Lavrovla Ceyhun Bayramovun Moskvadakı brifinqində Vardanyandan söz açıldı: “Regonu nə qədər tez tərk etsə..." - FOTO (Yenilənib)

img

23-12-2022 [18:45]


Azərbaycan XİN Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri barədə açıqlama yayıb.

XİN-dən Mia.az-a verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Bildirilibki, görüşdə, Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda cari vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və s. sahələr üzrə mövcud ikitərəfli əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, Azərbaycan və Rusiya arasında mövcud müqavilə-hüquq bazasının, intensiv siyasi dialoqun və artan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İkitərəfli münasibətlərlə yanaşı, iki ölkənin regional səviyyədə əməkdaşlıq məsələləri diqqətə çatdırılıb.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qeyri-qanuni iqtisadi fəaliyyətə cavab olaraq Laçın yolu ətrafında etirazlar müzakirələrin əsas mövzusu olub. Ceyhun Bayramov, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan tərəfindən sözügedən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasının, Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı və bununla bağlı ekoloji vəziyyətin gərginləşməsinin, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatda yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olduğu bildirilib. Bununla yanaşı, davam edən mina təhdidləri və Laçın yolundan istifadə etməklə minaların ötürülməsi halları bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.

Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfindən guya Azərbaycanın Laçın yolunu bağlaması, ərazilərimizdəki erməni sakinlərin “blokada”ya alınması haqqında əsassız iddiaların həqiqəti əks etdirmədiyi və bu iddiaların Laçın yolundan nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirən videogörüntülər tərəfindən təkzib edildiyi vurğulanıb. Bununla yanaşı, Azərbaycan tərəfinin 2 oktyabr tarixində Cenevrədə görüş zamanı Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin elementləri üzrə danışıqların Moskvada keçirilməsi nəzərdə tutulan növbəti raundunda Ermənistanın iştirakdan imtina etməsinə baxmayaraq, bu istiqamətdə müzakirələrin davam etdirilməsinə Azərbaycanın qərarlı olduğu bildirilib.

Nazir Sergey Lavrov, Azərbaycan və Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından bəhs edib. Bu xüsusda, əlaqələrin daha da inkişafı üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb. Nazir Sergey Lavrov, bölgədə mövcud olan gərginliyin aradan qaldırılması, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində üçtərəfli bəyanatların icrasının vacibliyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

***

“Ermənistan ictimai rəylə manipulyasiya etməyə çalışır”.

Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Moskvada keçirilməli olan danışıqların üçüncü raundunun baş tutmayacağı barədə bir gün əvvəl xəbər tutub: "Mən Ermənistanın həyata keçirdiyi manipulyasiya kampaniyasına diqqət çəkmək istərdim. Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi təqdim etdi. Demək olar ki, eyni vaxtda Ermənistan nümayəndələri bu barədə geniş ictimaiyyətə məlumat verdilər. Bununla paralel olaraq, Azərbaycanın guya danışıqlardan imtina etdiyi barədə şaiyələr yaydılar. Bu açıq şəkildə göstərir ki, Ermənistan səylərini prosesin özünə deyil, onun imitasiyasına yönəldir. İctimai rəylə manipulyasiya etməyə çalışırlar. Zaman və şərait dəyişsə də, vərdişlər dəyişməyib. Amma bunun Ermənistan tərəfinə nə verdiyi bəlli deyil". 

Laçın yolu ətrafında yaranmış vəziyyətə münasibət bildirən nazir onun blokadaya alınması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb. "Mövcud faktlarla bunu təkzib etmək asandır".

Ceyhun Bayramov daha sonra Xankəındiyə sığınaraq orada separatizmi qızışdıran milyarder Ruben Vardanyandan danışıb.

Nazir deyib ki, onun fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır: "Regionda məskunlaşmış Vardanyanın fəaliyyəti avantürist xarakter daşıyır. O, regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Çünki bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Belə ki, bu, yerli əhalinin reinteqrasiya prosesinə mane olur".

XİN başçısı bütün maraqlı tərəfləri regionda yaşayan erməni əhalisinin reinteqrasiyası prosesinə töhfə verməyə çağırıb: "Azərbaycan tərəfi bu istiqamətdə addımlar atıb və bu addımları gələcəkdə də davam etdiriləcək".

Nazir rəsmi irəvana da səslənib: "Biz Ermənistanı öz öhdəliklərinə ciddi yanaşmağa çağırırıq”.

O bildirib ki, tez-tez Azərbaycan tərəfinin üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsinin zəruriliyi ilə bağlı çağırışlar eşidirik, amma əslində müddəaları rəsmi İrəvan pozur”.

Onun sözlərinə görə, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, Ermənistan hərbçi qulluqçularının ərazimizdə olması hiddət doğurur: "Digər aktual məsələ minalar mövzusudur. Mina terroru davam etdirilir, bu isə etnik təmizləmə siyasətinin davam etdirilməsi deməkdir".

Lavrov isə bu günkü görüşə diqqəti çəkərək, bildirib ki, Ceyhun Bayramov rəsmi Bakının hazırkı vəziyyətə baxışını ətraflı izah edib.

O bildirib ki, əgər Ermənistan xarici işlər naziri Mirzoyan razılaşmaya riayət edərək iştirakını təsdiqləsəydi, o da eyni imkana malik olardı və bu halda dünya ictimaiyyəti özü nəticə çıxara bilərdi: "Hər dəfə hər hansı hadisədən sonra tərəflərdən biri danışıqlar raundunda iştirakdan imtina edərsə, münaqişələr daha uzun müddət davam edəcək. Bu, heç vaxt heç kimə xeyir gətirməyib. Ermənistanlı həmkarımız öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq fürsətini əldən verdi”.

Lavrov daha sonra qeyd edib ki, hazırda Xarici İşlər nazirliklərinin xətti ilə Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır

O, Azərbaycanın təşəbbüsü ilə yaradılan platforma çərçivəsində bir görüşün artıq keçirildiyini, lakin Gürcüstan tərəfinin bu görüşdə iştirak etmədiyini xatırladıb.: "Biz artıq nazirlər səviyyəsində görüş hazırlayırıq. Belə görüşün keçirilməsi məqsədəuyğundur. Bu görüşün nə zaman və harada keçiriləcəyini razılaşdırmağa çalışırıq".

***

“Ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina ediblər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

"Sülh müqaviləsi ilə bağlı müzakirələr bu gün də davam etdiriləcək. Biz bu tədbirə hazırlaşırdıq, amma təəssüf ki, son anda ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina etdilər. Mütəmadi olaraq görüşmək, danışıqlar aparmaq və bütün məsələləri həll etmək üçün zəmin yaratmaq lazımdır”, - S.Lavrov bildirib/Report.

AzərbaycanXİN başçısı C.Bayramov isə deyib ki, biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik: “Düşünürəm ki, səmərəli müzakirələr aparacağıq. Dövlətlərimiz arasında münasibətlərin qurulmasının yubiley ilinə yekun vurmaq və 2023-cü ilin əvvəli ilə bağlı məsələləri müzakirə etmək imkanımız olacaq. Bu görüşün təşkilinə görə sizə təşəkkür edirəm".

Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Məluamat görə, görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunacağı gözlənilir/Report.

Qeyd edək ki, bu, Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında cari ayda ikinci danışıqlardır. Bundan əvvəl onlar dekabrın əvvəlində Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərini, eləcə də ikitərəfli əməkdaşlığın gündəliyini müzakirə etmək üçün görüşüblər.

Xatırladaq ki, dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanması məsələsini müzakirə etmək üçün görüşü planlaşdırılsa da, İrəvan görüşdə iştirakdan imtina edib.

***

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Mia.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR