İLHAM ƏLİYEVDƏN YOL POLİSİ İDARƏSİ İLƏ BAĞLI FƏRMAN: sürücülük vəsiqəsi və nömrələr necə veriləcək? - DETALLAR

img

22-09-2022 [16:50]


Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamənin təsdiqlənməsi barədə fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmana əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi BDYPİ-nin mərkəzi informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Daxili İşlər Nazirliyi də bu Fərmanda nəzərdə tutulan informasiya sisteminin formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi BDYPİ-nin mərkəzi informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməlidir.

DİN və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin təhlükəsizliyinin təmin edilməsi üçün birgə zəruri tədbirlər görməlidirlər.

***

Yeni əsasnaməyə görə,  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanları veriləcək.

Əsasnaməyə əsasən, sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonlar tərtib olunacaq.

Bundan başqa, dövlət texniki baxışından sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda dövlət texniki baxış talonu da veriləcək.

Həmçinin, nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə təşkil ediləcək.

Sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi həyata keçiriləcək. 

Əsasnamənin tam mətni ilə buradan tanış ola bilərsiniz: 

https://president.az/az/articles/view/57310


Digər xəbərlər
SON XƏBƏRLƏR