyib. Adama belə ittiham verərlər? Eldar Əhmədov və Qasım Məmmədov barəmdə mənfi fikirlər formalaşdırıblar. Bu formada da barəmdə qanunsuz ittihamedici hökm çıxarılıb”.

Yasin Məmmədov qeyd edib ki, onu 2015-ci ildə ittiham etmək istəyiblər: “Amma heç bir sübut tapa bilməyiblər. Mən sonradan Dövlət Təhlükəsizliyi Xidmətində işimi davam etdirdim. 2020-ci ildə təqaüdə çıxdım. Həmin illər ərzində Prezidentin korrupsiyaya qarşı apardığı siyasəti üzrə istintaq qrupuna rəhbərlik etmişəm. Rüşvətlə tutulan icra başçılarının istintaqını aparmışam. Amma sonradan özümü ittiham etdilər. Rüşvət alma ilə bağlı əməliyyat keçirilir, çəkiliş aparılır, möhürlənmiş sənədlər götürülür. Amma bizə qarşı irəli sürülən ittihamların heç birin də belə bir hal yoxdur. 14 ildən sonra yada düşüb ki, kimlərdənsə rüşvət almışıq.”

Yasin Məmmədov deyib ki, baş prokuror Kamran Əliyevin oğlu Kənan Əliyev Dövlət Təhlükəsizliyi Xidmətində hərbi xidməti keçib: “Onu mənim şöbəmə vermişdilər. Mən ona əsgər kimi yox, bir istintaqçı kimi yanaşırdım. Xarici dil bilirdi, yaxşı savadlı idi. Ona görə də istəyirdim ki, xüsusi xidmət orqanlarında xidmətini davam etdirsin. Amma özü bunu istəmədi. Bu gün barəmdə baş prokurora mənfi fikirlər çatdırılar. Amma baş prokuror məni oğlundan maraqlansa, mənim necə bir istintaqçı olduğumu bilər”.

Yasın Məmmədov qeyd edib ki, xüsusi xidmət orqanına işə gələndə imkanları geniş olub, oradan təqaüdə çıxanda isə imkansız duruma düşüb: “Oğlum təhsil haqqını toplamaq üçün ofisiant işləyir. Hansı məmurun övladı ofisiant işləyər? Biz bu günlərə belə yollar keçərək gəlmişik. Mənim əmlakımın olması ilə bağlı müvafiq sorğular verilib. Amma heç bir əmlakım olmadığı üzə çıxıb. Axırda 1996-cı ildə qardaşımın aldığı əmlakın üzərinə həbs qoyulub. Bu biabırçılıqdır”.

Yasin Məmmədov qeyd edib ki, ona zərərçəkmiş Cahangir Məmmədovdan 80 min manat tələb etməsi ilə bağlı ittiham verilib: “Bu da absurd ittihamdır. Yazırlar ki, guya biz ondan pul tələb etmişik, o da evini satıb bizə verib. Bundan sonra Cahangir intihar edib. Cahangirin arvadı məhkəmədə ifadə verdi və bildirdi ki, Cahangiri qardaşı Arif öldürüb. Cahangirin özü də istintaq altında olanda deyirdi ki, onu bu günə qardaşı salıb. Deyirdi ki, qardaşıma yaxşı işlər görmüşəm, o isə həbsdə olanda mənə baxmır”.

Zərərçəkmiş Əfsəl Həsənəliyevin epizoduna toxunan Yasin Məmmədov onu yalan danışmaqda ittiham edib: “Əfsəl Həsənəliyev deyir ki, guya kredit götürüb, həmin pulu da bizə verib. Amma həmin pulu Əfsəl Həsənəliyev taxta biznesinə yatırıb. O, səsini yazmadığı adam, hakim, prokuror yoxdur. Hakimlərin, prokurorların səsini yazır, sonra da onları şantaj edir”.

Yasin Məmmədovun epizodu üzrə zərərçəkən Sərdar İsmayılov ona etirazını bildirib. Yasin Məmmədovu yalan danışmaqda ittiham edib. Bildirib ki, Yasin Məmmədovun qanunsuz əməlləri nəticəsində ona külli miqdarda ziyan dəyib: “Mənim İrana apardığım malı qanunsuz olaraq ələ keçirdiniz. Burada da yalan danışırsan. Həmin mal dövlət nəfinə müsadirə etdiyinizi deyirdiniz. Haradadır bu haqda qərar? İllərdir tələb edirəm. Malı da aparıb Yaşar Cabbarovun vasitəsilə satdınız. Mənə milyondan çox ziyan vurmusunuz, qanunsuz olaraq həbs etmisiz. İndi də burada gəlib yalan danışırsan”.

Yasin Məmmədov deyib ki, Mövlam Şıxəliyev onun iş həyatını məhv edib: “Mən daha yüksəklərdə ola bilərdim, rütbəm arta bilərdi. Bunların qarşısını alan şəxs olub. Xidmət dövründə toylara, yas yerlərinə gedə bilməmişəm. Xidməti fəaliyyətimlə bağlı mən də daim qüsur axtarıb. İndi məni onunla mütəşəkkil dəstə yaratmaqda ittiham edirlər. Belə bir biabırçı ittiham heç vaxt görünməyib. Əmlaklarımın olmasını müəyyən etmək istəyiblər. Amma olmayan əmlakı necə müəyyən etmək olar? Mənə qarşı kimlərsə düşmənçilik edir. Amma düşmənçilik edəndə də gərək kişi kimi düşmənçilik etmək lazımdır. Məni Mövlam Şıxəliyevlə eyni icraatda ittihamın verilməsini belə özümə qarşı hörmətsizlik hesab edirəm”.

Yasın Məmmədov bildirib ki, ittihamda zərərçəkmişlərdən Ağasalam Ağamalıyevdən pul və bahalı saatlar almaları yazılıb: “Birincisi, bu ittihamı yazanlar Milli Təhlükəsizliyi Nazirliyinin strukturu ilə maraqlansınlar. Görüsünlər ki, bu qədər pulu, saatları nazilriyin binasına keçirmək mümkündürmü? Bu qədər şər-böhtan olmaz”.

Digər təqsirləndirilən şəxs Sahib Ələkbərov da ittihamlarla razı deyil. O, sifarişlə həbs olunduğunu iddia etdi: “Mənə ibtidai istintaqını apardığım işlər üzrə ittiham veriblər. Mən də deyirəm ki, mən də həmin işlər üzrə cinayət törətməmişəm. Düzünü istəmirsən? Borcun deyil işin hallarını tam, hərtərəfli araşdırasan? Xahiş edirəm ki, mən istintaqını apardığım işlər üzrə Bakı Ağır Cinayətlər Məhkəməsindən hökmləri tələb elə, gəl mənim iştirakımla araşdıraq. Əgər ittiham sübut olunarsa, asın məni ayaqlarımdan. Mən dediklərim sübut olunarsa, onda da zəhmət çəkin, qanuni qərar qəbul edin”.

Sahib Ələkbərov iddia edib ki, iş üzrə ona rüşvət verilməsinə dair bir fakt belə yoxdur. O, Qulam Bağırov epizodu üzrə danışarkən deyib ki, hazırda zərərçəkən şəxs statusunda olsa da, barəsindəki məhkəmə hökmü bu gün də qüvvəsindədir: "Birinci instansiya məhkəməsi epizod üzrə məni cəzadan azad edib, lakin mülki iddianı da təmin eləyib. Guya rüşvəti mənə Bağırov Qulamın qardaşı Sərdar verib. Onun barəsində də məhkəmə hökmü var. O, ABŞ maliyyə şirkətinin Azərbaycanda nümayəndəsi olması görüntüsü yaratmaqla vətəndaşların etibarını qazanaraq bir neçə vətəndaşın əmlakını ələ keçirib. Onun şəxsiyyəti nəzərə alınmaqla mənə qarşı ifadələri məhkəmədə mötəbər sübut kimi qəbul oluna bilməz. O, keçmiş baş prokuror Zakir Qaralovun çağırışlarından ilhamlanaraq gəlib mənim barəmdə yalançı ifadələr verib. Mən onu cinayət məsuliyyətinə alan zaman bu adam Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili idi. Mən necə əməliyyat müvəkkilinə hədə-qorxu gəlib ondan rüşvət ala bilərdim?”

Sahib Ələkbərov ona ittiham elan olunmuş epizodlar üzrə dəlilləri sadalamaqla bir çox səs-küylü cinayət işləri üzrə istintaq apardığını bildirib. Hacı Məmmədovun dəstəsinin işi üzrə o zaman Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinin rəisi olan, sonradan baş prokurorun 1-ci müavini təyin olunan Rüstəm Usubovu dindirdiyini xatırladıb.

Deyib ki, o zaman Rüstəm Usubov onu hədələyib: “Məndə Baş Prokurorluğun bəzi rəhbər şəxslərinin səs yazıları var. Başıma bir iş gəlsə, onu lazımi ünvanlara təqdim eləyəcəklər. O zaman yer yerindən oynayacaq. Öləsi deyiləm, xəbərdarlıq edirəm, otursunlar yerlərində, mənimlə işləri olmasın! Məhkəmələrə müdaxilə edib qanunsuz qərarlar verilməsinə nail olmağa çalışmasınlar. Mən siz hakimlərə inanıram. Bilirəm ki, sizə hər hansı bir təzyiqlə qanunsuz qərar qəbul etməyəcəksiniz. Çünki Azərbaycanda məhkəmələr müstəqildirlər”.

“Yeni Müsavat”


Digər xəbərlər
SON XƏBƏRLƏR