"Mən bir zirvə tanıyıram..." - FİKRƏT ƏMİROV haqqında nələr bilirik?

img

24-11-2022 [13:21]


"Mən bir zirvə tanıyıram. Uca zirvə... Günəşli zirvə... Vüqarlı zirvə... O zirvə dünyanın hər yerindən görünür. Bəzən Nyu-Yorkun alqışlarından titrəyən konsert salonları o zirvəyə səcdəyə gəlir, bəzən dumanlı Londona o zirvədən şəfəqlər süzülür..."  - Xalq şairi NƏBİ XƏZRİ belə demişdi. 

O, 1949-cu ildə Dövlət Mükafatına layiq görülmüş görkəmli bəstəkarın - Fikrət Əmirovun iki böyük şedevri - "Şur" və "Kürd ovşarı" haqqında demişdi bu sözləri. 

İki tip musiqi təfəkkürünün - xalq və Avropa musiqisinin sintezi olan simfonik muğamlar yeni bir janrın əsasını qoymaqla özündən sonra elə bir zəmin hazırladı ki, bu zəmin əsasında sonradan Niyazi, Süleyman Ələsgərov... kimi bəstəkarlar öz maraqlı nümunələrini yarada bildilər. Bu əsərlərlə Fikrət Əmirov "Şərq simfonizmi"nin əsasını qoydu.

Azərbaycan musiqisinə "Min bir gecə"ni, "Şur"u, "Azərbaycan kapriççiosu"nu,  "Sevil"i..., könüllləri fəth edən saysız mahnıları bəxş edən, yazdığı əsərlərdə öz bənzərsiz üslubunu yaradan, musiqisi xarici ölkə dinləyicilərini heyrətləndirən Fikrət Əmirovun doğum günüdür. 

Bu il həm də böyük bəstəkarımızın 100 illik yubileyi qeyd olunur. 

Hörmətlə, ehtiramla, sevərək xatırlayaq.

Fikrət Əmirov: "Məni bəstəkar edən Azərbaycan tarıdır..."

Fikrət Əmirovdan söz açmaq hər hansı bir dəryaya baş vurmaq kimidir. 

Fikrət Əmirov Azərbaycan bəstəkarı, musiqi xadimi, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri , Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan SSR Ali Sovetinin IV–IX çağırış deputatı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. 

Fikrət Əmirov fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı  SSRİ Xalq artisti , Azərbaycan SSR Xalq artisti, Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı , Azərbaycan SSR Dövlət mükafatlarına layiq görülmüşdür. 

 

Deyirlər ki, Fikrər Əmirovun ən çox sevdiyi alət tar olub. Bəstəkarın atası tarzən olub, özü də eyni zamanda tarda ifa edə bilirdi. Fikrət Əmirov öz xatirələrində qeyd edir ki, "Məni bəstəkar edən Azərbaycan tarıdır, Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz ediir."

 

Həyatı:

Fikrət Əmirov 1922-ci ilin noyabrın 22-də Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində, Gəncə şəhərində anadan olmuşdur. 

Fikrət Əmirov ailənin ikinci övladı idi. 

O, uşaqlığından atası tarzən Məşədi Cəmil Əmirovun əsərlərinə, xüsusilə musiqilərinə qulaq asırdı. Onun bəstəkar kimi formalaşmasında o dövrün sənətkarlarının, bir sözlə, yaşadığı mühitin təsiri olub. 

1928-ci ildə Məşədi Cəmil Əmirovun qəfil vəfatından sonra, evin yükü 6 yaşlı Fikrətin üzərinə düşür. Dürdanə xanım 6 övladını tək böyütməli olur. Fikrət Əmirov yaşadığı çətinliklə baxmayaraq, atasının sənət yolunu davam etdirməyə çalışır. O, ailəsində ondan cəmi 1 yaş böyük olan bacısı Yaxşı xanımla çalışırdı. 

Fikrət Əmirov Gəncədə bacısı ilə Uşaq Yaradıcılığı Olimpiadalarına qatılmağa başladı. Bu olimpiadalarda Yaxşı xanım Azərbaycan xalq mahnılarını oxuyur, Fikrət isə onu tarda müşayiət edirdi. İstedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyov burada Məşədi Cəmil Əmirovun övladlarının istedadı ilə tanış olur. Yaxşı xanım Gəncədə olimpiadada birinci yeri tutur və Bakıdakı olimpiada da qardaşı ilə birincilər sırasına yazılır. 

Yaxşı xanımın xanəndəliyə çox böyük həvəsi olub. Lakin, Fikrət Əmirov ona müğənni olmağı məsləhət görmədiyi üçün o, Tibb Universitetinə daxil olaraq həkim peşəsinə yiyələnir. Onlar Bakıya eyni zamanda gəldilər. 

Fikrət Əmirov Bakıya gələrkən gələcək peşəsini seçməsi barədə çox düşünür. Lakin anası Dürdanə xanımın məsləhəti ilə Konservatoriyaya gedir. Çünki, bir il əvvəl Dürdanə xanım Bakıya gedərkən Bülbüllə qarşılaşmış, Bülbül ona Fikrətin Konservatoriyada oxumasını məsləhət görmüşdü. 

Fikrət Əmirov: "Mənim yaradıcılığım həyatım daha çox Bülbüllə bağlıdır"

1938-ci ildə gənc Fikrət Əmirovun Bakıda Azərbaycan musiqisinin tacı  sayılan  Üzeyir Hacıbəyov və böyük sənətkar Bülbüllə əhatə olunan tələbəlik illəri başlayır.

Fikrət Əmirov Bakıya gəldiyi ilk illər bacısı Yaxşı xanım ilə qohumlarının evində yaşayır. Sonra isə skripkaçı dostu ilə Dmitrov küçəsində bir evdə qalır. Dostu hərbi xidmətə çağırıldıqdan sonra bu evdə tək yaşamağa başlayır.

Həmin illəri bəstəkarın bacısı Şəfiqə xanım bu cür xatırlayırdı: "Fikrətin yaşadığı evə gələndə dəhşətə gəldim. Onun ev şəraiti olduqca ağır idi. Boş, soyuq otaqda sadə taxta masa, iki stul və dəmir çarpayı vardı. Yağış yağanda evə damırdı və o, hər dəfə çarpayasını dəyişdərməyə məcbur olurdu. Bütün bu çətinliklərə baxmayaraq, Fikrət böyük həvəslə oxuyur və yazıb-yaradırdı."

Üzeyir Hacıbəyovun sinfində "Azərbaycan xalq musiqisinin əsasları" fənnini öyrənir və bu üslubda ilk əsərlərini yazmağa başlayır. 1930-cu ildən etibarən Üzeyir Hacıbəyovun məsləhəti və Bülbülün rəhbərliyi ilə xalq mahnı və rəqslərini toplayıb, onları nota yazmaq məqsədi ilə Konservatoriyada "Xalq musiqisi kabineti" təşkil olunur. Həmin kabinetə rəhbərlik edən Bülbül gənc bəstəkar və musiqişünasları bu işə cəlb edir. Onlar respublikanın müxtəlif bölgələrinə ekspedisiyalara gedərək, oradan folklor nümunələri toplayır, onları lentə yazır, kabinetə təqdim edir və həmin nümunələri nota köçürürdülər.

Ümumiyyətlə, bəstəkarın yaradıcılığında xalq mahnılarının işləmələri xüsusi bir mərhələdir. Xalq musiqisinin qanunauyğunluqlarına yaxından bələd olan F.Əmirov onları incə bir şəkildə səs və müşayiət üçün işləmişdi ("Evləri var xana-xana", "Küçələrə su səpmişəm" xalq mahnıları). Bülbülün redaktəsi ilə işıq üzü görmüş ikicildlik "Azərbaycan xalq mahnıları" məcmusəsinin mündəricatında F.Əmirovun adına tez-tez rast gəlmək olar.

Dövrünün ustad xanəndələrini — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və başqalarının da oxuduqları xalq mahnı və təsniflərini nota salırdılar. Bu işdə Asəf Zeynallı, Zakir Bağırov, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Əşrəf Abbasov, Midhət Əhmədov, Məmmədsaleh İsmayılov kimi simalarla yanaşı, Fikrət Əmirovun böyük xidmətləri olub. O, hələ tələbə ikən bu işə cəlb olunduğundan daha da həvəslənir və öz əsərlərini də məhz xalq musiqisi üslubunda yazırdı.

1940-cı ildə Bakının musiqi mühiti zəngin idi. Belə ki, Azərbaycan Dövlət Filarmoniyasında tez-tez musiqili gecələr və konsertlər keçirilirdi. Fikrət Əmirov həmin konsertlərdə iştirak edərək, qərb və rus bəstəkarlarının əsərləri ilə əyani olaraq daha yaxından tanış olur və onların musiqi dilindən istifadə edirdi. O, həmçinin simfonik orkestrin məşqlərində də iştirak edirdi. 

Bəstəkar xatirələrində Nikolay Pavloviç Anasov ilə görüşünü belə xatırlayır: "1939–40-cı illər idi. Bir dəfə N.P.Anasov məni konservatoriyada görüb saxladı: "Cavan oğlan gəl tanış olaq." Əvvəlcə mən özümü itirdim və çox həyəcanlandım. Çünki mən bəstəkarlığa yenicə başlamış həvəskar, N.P.Anasov isə məşhur dirijor. Amma, sən demə, bu diqqətli dirijor məni öz məşqlərində görübmüş. Bunu o özü etiraf edərək dedi: Mən sizi tez-tez orkestr məşqlərində görürəm. Bu gündən etibarən isə siz həmişə mənim orkestr məşqlərimə və konsertlərimə gələ bilərsiz. Mən sizi dəvət edirəm." Bu sözləri eşidəndə mən çox sevindim, çünki bu mənim böyük sənətkarla ilk işim idi."

Həmin gündən etibarən N.P.Anasov ilə başlayan dostluğu sonralar Fikrət Əmirov onun oğlu Gennadi Rojdestvenski ilə davam etdirir. Rojdestvenski onun əsərlərinin interpretatoru olur. Bəstəkarın yaradıcılığının ilk dövrlərində xalq və musiqi janrlarına diqqət kəsilməsi, onları mənimsəməsi bu janrda əsas mənbəyidir.

Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli idi. Tələbəlik dövründə, o Üzeyir bəydən musiqi barədə elmlər öyrənib. Bu barədə bəstəkarın xatirələri mövcuddur. Bəstəkarın formalaşmasında Boris Zeydmanın da böyük rolu olub. 1930-cu illərdə Üzeyir bəyin dəvəti ilə müxtəlif şəhərlərdən dərs deməyə gələn müəllimlərin içərisində Boris İshakoviç Zeydmanın xidmətləri böyükdür. 

Konservatoriyada F.Əmirov şəxsən Üzeyir bəy tərəfindən dəvət olunmuş B.İ.Zeydmanın sinfində bəstəkarlığın sirlərinə yiyələnib.  

Məlumat üçün qeyd edək ki, Zeydmanın sinfində S.Hacıbəyov, S.Ələsgərov, Ə.Abbasov, C.Cahangirov, Ə.Hüseynzadə, Ş.Axundova kimi bir çox Azərbaycan bəstəkarları dərs almışlar. 

Fikrət Əmirovun elə ilk bəstəkarlıq təcrübələri də məhz Konservatoriya illərinə aiddir: Bu, əsasən müxtəlif şairləri sözlərinə yazılmış mahnı və romanslar idi. ("Koreyalının andı" - S.Rüstəm; "İki sahil" - Dorizo, "Ulduz" - Lermontovun sözlərinə)

O, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova və daha bir neçə bəstəkarların müəllimi olmuşdur ki, həmin bəstəkarlardan biri də Fikrət Əmirovdur.

Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədər 1941-ci il noyabrın 27-də 19 yaşlı Fikrət Əmirov orduya çağırılır.

F.Əmirov Konservatoriyadakı təhsilini yarımçıq qoyub ön cəbhəyə yollanır. 

 O, rabitəçilik kursunda təhsil almaq üçün 3 ay müddətində Tbilisiyə göndərilir. Kursu başa vurduqdan sonra 1942-ci il iyunun 3-də Voronej cəbhəsinə göndərilir.

 O vaxt bəstəkar anasına məktub yazır və məktubda bildirilir ki, "Sevimli anam və bacılarım! Mən sağ və salamatam. Mənim cəbhə yolum çox uzun oldu. Rostov vilayətini keçmişəm. Bu məktubu sizə Voronej vilayətinin Liski şəhərindən yazıram. Don çayını da keçmişik. Moskvaya yaxınlaşırıq. Hər tərəf qardır. Hələlik ki, heç bir maraqlı hadisə baş verməyib. Məndən Musaya, Adilə xalaya və bütün dost və tanışlara salam yetirin. Öpürəm səni. Fikrət."

Lakin Voronej cəbhəsində ağır yaralanıb 1942-ci ildə ordudan tərxis olunur, əvvəlcə Gəncəyə gedərək, Gəncə Dövlət Filarmoniyasında, indi onun adını daşıyan musiqi məktəbində, eləcə də Dram Teatrında fəaliyyət göstərir. Lakin yarımçıq qalmış musiqi təhsili, yazıb-yaratmaq eşqi onu Bakıya çəkirdi. Beləliklə, 1943-cü ildə F.Əmirov Bakıya qayıdaraq təhsilini bərpa edir. Müharibənin qanlı-qadalı təəssuratları isə əbədi olaraq 1943-cü ildə yazdığı "Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə" adlı simfonik poemasının partiturasına həkk olunur. 

Bəstəkarın 1943-cü ildə yazdığı "Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə" adlı simfonik poeması həm onun cəbhə təəssüratlarını, həm də mübarizliyini özündə əks etdirir.

Fikrət Əmirov bu əsəri yaxın dostlarından biri, müharibədə həlak olmuş Məmməd İsrafilzadəyə həsr etmişdir.

Bəstəkarın yaradıcılığında 1945-46-cı illəri əhatə edən skripka və fortepiano üçün "İkili konsert", fortepiano və xalq çalğı alətləri orkestri üçün konsert eləcə də fortepiano üçün yazdığı "Romantik sonata" müvafiq olaraq bu janrların ilk nümunəsi olub, Azərbaycan musiqi ədəbiyyatı zənginləşdirən musiqi əsərləri kimi qiymətləndirilir.

1944-cü ildə o zaman C.Məmmədquluzadənin adını daşıyan Musiqili Komediya Teatrının açılması F.Əmirova yeni imkanlar yaratdı. Sənət müəllimi Üzeyir bəyin möhkəm təməlli musiqili teatr ənənələrinə söykənən F.Əmirov bu janrda da öz qələmini sınayır və "Ürəkçalanlar" (1944), "Gözün aydın" (1946) musiqli komediyalarını bəstələyir.

Ailəsi:

Fikrət Əmirov 1952-ci ildə həkim Aidə Əmirova ilə həyatı qurmuşdur. 

Bu evlilikdən onların Cəmil və Sevil adlı övladları dünyaya gəlmişdir. 

Aidə Əmirova 1983-cü il sentyabrın 1-də vəfat etmişdir.

Fikrət Əmirov 1979-cu ildə yazdığı "Min bir gecə" baletini həyat yoldaşı Aidə xanıma həsr etmişdi.

Bəstəkarın ilk övladı Sevil Əmirova Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Zöhrab Adıgözəlzadənin sinfində fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Sevil Əmirova Mir-Həmzə Əfəndiyev ilə ailə həyatı qurub. Bu evlilikdən Nəzrin və Ömər adlı övladları var.

Fikrət Əmirovun ikinci övladı Cəmil Əmirov 1990–2001-ci illərdə müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyaları bəstələyib. Prezident təqaüdçüsüdür. 2018-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

Bəstəkarın nəvəsi Nəzrin Əfəndiyeva 1 yanvar 1979-cu il tarixində anadan olub. Əfəndiyeva pianoçu, bəstəkardır. O, bir çox fəxri mükafatlara layiq görülmüşdür. Eyni zamanda, Bakıda dəfələrlə konsert vermişdir. Yaradıcılığında müxtəlif musiqi janrında 20-dən çox mahnı, bir cox kompozisiya və aranjmanın, həm müəllifi, həm də ifaçısı kimi iştirak edib.

Nəzrin Əfəndiyeva 1995-ci ildən Belçikada yaşayır və orada Kevin adlı teatr aktyoru ilə evlidir. Bu evlilikdən Həmzə adlı bir övladı var.

Səhnə musiqisi sahəsində fəaliyyətinə "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub.

 

"Üzeyir bəyin yetirməsi"

 

Özünü həmişə "Üzeyir bəyin yetirməsi" adlandıran Fikrət Əmirov bu sözlə qürur duyduğunu, fəxarət hissi keçirdiyini daim bildirmişdi. Elə 1948-ci ildə Üzeyir bəyə həsr etdiyi "Elegiya" əsəri büyük müəllimə istedadlı tələbənin minnətdarlıq ifadəsi idi.

Fikrət Əmiriv Üzeyir bəyin əsasını qoyduğu romans-qəzəl janrına da öz töhfəsini bəxş edən "Gülüm" romans-qəzəli də bu dövrə aiddir.  Həmçinin, F.Əmirov Azərbaycan bəstəkarlarının Nizaminin sözlərinə yazılmış vokal əsərlərini toplayaraq, məcmuə şəklində öz redaktorluğu ilə nəşr etdirmişdir. Maraqlıdır ki, bəstəkarın sonuncu əsəri də böyük dühanın ümumiləşdirilmiş obrazını təcəssüm etdirən "Nizami" baletidir.

"Mən bir zirvə tanıyıram.  Uca zirvə... Günəşli zirvə... Vüqarlı zirvə... O zirvə dünyanın hər yerindən görünür. Bəzən Nyu-Yorkun alqışlarından titrəyən konsert salonları o zirvəyə səcdəyə gəlir, bəzən dumanlı Londona o zirvədən şəfəqlər süzülür..." - Xalq şairi Nəbi Xəzri bu sözləri 1949-cu ildə Dövlət Mükafatına layiq görülmüş bəstəkarın iki böyük şedevri - "Şur" və "Kürd ovşarı" haqqında deyib. 

İki tip musiqi təfəkkürünün - xalq və Avropa musiqisinin sintezi olan simfonik muğamlar yeni bir janrın əsasını qoymaqla özündən sonra elə bir zəmin hazırladı ki, bu zəmin əsasında sonradan Niyazi, S.Ələsgərov kimi bəstəkarlar öz maraqlı nümunələrini yarada bildilər. Bu əsərlərlə F.Əmirov "Şərq simfonizmi"nin əsasını qoydu. F.Əmirovun simfonik muğamlarının yüksək bədii keyfiyyətlərini dahi Qara Qarayev belə açıqlayır: "Fikrət Əmirovun yaradıcılıq işinin məziyyəti onadadır ki, o, xalq dühasının əsrlərlə yaratdığı bütün xüsusiyyətlərini saxlamaqla bərabər, muğamlara yeni məzmun verə bilmişdir. Ölməz musiqi poemaları onun təfsirində yeni şəkildə səslənir. F.Əmirov öz vəzifələrini dərindən dərk edərək zəngin məzmunlu, xəlqi dilli, orijinal formalı simfonik əsərlər yaratmışdır".

Bütün bəstəkarların arzuları, demək olar ki, eynidir: əsərlərinin sədasını uzaqdan eşitmək. Fikrət Əmirovun da arzusu Azərbaycan musiqisinin dünyanın hər yerində səslənməsi idi və bəstəkar bu arzusuna elə  sağlığında çatmışdı. Tam qürurla deyə bilərik ki, Fikrət Əmirov musiqisi sovet hakimiyyəti illərində, ideologiyanın ciddi nəzarətdə olduğu dövrdə sərhədləri aşaraq bir çox kapitalist ölkələrində, hətta Amerikada da səslənmiş, bir çox dünyaşöhrətli dirijorların - Ş.Münş, L.Stokovskinin təfsirində səslənmiş, xarici ölkə mətbuatda kifayət qədər işıqlandırılmışdır. 

Bəstəkarın sayca üçüncü simfonik muğamı -  "Gülüstan - Bayatı-Şiraz" simfonik muğamı ona daha böyük şöhrət qazandırır.

Keçən əsrin 50-ci illərində bəstəkar əsasən fortepiano musiqisinə diqqət yetirirdi. "12 miniuatür" və həmçinin, E.Nəzirova ilə birgə "Ərəb mövzularına konsert" bu illərin məhsuludur. Sonuncu əsər bəstəkarın Birləşmiş Ərəb Respublikasına səfərinin təəssüratları nəticəsində ərsəyə gəlmişdir. 

"Mən, "Sevil"i əzbərləyə-əzbərləyə ona musiqi yazmışam. C.Cabbarlının ən gözəl övladı olan "Sevil"ə musiqi don geyindirərkən öz-özümə hesabat vermişəm: görəsən, "Cəfərin xoşuna gələrmi..."  - deyən F.Əmirov opera janrına özünəməxsus bir cığırla irəliləyərək gəlib çıxmışdı. Bəstəkarın diplom işi birpərdəli "Ulduz" operası olmuşdu. Opera yalnız əlyazma şəklində saxlanılsa da, bəstəkar yeni böyük əsəri üçün müəyyən təcrübə əldə etmişdi.Eyni zamanda bəstəkar musiqili komediya janrında da kifayət qədər naliyyətləri "Sevil" operasının yazılması üçün bir pillə idi. Azərbaycan musiqisində ilk lirik-psixoloji opera olan "Sevil" bəstəkarın özü tərəfindən bir neçə dəfə redaktə edilmiş, 1970-ci ildə yeni redaksiyada film-opera şəklində ekranlaşdırılmışdı. 1998-ci ildə professor F.Bədəlbəyli operanın növbəti redaksiyasını edib, inqilabi səhnələr, Sevilin Moskva haqqında mahnısı operadan çıxarılıb. Başqa sözlə desək, süjetdə ideya vurğusu başqa tərzdə mənalandırılıb. Bu redaksiyada Sevilin azadlığa çıxması deyil, Sevil və Balaşın ailə faciəsi daha da qabarıq göstərilib. Lakin edilən ixtisarlar və dəyişikliklər əsərin bədii məzmununa xələl gətirməyib. Operanın bu tamaşasında şəxsən iştirak edən Ümummilli lider Heydər Əliyev F.Əmirovun bu əsərini opera səhnəsinin bir töhfəsi, onun yenidən canlandırılmasını Azərbaycan musiqi incəsənəti üçün əlamətdar hadisə adlandırmışdı.

Bəstəkarın yaradıcılığının əhəmiyyətli hissəsini vokal-instrumental əsərləri təşkil edir. F.Əmirovun çoxsaylı vokal əsərlərinin bir qismi müstəqil şəkildə yazılmış mahnı və romanslar, digər qismi isə kino və dram tamaşalarına yazılmış mahnılardan ibarətdir. 

Bu mahnılar yazıldığı dövrdən indiyə kimi ən müxtəlif üslubda ifa edən musiqiçilərin repertuarını bəzəyir, daim yeni tərzdə oranjiman oluna bilir. Bu mahnılar xalqımız tərəfindən sevilir. Bunun da səbəbi bu mahnıların bəstəkarın öz sözləri ilə desək, "xəmirinin xalq musiqisi ilə yoğrulması"na bağlıdır. Dahi Şostakoviçin "Melodiya F.Əmirov musiqisinin canıdır" fikrini əsas götürərək belə nəticəyə gəlirik ki, bu mahnılar məhz gözəl, ifadəli melodiyası ilə qəlblərə yol tapa bilib. Təbii ki, burada poeziyanın rolunu da danmaq olmaz. F.Əmirov əsərlərində Nizami, S.Vurgun, H.Cavid, M.S.Ordubadi, N.Xəzri, T.Elçin, T.Əyyubov, M.Dilbazi kimi söz ustalarının şeirlərinə müraciət etmişdir.   

Bəstəkarın yaradıcılığında doğma Vətəni Azərbaycana olan sonsuz məhəbbət əsas yer tuturdu. Təsadüfi deyil ki, onun üç böyük simfonik əsəri doğma torpağımızın adı ilə bağlıdır. Vətən şövqü S.Vurğunun sözlərinə yazdığı "Azərbaycan" simfonik süitası (1950), "Azərbaycan kapriççiosu" (1961) və "Azərbaycan qravürləri" (1979) simfonik əsərlərində öz parlaq təcəssümünü tapır.

F.Əmirov Azərbaycan Milli Dram Teatrında tamaşaya qoyulan bir sıra dram tamaşalarının musiqi müəllifidir. Teatrın qanunuyğunluqlarına yaxından bələd olan bəstəkar bu sahədə də melodik başlanğıclı, milli lad təfəkkürünə əsaslanan koloritli harmonik dilə malik, orijinal orkestr üslublu musiqi nümunələrini yaradır. Çoxsaylı nümunələr içərisindən H.Cavidin "Şeyx Sənan "dramına yazılmış "Kor ərəbin mahnısı"nı xatırlamaq kifayətdir. Onu da əlavə edək ki, bəstəkar bu dram əsasında opera yazmaq fikrində də olmuşdur. Bəstəkarın kino musiqisində işi də tədqirəlayiqdir. İlk işi 1960-cı ildə "Səhər" kinofilminin musiqisidir. "Böyük dayaq", "Mən ki gözəl deyildim", "Nəğmə dərsi" və digər filmlərdəki uğurlu işi Azərbaycan musiqi mədəniyyətini zənginləşdirib.

1979-cu ildə bəstəkar daha bir böyük əsəri - "Min bir gecə" baletini yazır. Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan balet qısa bir zamanda çox geniş populyarlıq qazanır. 

1980-ci ildə bəstəkar özü, baletmeyster N.Nəzirova, rəssam T.Nərimanbəyov, dirijor N.Rzayev və əsas partiyaların ifaçıları SSRİ Dövlət Mükafatına layiq görülüblər. Azərbaycan musiqisində ilk nağıl baleti olan "Min bir gecə" rəngarəng palitraya bənzəyir. Başqa sözlə desək, "Min bir gecə" al-əlvan, rəngarəng boyaların musiqi təcəssümüdür.

Vəfatı:

1984-cü ildə son əsəri olan "Nizami" baletini tamamlayan bəstəkar bölgədəki seçiciləri ilə görüşməyə gedərkən qəfil xəstələnir. İlk vaxtlar bu xəstəliyə əhəmiyyət verməsə də, xəstəlik getdikcə güclənir.

Bəstəkarın 1984-cü il fevralın 20-də vəziyyəti qəfil dəyişir. Bununla da 62 yaşlı Fikrət Əmirov vəfat edir. 

Bakıda vəfat edən bəstəkar, I Fəxri Xiyabanda dəfn olunur.

Böyük bəstəkarımız Fikrət Əmirov zəngin ədəbi irsi ilə özündən sonra Azərbaycan musiqisində əbədiyaşar iz qoyub getdi...

Yaxın dostunun ölümündən sarsılan Mirzə İbrahimov "Kommunist" qəzetinin 21 fevral 1984-cü il tarixli "Sənət zirvəsində" adlı məqaləsində qeyd edir :. "Fikrət Əmirov musiqisi milli olduğu qədər də, beynəlmiləldir. Onun sənətinin pərəstişkarları dünyanın hər yerindədir. Fikrət Əmirovun sehrkar musiqisi sevimli bəstəkarımızın ömrünü əbədi edəcək… Sorağını əsrlərdən-əsrlərə aparacaqdır"...

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər birliyinin üzvü

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR