Azərbaycanda etik davranış üzrə müvəkkil vəzifəsi təsis olundu - DETALLAR

img

01-02-2023 [17:23]


Prezident İlham Əliyevin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilməklə müvəkkilə aid tələblər və onun səlahiyyətləri müəyyən olunur.

Qanuna görə, dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli məsələlərinə məsul olan etik davranış üzrə müvəkkil təyin edilir.

Qanuna əlavə edilmiş yeni maddəyə əsasən, etik müvəkkil aşağıdakı fəaliyyətləri yerinə yetirəcək:

- Bu qanunla müəyyən edilmiş etik davranış qaydalanına əməl olunması vəziyyətini öyrənir, etik davranış qaydalanının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan qaldırılması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər və tövsiyələr verir;

- Dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır,

- Daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar verir,

- Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlanını hazırlayır və təlimlərin təşkilində iştirak edir,

- Etik davranış qaydalanının pozulmasının qarşısının alınması profilaktik tədbirlər görür, etik davranış qaydalarının pozulması faktları üzrə dövlət orqanının rəhbərinə məlumat verir;

- Dövlət qulluqçulanının etik davranış qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”da dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi və dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməli olduğu qeyd olunub.

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti və Dövlət İmtahan Mərkəzi 2019-cu ildə dövlət orqanlarında etik müvəkkil vəzifəsinin təsis edilməsinə dair təkliflər hazırlamalı idilər. Qanun layihəsi də məhz buna uyğun olaraq hazırlanıb və qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR