Ruslar səfərbərlikdən yayınmaq üçün kütləvi şəkildə ölkədən qaçır

img

21-09-2022 [16:39]


Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan etdikdən sonra rusiyalılar uçuşun ən asan olduğu ölkələrə - Ermənistan, Azərbaycan, Serbiya və Türkiyəyə aviabilet almağa başlayıblar.

Bu barədə BBC-nin Rusiya xidməti məlumat yayıb. 

Belə ki, Rusiyadan yuxarıda açıçəkilən ölkələrə getmək üçün viza tələb olunmur və siyasi məhdudiyyətlər yoxdur. Bu istiqamətlər üzrə növbəti bir neçə gün üçün biletlər satılıb və ya qiyməti bir istiqamət üçün 70 min rubldan (1 960 AZN) daha bahadır.

Bildirilib ki, rusiyalıların getməsi üçün o qədər də çox variant qalmayıb (xüsusən də birbaşa uçuşlarla). Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqı (Aİ) səmasını Rusiya təyyarələrinin üzünə bağlayıb. Latviya və ya Estoniya vasitəsilə Avropaya avtomobil və ya avtobusla getmək mümkün idi. Ancaq sentyabr ayında bu ölkələr Şengen vizası olan rusiyalıların ölkəyə girişini yasaqlayıb. Rusiya ilə həmsərhəd ölkələrdən yalnız Finlandiyaya getmək mümkündür. 

V.Putinin müraciətindən sonra qismən səfərbərliklə bağlı Rusiyadan çıxış qadağası ilə bağlı rəsmi açıqlamalar verilməyib. Amma bu da istisna deyil. Belə ki, “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun 21-ci maddəsinə əsasən, hərbi qeydiyyatda olan vətəndaşlara səfərbərlik elan edildiyi andan hərbi komissarlıqların, federal icra hakimiyyəti orqanlarının icazəsi olmadan yaşayış yerini tərk etmək qadağandır.

“Kommersant” nəşri yazır ki, “S7” və “Aeroflot” aviaşirkətləri əmin edirlər ki, indi hərbi qulluq yaşında olan kişilər üçün xaricə bilet satışına heç bir məhdudiyyət yoxdur. Turizm üzrə Federal Agentlik (Rosturizm) həmçinin bildirib ki, xaricə səyahətə yeni məhdudiyyətlər tətbiq edilməyib. Eyni zamanda, quru yolla getmək üçün icazənin verilməməsi ilə bağlı ilk mesajlar artıq turist çatlarında peyda olub - Gürcüstanla sərhəddəki keçid məntəqəsində kişilər geri qaytarılır. Bu xəbərlər hələ ki təsdiqini tapmayıb.

İqtisadçılar xəbərdarlıq edirlər ki, sərhədlər hamı üçün tamamilə bağlanmasa (bu, qeyri-realdır – qeyd BBC-nindir), o zaman mühacirət daha da artacaq. Mümkündür ki, bu köç dalğası yaz dalğasını da keçsin. Bu isə uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək. Qeyri-müəyyənliyin artması səbəbindən Rusiyadan ixtisaslı, yüksək maaşlı kadrların qaçması iqtisadiyyata 300 000 insanın səfərbər olunmasından daha çox təsir göstərir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR