Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb

img

01-10-2022 [11:03]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Sədr,

1 oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.

Son 73 ildə Çin Xalq Respublikası həyatın bütün sahələrində, istər iqtisadi, sosial, elmi-texniki, istərsə də beynəlxalq müstəvidə heyrətamiz nailiyyətlər əldə edərək öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Biz bu gün güclü iqtisadiyyata malik, beynəlxalq aləmdə fəal rolu və mövqeyi ilə fərqlənən ölkənizin Sizin liderliyiniz altında böyük uğurlara imza atmasının şahidi oluruq. Dost ölkə olaraq Azərbaycan Çinin nailiyyətlərini görməkdən sevinc hissi keçirir.

Biz tarixi ənənələrə əsaslanan Azərbaycan-Çin əlaqələrinə xüsusi əhəmiyyət veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, diplomatik münasibətlərimizin qurulduğu otuz ildə ölkələrimiz arasında dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımız dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə Çinin dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan da ölkənizin suverenliyini və ərazi bütövlüyünü hər zaman birmənalı şəkildə dəstəkləmişdir.

Hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var. Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq. İnanıram ki, müxtəlif sahələrdəki, o cümlədən təşəbbüskarı olduğunuz “Kəmər və yol” layihəsi çərçivəsində mövcud potensialdan tam şəkildə istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə bilərik.

Bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Sammiti çərçivəsində Sizinlə keçirdiyimiz görüşü ən xoş təəssüratlarla xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına yeni təkan verəcəkdir. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da genişlənməkdə və möhkəmlənməkdə davam edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram"./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq