Ədalət Partiyasından siyasi qüvvələrə və əhaliyə çağırış: “Düşmən təbliğatına uymayın!”

img

14-09-2022 [19:43]


Ədalət Partiyası sentyabrın 12 və 13-də Ermənistan silahlı qüvvələrinin sərhədlərimizdə törətdiyi təxribatlardan sonra yaranmış durumla bağlı bəyanatla çıxış edib.

Mia.az xəbər verir ki, bəyanatda deyilir:

“Sentyabrın 12 və 13-də işğalçı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısı alınan və əks-əməliyyat tədbirləri keçirilən zaman Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu qəhrəmancasına şəhid olsa da, ölkəmizin maraq və mənafelərinin qorunmasında çox əhəmiyyətli nəticələr əldə ediblər.

Həm Azərbaycan, həm də Ermənistan tərəfinin yaydığı rəsmi açıqlamalar və eləcə də tam təsdiqini tapmış məlumatların təhlili göstərir ki, sentyabrın 12 və 13-də Azərbaycan hərbçilərinin sərhədlərimizin müdafiəsi və təhlükəsizliyi üçün keçirdiyi əks-əməliyyat tədbirləri təkcə düşmənin irimiqyaslı təxribatlarının qarşısının alınmasıyla yekunlaşmayıb, həm də 2020-ci ilin 10 noyabrında, 2021-ci ilin 11 yanvarında və 26 noyabrında üzərinə götürdüyü öhdəliklərdən yayınan Ermənistan hakimiyyətinin qalıcı sülhə məcbur edilməsi və ərazilərindən keçən nəqliyyat-kommunikasiya xətlərinə daimi nəzarətimizin təmini üçün çox böyük üstünlüklər, imkanlar yaradıb.

Ədalət Partiyası öz həyatları bahasına sərhədlərimizi düşmən təxribatlarından qorumuş və ölkəmizə yeni hərbi-siyasi nailiyyətlər qazandırmış hərbçilərimizə dərin minnətdarlığını ifadə etməklə, döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına Allahdan rəhmət və səbr, yaralılarımıza isə şəfa diləyir.

Eyni zamanda, Ədalət Partiyası şəhidlərimizin sayının çox olması faktından hakimiyyət əleyhinə sui-istifadə etmək məqsədiylə həm xaricdən, həm də ölkənin içərisindən başladılmış və əhalidə ruh düşkünlüyü, psixoloji sarsıntı yaratmağa hesablanmış məkrli informasiya-təbliğat kampaniyasını şiddətlə qınayaraq, belə davranışlara qarşı olduğunu, bu cür hərəkətləri “fitnəkarlıq və düşmən dəyirmanına su tökən əməllər” kimi qiymətləndirdiyini bildirir və 44 günlük Vətən Savaşında olduğu kimi, yenə də Azərbaycan dövlətinin yanında, onun Silahlı Qüvvələriylə eyni səngərdə düşmənə qarşı durduğunu bəyan edir.

Ədalət Partiyası bir daha bütün siyasi qüvvələrə, eləcə də siyasi fəal vətəndaşlarımıza xatırladır ki, vaxtilə Qarabağdakı uğursuzluqlarımızın, torpaq və insan itkilərimizin əsas səbəbi müharibə gedən dövrdə ölkədə milli və siyasi həmrəyliyə nail olunmaması, daxildə təfriqənin mövcudluğu və düşmənin də həmin vəziyyətdən məharətlə bəhrələnməsi olub.

Ədalət Partiyası bu qənaətdədir ki, 2020-ci ilin 27 sentyabrında başladığımız və 2020-ci ilin 10 noyabrında torpaqlarımızın işğaldan azad edilməsiylə başa çatan Vətən Savaşında qazandığımız hərbi və diplomatik uğurları itirməmək, regiona rifah vəd edən qalıcı sülhə nail olmaq istəyiriksə, öncə ölkənin içərisindəki milli və siyasi həmrəyliyimizi mütləq qoruyub saxlamalı, onu daha da gücləndirməli, əhalidə psixoloji dayanıqsızlığa yol açacaq davranışlara yol verməməli və bütün diqqətimizi beynəlxalq hüququ tapdayan böyük himayəçiləri olan düşmən üzərində tam və qəti qələbəyə səfərbər etməliyik!


Digər xəbərlər
SON XƏBƏRLƏR