Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin zirvəsi – Qarabağ Azərbaycandır!

img

07-11-2022 [21:19]


Vüqar Rəhimzadə,

“İki sahil” qəzetinin Baş redaktoru, 

Əməkdar jurnalist, siyasi elmlər doktoru

***

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik  Lider, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdı

Bu günlər çoxəsrlik tariximizin ən parlaq səhifələrindən olan Zəfərimizin ikinci ildönümünü sonsuz qürur və fəxarət hissi ilə qeyd edirik. Vətən müharibəsinin davam etdiyi 44 gündə 30 ilin işğalına son qoymaq böyük səylərin, qətiyyətin, bir sözlə, müstəqil siyasətin nəticəsidir. Təbii ki, müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqillik müstəqil siyasət yürütmək, hər bir məsələyə yanaşmada ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqe ortaya qoymaqdır. Azərbaycan hər addımında müstəqil siyasət yürütdüyünü təsdiqləyir və dünyaya bu çağırışı edir ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq əsasdır və onun tətbiqi prosesində vahid mexanizm müəyyənləşib həyata keçirilməlidir.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə 30 ildə etdiyi  bu kimi çağırışları reallıqda təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, qətiyyətli Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində Vətən müharibəsində qazandığımız möhtəşəm  Qələbə dünənimizə baxış, perspektivlərin müəyyənləşdirilməsində stimulverici amil oldu.

Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Zəfərimizin  memarı, Prezident İlham Əliyev  Ümummilli Liderin 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı layiqincə doğruldaraq bütün dünyaya güclü Azərbaycan modelini təqdim etdi.  Ulu Öndərin  axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları reallaşdırdı, xalqın arzularını gercəkləşdirərək torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Cənab İlham Əliyev 19 illik Prezidentliyi dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə  hazırlıq işlərinə yönəltdi, ordumuzu Qələbəyə hazırladı, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırdı. 17 ildə görülən işlər, atılan qətiyyətli addımlar dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 8 noyabr tarixində  “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” reallığını fəxrlə, qürurla bəyan etməsi ilə nəticələndi.

Dövlət başçısı İlham Əliyevin 2019-cu il  oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı diplomatik uğurumuz olmaqla yanaşı, tarixi Zəfərimizə hazırlıq üçün böyük stimul oldu.  Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə Xankəndinə səfəri zamanı  səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” absurd bəyanatı  açıq-aşkar işğal altındakı torpaqlarımızın  sülh yolu ilə qaytarılmayacağına işarə edirdi. Azərbaycan Prezidenti Ermənistan rəhbərinin bu sərsəm bəyanatından sonra dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən, beynəlxalq aləmdə münaqişənin tarixinə düzgün yanaşılmamasından bəhs etdi.  Dövlət başçısı tarixi həqiqətlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində  erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini önə çəkərək  bu məqamı da xüsusi qeyd etdi ki,  Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Möhtərəm Prezidentimizin “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikirləri bir daha dövlət başçısının qətiyyətini, prinsipiallığını, tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatımızın uğurlarını, artiq keçmişdə qalmış Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyimizi dünyaya çatdırdı. Həmin tarixi çıxışından bir il sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “Qarabağ Azərbaycandır” nidasını bu tarixi torpaqlarımızın hər qarışına  əbədi həkk etdi. 

Ölkəmizə rəhbərlik etdiyi 19 ildə Prezident İlham Əliyevin hər bir bəyanatı reallıqda, Azərbaycan dövlətinin dəyişməz mövqeyində öz əksini tapıb. Bu gün hər bir vətəndaşımız fəxrlə, qürurla bəyan edir ki, əgər ulu öndər Heydər Əliyev müasir  müstəqil Azərbaycan dövlətinin  xilaskarıdırsa, Onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev Vətən müharibəsində möhtəşəm  Zəfərimizin  memarıdır.  

Əvvəldə də qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev möhkəm təməl üzərində güclü Azərbaycan yaratdı və  əksər dünya dövlətləri  ölkəmizin inkişaf modelini təqdir edərək öyrənilməsinin vacibliyini bildirdilər. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib idi. Dövlət başçısı İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı  ilk gündən işğal altında olan  ərazilərimizin azad edilməsi vəzifəsini uğurla yerinə yetirmək, xalqımızın torpaq həsrətinə son qoyub, Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağının dalğalanmasına nail olmaq üçün böyük qətiyyət nümayiş etdirdi.  "Güclü ordu - güclü dövlət!" konsepsiyasının fundamental əsası olan  iqtisadi tərəqqini  xüsusi diqqətdə saxladı. Son 19 ildə Azərbaycanın iqtisadi uğurları torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, bu ərazilərin yenidən bərpasına, dirçəlməsinə də geniş imkanlar yaratdı.

Bu da bir danılmaz həqiqətdir ki, ölkəmizin iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan dünya dövlətləri ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı, reallıqlarımızın təbliği  Ermənistanın işğalçı siyasətinin ifşası prosesini daha da sürətləndirdi. Milli maraqları hər şeydən üstün tutmaq, siyasi iradəsi, qətiyyəti, hadisələrin inkişaf axarını öncədən müəyyənləşdirə bilmək bacarığı, cəsarətli qərarlar bu gün dövlət başçısı İlham Əliyevin siyasi portretinin təqdimatında əhəmiyyətli rol oynayır. Uğurlarımız, eyni zamanda, bu reallığın da təsdiqidir ki, liderlik fenomeni  ölkənin inkişafında, xalqın gələcəyi ilə bağlı biri-birindən önəmli qərarların qəbul edilməsində mühüm rola malikdir. 

Vətən müharibəsinin davam etdiyi 44 günün  hər anında tarix yazan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq təşkilatların hesabatlarında da etiraf edilir. Bizim üçün xüsusilə qürurvericidir ki, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Hələ 44 günlük İkinci Qarabağ müharibəsinə qədər  Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində dünyaya nümayiş etdirmişdi.  Aprel döyüşlərində ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşmən tapdağından  azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü.

Müzəffər Ali Baş Komandan İlham Əliyev daim ən yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. 2020-ci ildə Ermənistan silahlı qüvvələi dəfələrlə hərbi  təxribatlar törətdi və hər dəfə Azərbaycan Ordusu bu hücumların qarşısını  qətiyyətlə aldı. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı-müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutması 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Ali Baş Komandan İlham Əliyevin müharibə başlanan zaman  xalqa müraciətindəki mətinlik, qətiyyət, qələbəyə inam onu göstərdi ki, ölkə Prezidenti ordumuzun gücünə, xalqımızın birliyinə, həmrəyliyinə güvənir. Xalqımız isə elə müharibənin ilk günündən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. 44 günlük İkinci Qarabağ müharibəsi bu əminliyi bir daha təsdiqlədi.

Ölkə Prezidentinin hər zaman səsləndirdiyi, beynəlxalq təşkilatların tribunasından bəyan etdiyi  “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” fikirləri  Onun  yenilməz  siyasi iradəsi əsasında  güclü dövlət konsepsiyasının uğurla həyata keçirilməsində,  iqtisadi, siyasi və hərbi gücün yaradılmasında öz sözünü dedi. Məhz bu üç amilin vəhdəti 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirdi, 30 il işğal altında olub mənfur düşmənin vəhşiliklərinə şahidlik edən, amma tarixi sahibinə qovuşacağına ümidini bir an belə itirməyən torpaqlarımızın azadlığına yol açdı.  

Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda,  bu gücə  arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Prezident İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Ermənistana və ona dəstək verən dövlələrə tarix, hüquq və milli qürur dərsi oldu. Bu müsahibələr dövlət başçısı İlham Əliyevin   praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, dəyişməz mövqeyini əsaslı şəkildə diqqətə çatdıran, dövlət maraqlarımızı hər şeydən üstün tutan Lider olduğunu dünyaya bəyan etdi. Həmin müsahibələr ölkəmizə dost, həmçinin düşmən mövqedə dayanan dövlətlərin münasibətlərinə də bir daha işıq saldı.

Jurnalistlərin  bəzən reallığı, daha çox isə qərəzi özündə ifadə edən suallarını  təmkinlə, diplomatik şəkildə cavablandıran Prezident İham Əliyev bir  çox hallarda  onlara öz ölkələrinin tarixini xatırlatdı, onların tarixini özlərindən də yaxşı bildiyini nümayiş etdirdi. “Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər” kimi fikirləri Prezident İlham Əliyevin liderliyini, dövlət maraqlarını hər şeydən üstün tutduğunu nəinki sözdə, əməldə təsdiqlədiyini, eyni zamanda, müstəqil siyasətimizi dünyaya çatdırdı.   Məhz dövlət başçısı  İlham Əliyevin diplomatik məharətinin nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında və informasiya cəbhəsində böyük üstünlük qazandıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulayasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan belə Azərbaycana qaytarıldı. Bu, Müzəffər  Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi!

Dövlət başçısı İlham Əliyev müharibədən ötən son iki ildə Azərbaycanın dirçəliş modelini dünyaya təqdim edərək qurucu lider olduğunu təsdiqlədi.  Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çevirməsi, Böyük Qayıdış proqramını uğurla icra etməsi dünənimizə baxış əsasında gələcəyə hesablanmış siyasətimizin təqdimatıdır. Dövlət başçısı  İlham Əliyevin qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə, Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə gerçəkləşdirdiyi 16 noyabr 2020-ci il tarixli  səfəri Böyük Qayıdışa xidmət edən ilk quruculuq tədbirlərinə başlanması ilə yadda qaldı. Dastana çevrilən Şuşa əməliyyatının aparılmasına bələdçilik  edən  Füzulu- Şuşa yolu Zəfər yolu adlandırıldı və təməli qoyuldu.

Həmin yol qısa zamanda tikilib istifadəyə verildi. Bu torpaqlarda aparılan, sadalamaqla bitməyən bərpa-quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya tarixində istisna hal olaraq Azərbaycanın imza atdığı ilkin nümayişidir. Müharibədən qalib çıxan Azərbaycan  dövləti dərhal azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başladı.  İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini abidələrimizin bərpası işində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etməliyik.  Dövlət başçısı İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi.  

Hazırda tarixi Zəfərimizin reallıqları əsasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması prioritet məsələdir. Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün  sülh müqaviləsinin imzalanmasını təklif etdi. Bu istiqamətdə keçirilən görüşlərin, sonda imzalanan bəyanatların hər biri dövlət başçısı İlham Əliyevin diplomatik məharətinin uğurlarını özündə ehtiva edir. Azərbaycanın mövqeyi dəstəklənir, maraqları müdafiə edilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi.  Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider,  qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Ölkə Prezidenti  hər zaman milli maraqlarımızı qətiyyətlə qoruyur, biri-birindən əhəmiyyətli addımları ilə, irəli sürdüyü  təşəbbüslər, qəbul etdiyi qərarlarla  Azərbaycanı  daha işıqlı gələcəyə aparır.

Zəfərimiz ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlətə, xalqa bağlılığını, Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycana qazandırdığı qalibiyyətin təqdimatı oldu. Zəfərin mübarək, Azərbaycan! Vətən müharibəsində tarixi Qələbən  mübarək, Azərbaycan xalqı! 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR