Siyavuş Kərimi: "Bunu deyənin zatında, kökündə qırıqlıq var" - Müsahibə

img

27-04-2014 [22:37]


Siyavuş Kərimi tanınmış incəsənət xadimi, istedadlı bəstəkar olmaqla yanaşı, həm də yaxşı müsahibdir. Yəqin ki, jurnalistlərin ona tez-tez müraciət etməsi həm də bununla bağlıdır. Çünki Siyavuş müəllim ağa ağ, qaraya qara deyir. Yəni, jurnalistdən heç nəyi gizlətmir, hər şeyi öz adı ilə çağırır. Bu müsahibəni oxuyanda siz də bunun şahidi olacaqsınız.


- Siyavuş müəllim, sənət adamına öncə yaradıcılığı barədə sual verərlər. Biz də bu ənənəyə sadiq qal-maq istəyirik: yaradıcılığınızda nə yeniliklər var?

- Məmurluqdan daha çox yaradıcılığa vaxt ayırıram. Musiqi yaradıcılığına bir az ara vermişəm. Gün keçsə də, ömür hələ qabaqdadır. Amma hərdən deyirəm, zaman nə tez ötüb keçdi. Sanki bir göz qırpımında bu ömrü yaşadıq.

- Ötən illər üçün darıxırsınız?

- Yaşadığım bütün illər üçün darıxıram və şirinliyi ilə, acısı ilə həmin illəri tez-tez xatırlayıram. Hər xatirənin öz izi var ömrümdə. İstəyirəm hərdən şıltaqlıq, uşaqlıq edim. Hər kəsə, eləcə də özümə şərəfli qo-calmağı arzu edirəm. Həyatın sonu ölümdür. Hamı kimi mən də ona doğru gedirəm. Ölümü də ləyaqət-lə qarşılamaq lazımdır.

- Həyatda nə qazanıb, nə itirdiniz? İtirdikləriniz çoxdur, yoxsa qazandıqlarınız?

- Nə itirdiklərimi, nə də qazandıqlarımı hesablayıram. Hər şeyin nisbi olduğunu anlayıram.

- Bu gün arxaya baxanda "kaş bunu etməzdim",- dediyiniz nələrsə var?

- Nələrsə var deməzdim. Amma ən çox sözü cilalayıram. Bu yaşımda sözün çəkisinə daha çox fikir verirəm. Nə olsun ki, yaşlanırıq? Bunu etiraf edim ki, insan hərdən şıltaqlıq, ərköyünlük, dəlilik, uşaqlıq etmək istəyir. Mən göründüyüm kimi insanam, olduğum kimi də görünürəm. Həyatda çətin heç nə yoxdur. Yetər ki, sən həlli mümkün olan yollardan keçəsən.

- Filmlərə, teleseriallara dəvət alırsınız?

- Yox, almıram. Alsam da çəkilmərəm. Mən yetərincə tanınıram. Cəmiyyət Siyavuşun simasını tanıyır.

- Teleseriallardan söz düşmüşkən, hansısa serialı izləyirsinizmi? Bəyəndiyiniz varmı?

- Yalan danışmayım. Yox, izləmirəm. Ancaq idman proqramlarına üstünlük verirəm.

- İdmanla məşğul olursunuz?

- Zamanında çox olmuşam. Ox atmışam, basketbol və futbol oynamışam. İdmanı çox sevmişəm.

- Deyirsiniz ki, gün o gün olsun, bizim efirimizdə də səviyyəli musiqi təbliğ olunsun. Bu günün ritmini bəyən-mirsiniz?

- Zaman vardı mədəniyyət və incəsənət adamları kütləni öz arxasınca aparardı. Amma indi kütlə incəsənət adamlarını öz arxasınca aparır. Ќəticə də göz qabağındadır. Mədəniyyət daim tərbiyə etməli və edilməlidir. Bunu Mədəniyyət naziri etməməlidir. Hamı öz evində etməlidir.

Bu gün də arxasınca gedilməli olan insanlar, şəxsiyyətlər var. Ancaq təbliğ olunanlar başqadır. Televizoru nə qədər söndürəcəyik, bilmirəm. Onu bilirəm ki, bizim mədəniyyətimiz bu deyil. Gərək mikrobun, infeksiyanın, virusun düşdüyü nöqtəni tapaq və qarşısını peyvəndlərlə alaq.

Oxumaq pis iş deyil. Sadəcə oxuya bilirsənsə, oxu. Həvəsin varsa, oxu. Pis mahnı yoxdur, pis təqdimat var. İfalar yaxşı təsir bağışlamır. Biz nəğmə ilə şənlənmirik, qəmlənirik.

- Kimlərin ifasını dinləyirsiniz, bəyənirsiniz?

- Heç adlarını da bilmirəm. Yol gedəndə FM dalğalarında səsini eşidirəm. Xoşuma gəlir. Özümə seçim qoymuram. Kim oldu, onu dinləyirəm. Əsas odur ki, yaxşı musiqi eşidim.

- Sənətçi üçün təhsil vacibdirmi?

- Əlbəttə. Ali təhsil qıfılın açarıdır.

- Bəs bugünkü müğənnilər təhsildən niyə qaçır?

- Əgər tanınmış insan olmaq fikrindədirsə, iki daşın arasında da olsa, təhsil alacaq. Əgər oxumağa biznes qurmaq üçün gəlibsə, təbii ki, təhsil almayacaq. Deyəcək, mənə lazım olan toydur. Yəqin zaman gələcək, bu məsələ də həllini tapacaq. Mən başa düşürəm ki, bu gün çoxları oxumaq istəyir. Bəli, oxumaq pis iş deyil. Oxu, amma evdə xörək bişirəndə, təmizlik işi aparanda, yorulanda oxu, daha efirdə, milyonların qarşısında yox.
Birincisi, gərək belələrini efirə buraxmasınlar, ilk olaraq görünüşləri bərbad haldadır. İkincisi, səsdən xəbərləri yoxdur.

Mədəniyyət deyəndə ağlınıza Mədəniyyət və Turizm Nazirliyi gəlməsin. Mədəniyyəti əlinə tüfəng alıb qorumurlar. Tutaq ki, mən əlimə tüfəng aldım. Kimin oxumağına qadağa qoya bilərəm? Kimin şeirinə bədilik əlavə edə bilərəm? Kimin davranışını nizamlaya bilərəm? Heç kimin. Bir tək yolumuz var: özümüz özümüzü yönləndirməliyik. Bütün bunları qorumaq üçün birinci millətin yaddaş və qan genofondu möhkəmlənməlidir. Hər şey milli mənafe naminə olmalıdır. Bəlkə də bir az pafoslu səslənəcək, amma gəlin belə danışaq, ermənilər doğulan körpənin qulağına "türk sənin düşmənindir" pıçıldayır, ömrü bo-yu ona sabahına necə sahib çıxmağı öyrədir, dostunu-düşmənini tanıdır. Yəni, artıq kod bunun qanında var. Bizim gənclərimizdə niyə olmasın elə bir kod? Çox təəssüflər olsun ki, bizim bu boyda Azərbaycanımızı kiçildə-kiçildə mum ediblər. Bu qədər əhalisi olan xalq kiçilməz. Ən yaxşı müdafiə hücumdur. Mə-dəniyyəti müdafiə yox, təbliğ etmək lazımdır.
Eşidirik ki, ermənilər mahnımızı oğurlayıb. Nə etməliyik? Plastır alıb ağızınımı bağlayaq, yoxsa əlimizə tüfəng alıb öldürək?! Öz dilində danışsan, sənin olana sahib çıxmağı bacarsan yetər.

Mən bir-iki dəfə öz çıxışımda da bildirdim ki, ermənilərə mahnılarımızı oxuduqları üçün təşəkkür edirəm. Çünki Azərbaycan musiqisini yaxşı təbliğ edirlər. Küçə mədəniyyəti, efir mədəniyyəti, yemək mədəniyyəti, davranış və sair və ilaxır var. Əvvəllər savadlı şəxslər cəmiyyəti öz arxasınca aparardı. İndi isə cəmiyyət müğənnilərin arxasınca gedir. Bədbəxtlik budur.


- Siyavuş müəllim, indi bir ifadə dəbə minib. Deyirlər, muğam dinləyiciyə qəm-qüssə verir. Sizcə, bu, doğru fikirdir?

- Qulaq gündə bir söz eşitməsə, kar olar. Bunu deyənin zatında-kökündə qırıqlıq var. Buna yüz faiz əmin olun. Amma o sözü deyən dərk etməlidir ki, muğam bütün Azərbaycan musiqisinin əsasını qoyub. Muğam musiqimizin təməlidir, əsas sütunudur. Muğam dərin fəlsəfədir. Musiqimizin tacıdır. Neçə olur ki, başqa xalqın nümayəndələri bizim muğamımızı kosmik bir musiqi adlandırır, amma özümüz öz milli dəyərimizə qondarma ad qoyuruq?! Necə olur ki, insanlar öz mənşəyinə, mənbəyinə, anasının qucağına etinasız yanaşırlar? Dünyada ağıldankəm insanlar çoxdur. Buna görə də kimsə azlığı özünə hərdən tabe edə bilir.
- Bir jurnalist yazıb ki, guya Siz 9 yaşınızda kitab yazıb, sinfoniya bəstələmisiniz...
- Bu, savadsız həmkarınızın başının məhsuludur. Mən demişəm ki, qeyri-adi savada malik bir insan deyiləm. Motsart deyiləm ki, üç yaşımda kitab yazım, sinfoniya bəstələyim. Uşağlığım top oynamaqla keçib.
- Uşaqlıqda kim olmaq istəmisiniz?
- Biz nəkarə idik seçim edək, söz deyək?! İndikilər kimi deyildik. Atam əlimdən tutdu, dedi səni musiqi məktəbinə aparıram. Dedim ki, siz necə məsləhət bilirsiniz, elə edin, atacan. Amma, əslində, atam neftçi idi. Mən də neftçi olmaq istəyirdim.
- Heç ağlınıza gələrdi ki, belə məşhur olacaqsınız?
- Mən "seçilmişlər" sözünü qəbul etmirəm. Çünki elə olsaydıq, ölümsüz olardıq. Allahın qatında hamı eynidir. Zamanı yaşamaq lazımdır, vaxt itkisini yox. Bu gün dünyanın hansı yerində torpağa bıçaq vursan, insan sümüyü çıxar.
- Bəstəkarlar üçün qonorar sistemi hələ də qüvvədədir?
- Xeyr. Xarici ölkələrin bəstəkar büdcəsinə nəzər yetirsəniz, mənim nə demək istədiyimi biləcəksiniz. Dünənə baxanda bu günə şükür. Soyuducumuz boş qalmır.
- Əvvəlki filmlər adı ilə deyil, musiqisi ilə daha çox yadda qalırdı. Amma bu gün filmlər heç nə ilə yadda qalmır. Səbəb nədir?
- Uğursuzluğun səbəbi peşəkarların iş başında olmamasıdır. Bizdə istedadlar var, amma onları söndürənlər, qıranlar daha çoxdur, nəinki kömək edənlər.
- Bəstələrinizi oxuyanlar arasında Sizi peşman edən olub?
- İnsanlar məni bəstələrimi oxumadan da peşman edib. Bu, həyatdır.
Sonda ilk suala qayıdıram. Bu həyatda itirdiklərim sayəsində qazanmışam, qazandıqlarım sayəsində itirmişəm. İtirdiklərimi çox axtarmışam. Amma qazandıqlarımı istəsəm də itirə bilmərəm. İtirmərəm də...
Aysel TALIBQIZI


Digər xəbərlər
SON XƏBƏRLƏR