Lavrovla Ceyhun Bayramov Moskvada bir arada: "Razılaşmalar mühüm əhəmiyyət kəsb edir" - İlk açıqlamalar (FOTOLAR/Yenilənib)

img

05-12-2022 [19:08]


Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun dekabrın 5-də Moskvada Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşdə müzakirə etdiyi məsələləri açıqlayıb.

Mia.az XİN-ə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, iqtisadiyyat, təhsil, nəqliyyat və digər ikitərəfli və regional sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri, üçtərəfli bəyanatların icrası müzakirə edilib.

C.Bayramov Azərbaycan və Rusiya arasında yüksək səviyyəli dialoqun və sıx təmasların olmasından məmnunluq ifadə edib. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının cari ildə 30 illik yubileyinin qeyd olunduğunu söyləyən nazir, müxtəlif tədbirlərin keçirildiyini və bu tədbirlərin ikitərəfli münasibətlərə töhfə verəcəyini qeyd edib.

Azərbaycanlı nazir, həmçinin post-münaqişə dövründə sülh gündəliyi və Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib.

Ermənistanın prosesi ləngitmək cəhdləri, Üçtərəfli Bəyanat, xüsusilə də 4-cü və 9-cu bəndlər üzrə öhdəliklərini yerinə yetirməməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb. Azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən söz açan C.Bayramov Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkar edilməsinin Ermənistan tərəfindən öhdəliklərinin ciddi şəkildə pozuntusu olduğunu və sülh prosesinə xələl gətirdiyini vurğulayıb. Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub.

Geniştərkibli görüşdən sonra Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb.

Daha sonra, nazirlərin iştirakı ilə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş poçt markalarının xüsusi poçt ştempeli ilə damğalanması mərasimi keçirilib. Eyni zamanda, yeni nəşr olunmuş Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin toplusunun 2-ci cildi təqdim edilib.

Qeyd edək ki, C.Bayramov dekabrın 4-5-də Rusiya paytaxtında işgüzar səfərdə olub.

***

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov arasında keçirilən görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planı imzalanıb.

***

“Rəsmi Bakı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirir”.

Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

C.Bayramov rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ən mühüm amilin üçtərəfli bəyanatların müddəalarının tam şəkildə həyata keçirilməsi olduğunu, lakin təəssüf ki, üçtərəfli bəyanatın bir sıra fundamental şərtlərinin yerinə yetirilmədiyini vurğulayıb: "Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb, mina təhlükəsi isə hələ də qalmaqdadır".

XİN rəhbəri Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700 mina aşkar edildiyini və bunun Laçın dəhlizinin təyinatı üzrə istifadə edilmədiyinin göstəricisi olduğunu nəzərə çatdırıb.

Ceyhun VBayramovun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu bu ilin sonuna qədər baş tuta bilər:  “Azərbaycan tərəfinin üçüncü cavab paketi artıq Ermənistan tərəfinə təqdim edilib və biz hesab edirik ki, bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu keçirilə bilər"

Lavrov isə bildirib ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycanla Rusiya arasında gələcək əməkdaşlıq vektorunu müəyyən edib: "Bu ilin mühüm hadisəsi fevral ayında Rusiya ilə Azərbaycan arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması olub. Bu tarixi sənəd iki dövlət arasında gələcək əməkdaşlıq vektorunu müəyyən edir".

Lavrov qeyd edib ki, Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Moskvada keçirilən görüşdə Qarabağdakı ekoloji vəziyyəti müzakirə ediblər: "Biz bu mövzuya bir qədər vaxt ayırdıq. Bildirdik ki, sizin dediyiniz kimi, Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycan qurumlarının nümayəndələri yerlərdə iş aparırlar. Digər hallarda olduğu kimi, azərbaycanlı həmkarlarımızın üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi ilə bağlı meydana gələn bütün sualları bizim üçün prioritet əhəmiyyət kəsb edir. Yerlərdəki hərbçilərimiz bununla fəal məşğul olurlar”.

Rusiya XİN başçısı bildirib ki, Praqada Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir: “Biz hələ də tərəflərə kömək etməyə hazırıq, fundamental məsələlərlə bağlı qərar qəbul etmək vacibdir. Praqada dövlət başçıları arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Onlar bütün problemləri BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq həll etmək niyyətində olduqlarını qeyd ediblər.

Biz iki ölkə arasında münasibətlərin normallaşması üçün çoxdan Moskva layihəsini hazırlamışıq. Rusiyanın ümumi baza tapmağa kömək etmək istəyinin göstəricisi kimi, bu layihə tərəflərə təhvil verilib. Layihə hər iki dövlət tərəfindən müsbət qarşılanıb. İndiyədək Azərbaycan tərəfindən beş prinsip təklif olunub, sonra Paşinyanın bu prinsiplərə reaksiyası gəldi. Belə ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşü zamanı Azərbaycan tərəfi mümkün sənədin növbəti variantını təqdim edib, ABŞ paytaxtından qayıtdıqdan sonra isə Ermənistan nümayəndələri əks təkliflərini təqdim ediblər".

***

“Azərbaycan ilə Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında aktiv dialoqun sübutudur”.

Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündə deyib.

Nazir onu da bildirib ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur: “Bugünkü müzakirələrin əsas mövzusu münaqişədən sonrakı məsələlər, həmçinin üçtərəfli bəyanatların müddəalarının icrası olacaq”.

***

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Məlumata görə, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilir/Report.

Lavrov görüşdə deyib ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədin delimitasiyasına və sülh müqaviləsinin imzalanmasına yardım etmək niyyətindədir.

O bildirib ki, Rusiya həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə etimad tədbirlərinin gücləndirilməsinə hərtərəfli töhfə verməkdə maraqlıdır.

***

Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasındakı görüşdə müzakirə olunacaq mövzular açıqlanıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, o cümlədən regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

XİN qeyd edib ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir: “Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xətlə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”.

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR