DYP-nin Saray postunda 1000 manatlıq rüşvət qalmaqalı - Şikayət

img

22-04-2014 [13:19]


Martın 16-da oğlum Röyal Ağarzayev dostu Samirə məxsus «Mersedes Benz 320» markalı 10 DH 012 dövlət nömrə nişanlı avtomaşınla Bakı-Quba yolunda hərəkət edərkən, az içkili vəziyyətdə olduğu üçün onunla eyni istiqamətdə hərəkət edən «Hyundai» (90 HG 714) maşınına yüngül zərər vurub».  

Bu sözləri Röyalın atası Aqil Ağarzayev bildirib.

O deyib ki, hadisədən sonra Röyal Ağarzayev Saray DYP postunun əməkdaşları tərəfindən saxlanılıb və həkim müayinəsinə aparılıb. «Hadisə ilə əlaqədar DYP əməkdaşları yol nəqliyyat hadisəsinin qeydiyyatını normativ hüquqi əsaslarla aparmayıblar. Yəni, Yol Nəqliyyat Hadisəsinin sxemi tam dolğun, qanuni parametrlərə uyğun tərtib edilməyib. Hər iki avtomobil isə YPX inspektorları Tural və Adil tərəfindən Sarya Postuna gətirilib».

Elə mərəkə də bundan sonra başlayıb. Aqil Ağarzayev yazır ki, Tural və Adil adlı YPX əməkdaşları təxminən gecə saat 23:00 radələrində Röyal Ağarzayevdən 1000 manat pul istəyiblər. «Tural və Adil oğluma deyiblər ki, səhərə kimi növbədədirlər və 08:00-a qədər 1000 manat gətirərsə və əzdiyi maşının sahibi ilə anlaşarsa, avtomaşını götürüb apara bilər. Əks təqdirdə, həmin pulu tapıb gətirə bilməsə, o zaman postun rəisi Mahir ondan 2000 manat alacaq.

Səbəbkarın atası qeyd edir ki, oğlu ondan xəbər verməməklə yanaşı, həm də tələb olunan 1000 manatı düzəldə bilməyib. «Bu barədə məsələdən martın 27-də xəbərim olub və oğlum hadisəni danışdıqdan sonra bir gün sonra, yəni martın 28-də Saray Postuna getdim. Orada YPX-nin əməkdaşı Namiq adlı əməkdaşı ilə görüşdüm. Ondan baş vermiş hadisəyə dair hər hansı bir inzibati sənədləşdirmə aparılıb, aparılmadığını soruşdum. O isə sualıma cavab olaraq bildirdi ki, həmin işlərlə postun rəisi, mayor Mahir Akif oğlu Məmmədyarov məşğul olur».

A.Ağarzayev bildirir ki, həmin gün saat 11:30 radələrində M.Məmmədyarov gəldi və onun xidməti otağında söhbət ediblər. «Eyni sualı ona da verdim. Amma Mahir Məmmədyarov mənə hər hansı bir sənədləşmə barəsində heç bir kağız göstərmədi. Təxminən 20 dəqiqəlik məşvərətdən sonra postun rəisi mənə qeyr-səmimi formada aşağıda gözləməyimi tövsiyyə etdi».

Şikayətçi bildirir ki, hadisə 16 martda baş verdiyi halda martın 28-nə kimi mülkiyyət sahibinə təhvil-təslim haqqında heç bir sənəd verilməyib. «Mənə maraqlıdır ki, bu müddət ərzində mülkiyyət sahibinə niyə hər hansı bir sənəd verilməyib? Həmçinin oğlumdan hansı əsasla 1000 manat rüşvət istənilib?»

Aqil Ağarzayev deyir ki, o, Yol Polisinin sərxoş vəziyyətdə avtomobili darə edən sürücülərə qarşı mübarizəsini dəstəkləyir və təqdir edir. «Lakin oğlum Röyal Ağarzayevin hadisəni martın 16-da törətməsinə rəğmən, sənədləşmənin Saray Postunun rəisi Mahir Məmmədyarov tərəfindən 28 martda aparılması qətiyyən başadüşülən deyil. Üstəlik, BYP 982262 saylı İnzibati Protokolda saat göstərilməyib, protokola əlavə olunan hadisə sxemi tam dolğun və normativ parametrlərə uyğun tərtib edilməyib və maşın 12 gün cərimə meydançasında saxlanılmasına rəğmən onun mülkiyyətçisinə heç bir sənəd verilməyib».

Şikayətçi rəsmi qurumlardan məsələnin araşdırılmasını və Saray Postunun rəisi Mahir Məmmədyarovun cəzalandırılmasını istəyir.

 Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq(Tia.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:42 24.06.2025

Sabiq rəisə hökm oxunub