Əflatun Amaşovdan yayılan xəbərə reaksiya: "Mən sədrlikdən getməmişəm" - "Görünür, bu cür yanlış məlumatın yayılması kiminsə marağındadır” (Yenilənib)

img

29-08-2022 [13:24]


"Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam". 

Mia.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, Mətbuat Şurası sədrliyindən istefa vermək fikiri yoxdur: "Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şaiyədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam. 

Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır".

***

"Mən təşkilatdan, Mətbuat Şurasından, sədrlikdən getməmişəm. Bu, səhv yayılmış məlumatdır və həqiqətləri özündə əks etdirmir”.

Mia.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov MŞ sədrliyindən istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Əflatun Amaşovun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum qurultaya hazırlaşır: “Vəziyyət belədir ki, Azərbaycan jurnalistlərinin qurultayının vaxtından bir neçə ay keçib. Qurultay gözlənilir. Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdə keçirilən iclasında qurultayın vaxtını müəyyənləşdirəcəyik. Hər şey qurultayda müəyyən olunacaq. Qurultayda namizədliyimi verib-verməyəcəyimi də dəqiqləşdirməmişəm. Hələ vaxta çox var. Hadisələri qabaqlamaq istəmirəm. Əflatun Amaşovun qalacağı, gedəcəyini hələ bilmək olmaz. Bunların hamısı qurultayda həll olunan məsələlərdir. İndi əsas məsələ qurultayı təşkil etməkdir. Hər şey jurnalistlərin səlahiyyətindədir. Hər şeyi onlar müəyyənləşdirirlər. Sədrlik də heç kimə tapşırılmayıb, hazırda sədr mənəm. İndi də sədr kreslosunda oturub sizinlə danışıram. Görünür, bu cür yanlış məlumatın yayılması kiminsə marağındadır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR