Blinken Bayramovla Mirzoyanı bir araya gətirdi: "Hər iki tərəf sülhə hazır olduğunu deyir" -  Əliyevlə Paşinyan bu ayın sonu görüşəcək? (Açıqlamalar)

img

20-09-2022 [09:05]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüşdə Ermənistanın təxribatları barədə danışıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a verilən məlumata görə, görüş zamanı, Ceyhun Bayramov post münaqişə dövründə bölgədə sülhün təmin olunması və bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Ceyhun Bayramov 12-14 sentyabr tarixlərində Ermənistanın Azərbaycana qarşı təxribatlar və hücumlar həyata keçirməklə toqquşmalara səbəb olduğunu, bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəsin də Ermənistan tərəfindən pozulması faktını və bununla əlavə itkilərə səbəb olduğunu vurğulayıb. Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını bildirib.

Nazir Ermənistanın 30 il ərzində ölkəmizin beynəlxalq tanınmış ərazilərinin işğalının törətdiyi dərin fəsadlara baxmayaraq, 44 günlük Vətən müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalanması təklifini irəli sürdüyünü və bu istiqamətdə ardıcıl təşəbbüslərlə çıxış etdiyini xatırladıb. Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə humanitar istiqamətlərdə səy göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğunu bildirib.

Ceyhun Bayramov liderlər arasında üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun olaraq davamlı sülhün təmin edilməsi istiqamətində təxirəsalınmaz danışıqlara hazırlığını bir daha diqqətə çatdırıb.

****

 ABŞ dövlət katibi Antoni Blinken Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüşdə tərəflər arasındakı münaqişənin həll yolunun danışıqlar olduğunu deyib.

Mia.az xəbər verir ki, o, bunun üçün diplomatik əlaqələrin qurulmasını və davamlı təmasların böyük roluna diqqət çəib: "Fikrimcə, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazırdır. Hər iki ölkə liderləri ilə telefonda müzakirə aparmışam, onlar sülhə hazır olduqlarını bəyan ediblər. Mən tərəfləri bu ayın sonunadək yenidən görüşməyə, təmasları davam etdirməyə çağırıram".

***

Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə üçtərəfli görüşü başa çatıb.

Mia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.

***

Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar başlayıb.

***

Azərbaycan, Ermənistan və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş olacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində keçiriləcək/Report.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR