Ceyhun Bayramov: "Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib” - "Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir"

img

22-09-2022 [14:47]


“Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.

O vurğulayıb ki, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir.

“Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi üzrə danışıqları ən qısa müddət ərzində davam etdirilməsi çağırışı var. Hətta sentyabr ayının sonunadək belə bir görüşün keçirilməsi gözləntisi və çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın, bölgədə sülh və əmin-amanlıq bərqərar olunsun”, - XİN başçısı vurğulayıb/Report.

Nazir deyib ki, Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir: "Ermənistanın dediyi sözlə əməli arasında fərq var. Ermənistan sözdə sülh prosesinə sadiqliyini ifadə edir. Onlar delimitasiya prosesinin aparılmasının tərəfdarı olduğunu deyirlər. Amma Ermənistan Təhlükəsizlik Şurasının baş katibi bu ilin iyul ayında etiraf etmişdi ki, terrorçular hələ Qarabağdan çıxarılmayıb. Deməli, ən azı 2 il ərzində ermənilər üçtərəfli sazişi pozublar. Necə olur ki, Laçın şəhəri və ətrafında 2021-ci il Ermənistan istehsallı 1300-dən çox mina aşkarlanıb. Elə isə üçtərəfli sazişə sadiqlikdən necə danışmaq olar? Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir. Bu, Nyu-Yorkdakı görüşdə bir daha diqqətə çatdırıldı”.

XİN başçısının sözlərinə görə, belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir: "Bunu başqa cür adlandırmaq çətindir. Müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir. Həm Fransada, həm ABŞ-da, çox böyük erməni lobbisi var. Onlar seçki prosesləri zamanı kampaniyaları dəstəkləyirlər. Dünyada baş verən bu proseslər siyasətin reallıqlarıdır. Biz təmkinli olmalıyıq. Bizim heç bir illuziyamız yoxdur. Ancaq sözümüzü deyəcəyik”.

Qeyd edək ki, sentyabrın 19-da Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.

Danışıqlar BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində A.Blinkenin vasitəçiliyi ilə baş tutub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub