I TİBBİ FORUMA EV SAHİBLİYİ ETMƏK NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN DAVAMLI İNKİŞAF GÖSTƏRİCİSİDİR...

img

23-06-2022 [09:42]


Cavadxan Qasımov,

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

***

Naxçıvan Dövlət Universitetinin inkişaf proseslərində yeni kefiyyət mərhələsi başlanmışdır. 18-21 iyun tarixlərində ali məktəbin ev sahibliyi ilə I Beynəlxalq Tibb Forumu keçirilmişdir.

Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 10 iyun 2022-ci il tarixdə müvafiq Sərəncam imzalamışdır. Həmin Sərəncamda forumun Naxçıvan şəhərində keçirilməsi və bununla əlaqədar Təşkilat Komitəsinin yaradılması nəzərdə tutulmuşdur. 

Ardıcıl tədbirlər müstəvisində universitetimizin reallaşdırmış olduğu Forum tədris prosesləri ilə yanaşı, elmi araşdırmaların da diqqət mərkəzində olmasının əyani sübutudur. Dünyanın 7 ölkəsindən tibb elmi üzrə 350 alimin, elm adamının, ümumilikdə isə, 700-ə yaxşın tibb mütəxəssisinin iştirak etdiyi Forum, universitetimizin Tibb ixtisası üzrə müəllim və tələbələrinin qarşıdakı dövrlər üzrə fəaliyyətlərində də yeni başlanğıc olacaq. 

Forum, mahiyyət etibarı ilə geniş tərkibli, nümayəndəli tədbir yığıncaq mənasını verməkdədir. Müasir müstəqillik illərində ilk olaraq, daha doğrusu, 1 fevral 1996-cı il tarixində xalqımızın ümummilli lideri böyük Heydər Əliyev Forumu gənclərlə keçirdi. Böyük Gənclik hərakatının əsasları olan həmin Forum hazırda da dövlətimizin siyasətinə çevrilmişdir. Təbii olaraq, Naxçıvan Dövlət Universitetində keçirilməkdə olan l Beynəlxalq Tibb Forumu həmin qayğının, diqqətin, siyasətin məntiqi və gerçək nəticəsidir, ifadəsidir.

Bu forum, eyni zamanda, qarşıdakı dövrlər üzrə:

- tibb sahəsində mütəxəssis hazırlığının həyata keçirilməsinə tam əsaslarla hazırlıqlı olmanın;

- tibbyönümlü tədris proseslərində iştirakçı tərəflərlərin, ali təhsil müəssisələrinin və digər mütəxəssislərin ortaq fəaliyyətinin təmin olunmasının;

- müəllim və tələbələrin təcrübə, bilik araşdırma mübadiləsinin sürətlənməsinin və səmərəliliyinin daha da artırılmasının;

- cəmiyyətin daha sağlam həyat tərzinin təmin olunmasında elmi araşdırmaların mahiyyətinin ortaya qoyulmasının;

- ixtisaslaşmanın dolğun təminatında hüdudların, sərhədlərin və məsafələrin maneə obyekti olmamasının;

- tibb sahəsində yeniliklərin daha əlçatan olmasının; 

- bütün bu sadalanan amillərin gerçək olmasının hərəkətverici qüvvəsi olaraq Naxçıvan Dövlət

Universitetinin rolunun, mövqeyinin, potensialının, perspektivlərinin və hədəflərinin etibarlılığından xəbər verməkdədir.

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən l Birinci Tibbi Forumu çərçivəsində yeni əməkdaşlıqlar üçün də münbit zəmin yaranmışdır. Forumda iştirak etmək üçün ali məktəbimizin qonağı olan Azərbaycan Tibb Universitetinin Rektoru və başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Təbii olaraq, artıq universitetlərarası əməkdaşlıqlar yeni çağırışlar əsasında inkişaf etməkdədir. Eyni zamanda, beynəlxalq əməkdaşlıqlar fonunda yaranan strateji inkişaf xətti ölkəmizin digər ali məktəblərinində əhatə etməkdədir. Və proseslərin gedişinə diqqət etdikdə aydın olur ki, burada Naxçıvan Dövlət Universiteti əlaqələndirici rola malik olmaqdadır.

Qarşıdakı mərhələlərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üçün geniş perspektivlər gətirəcək olan bu görüş mahiyyət etibarı ilə elmi araşdırmalara, tədris sahəsində təcrübə mübadiləsinə, əsərlərin, həmçinin, nəzəri biliklərin və təcrübi keyfiyyətlərin ortaq inkişafına əhatəlilik vermiş olacaq.

Görüşlərin təşkilinə, Forumun proqramına diqqət etidkdə aydın olur ki, ölkəmizin və xarici ölkələrdən qatılan tibb üzrə elm adamlarının marağı çox böyükdür. Bir sözlə, Naxçıvan Dövlət Universiteti özünün hazırkı inkişaf xətti ilə regional və beynəlxalq əməkdaşlıqların aparıcı qüvvəsinə çevrilməkdədir. 

l Tibbi Forumda Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqları üçün yeni perspektivlər də yaranmışdır. Belə ki, Forumda iştirak edən qardaş Türkiyə Cümhuriyyətinin Karadeniz Texnik Universitetinin Rektoru və başçılıq etdiyi nümayəndə heyəti ilə də görüş olduqca səmərəli müzakirələrlə keçmişdir.

Universitetimizlə Türkiyə Cümhiyyətinin Ali Məktəbləri arasında çox səmərəli əməkdaşlıqlar güclü əsaslar üzrədində olmaqla, mövcuddur. Bu əlaqələr:

- Texnoparkın fəaliyyətinə yönəlmiş tədris proseslərinin səmərəliliyi; 

- distant təhsilin təşkili və idarə olunması;

- müəllim və tələbə mübadiləsinin təmin olunması; 

- elmi əsərlərin və araşdırma nəticələrində ortaq fəaliyyət;

- tədrisməqsədli təlimlərin keçirilməsi və digər çoxsaylı məsələlər sahəsində əməkdaşlıqlar sahəsində anlaşmalar əldə olunmuşdur. Bu sırada artıq yeni mərhələdə Karadeniz Texnik Universiteti ilə də əməkdaşlıqların mühüm əhəmiyyətini qeyd etmək olar. 

I Tibbi Forum eyni zamanda, tibb elminin tanınmış nümayəndələrinin araşdırma nəticələrinin təqdim olunması ilə yanaşı, həm də, ictimaiyyətimizin tanınmış nümayəndələrinin iştirak etməsi ilə daha da zəngin oldu. Forumun gedişində Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı, xanəndə Mənsum İbrahimovun, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynovanın, tarzən Elçin Həşimovun və kamança ustası Elnur Əhmədovun da iştirak etmələri Forumun bütövlükdə ictimaiyyətimiz üçün aktual olmasından xəbər verməkdədir.

Forumun birinci günündə, yəni 18 iyun tarixində Naxçıvan Palacedə Birinci Tibbi Forumun Qala gecəsi tibb elmləri sahəsində imzası olan alimlərimizin, eyni zamanda, sosial və mədəni fəaliyyət sahələrində fərqlənən ziyalılarımızın təltif olunması ilə yadda qaldı. Qeyd etmək olar ki, Forum, daha çox universitetimizin bu sahə üzrə mütəxəssislərinin motivasiya olunması üçün də olduqca əhəmiyyətli oldu.

Forum, yüksək elmi, regional, milli və hətta beynəlxalq əhəmiyyətinə görə də əlamətdar oldu. Əsl bayram əhval-ruhiyyəsində keçən Forum, eyni zamanda, etibarlı dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında elmin və xüsusilə də, Naxçıvan Dövlət Universitetinin rolunu bir daha göstərmiş oldu. Bu tədbirlər, həm də qarşıda daha əhəmiyyətli inkişaf səhifələrinə keçid üçün etibarlılıq gətirəcəkdir. 

Forumda iştirak edən qonaqlarımız tərəfindən Naxçıvan Dövlət Universitetinin hazırkı inkişaf potensialının yüksək dəyərləndirilməsi hər birimizə böyük qürur verdi. Xüsusilə, onların dəfələrlə Zəfər qazanmış ölkənin belə gözəl tədbirlər keçirməsi növbəti böyük sevinc gətirir deməsi hər birimizə yeni qürur gətirmiş olurdu. 
Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə reallaşan l Tibbi Forum 19,20 və 21 iyun tarixlərində bölmələr üzrə davam etdi. Dörd salon üzrə (A, B, C, D) nəzərdə tutulumuş olan bölmələrdə, laparostopik cərrahiyyə kursu, cərrahiyyə, laparostopik kolorektal cərrahiyyə, ginokologiya, invaziv endoskopiya, uşaq cərrahiyyəsi, hepatologiya, ERCP (ERXP) kursu, modern Tibbi Texnologiyalar, urologiya. Böyrək Transplantasiyası, oftalmologiya, pediatriya l və ll, tələbə Elmi-Tədqiqat İşləri üzrə maraqlı məruzələr dinlənilməkdə və müzakirələr aparılmaqdadır. Bölmələr üzrə müzakirələr qarşılıqlı sual cavablarla keçirilmişdir.

Bu möhtəşəm tədbirdə iştirak edən hər bir iştirakçı özünü rahat hiss edir, muxtar respublikanın təbiətini, əhalisini, sosial-iqtisadi inkişafını, dayanıqlı elmi mühitini, təhsil və tədris sahəsindəki perspektivlərini və bu sahələr üzrə təşəkkül tapmış olan dövlət siyasətini olduqca mühüm dəyərlər olaraq ifadə edirdilər. Eyni zamanda, hər bir nümayəndə Naxçıvan Muxtar Respublikasının inkişafını, abadlaşmasını, modernləşmə proseslərinə, elmə və elm adamlarına olan yüksək qayğının xoş təəssüratlarını ifadə etdilər. Bütün bunlarla da, Onlar, özlərini Naxçıvan sakini olaraq hiss etdiklərini bəyan edirdilər.

Forumda iştirak edən, Rusiya Cərrahlar Cəmiyyətinin Sədri Yuri Starkov bildirdi ki, Naxçıvan Muxtar Respublikasını həm də tarixi abidələr diyarı olaraq gördülər. Burada elmin çox sahəli inkişafı üçün əsaslı potensial vardır. Alim bildirdi ki, Naxçıvanda ilk dəfə olmasına baxmayaraq, səmimi, doğma və mehriban münasibətlərə böyük dəyər verirlər. Muxtar respublikanın timsalında Azərbaycan mətbəxtinin bir-birindən dadlı yeməklərini də ayrıca qeyd etdilər.

İstanbul Tibb fakültəsinin ümumi cərrahiyyə şöbəsinin müəllimi Levent Avtan da l Tibbi Forumun yüksək əhəmiyyətə malik olduğunu qeyd etdi. Qardaş Türk ölkələrinin ortaq elmi araşdırmaları üçün mühüm nəticə olduğunu bildirdi. Qeyd etdi ki, bu, qarşıdakı mərhələlər üçün yeni bir başlanğıc olacaq. Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Ali məktəbləri ilə əməkdaşlıqlarını yaxından izlədiklərini ifadə edən alim, bunu çox zəruri uğur olaraq dəyərləndirdi.

Türkiyə Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avcı da Forumun əhəmiyyətini bildirdi. Qeyd etdi ki, Forum nəticəsində qardaş Azərbaycan və ona bağlı olan Naxçıvan Muxtar Respublikasının alimləri ilə ortaq elmi çalışmalar üçün zəmin yarandı. Alimlər I Tibbi Forum zamanı çox xoş təəssüratlarla öz ölkələrinə qayıdcaqlarını bildirdilər.

Naxçıvan Dövlət Universitetində l Tibbi Forumda iştirak edən qonaqlar Forum proqramı çərçivəsində Əshabi -Kəhf Ziyarətgahı Dini Mədəni Abidə Kompleksini də ziyarət etdilər. Qonaqlara tarixi-dini abidə barəsində məlumatlar verildi. Məlumatlar, Naxçıvan Dövlət Universitetinin könüllülərindən ibarət olan bələdçilər tərəfindən verilirdi. 

Forumda iştirak edən Özbəkistan Respublika neyrocərrahiyyə mərkəzinin həkimləri, neyroonkoloqlar Sizdikkhodjaev Sardarkhoja və Akhmedov Sukhrob istər Forum, istərsə də, proqram çərçivəsində tarixi və dini ərazilərlə tanışlığın əhəmiyyətini yüksək dəyərləndirdilər. Həm dini, həm də tarixi turizm məqsədli fəaliyyət sferaları üçün yaradılan təsisatların gələcəkdə turist mobilliyi üçün mühüm dəyərini bildirdilər. Qeyd etdilər ki, Naxçıvan Muxtar Respublikası barəsində nəzəri məlumatlara malik olmaqla yanaşı, öyrəndikləri biliklərlərlə yerində tanış olmaq onlarda ayrıca məmnunluq yaratdı və bu sahədə Forumun böyük önəmini qeyd etdilər.

Naxçıvan Dövlət Universitetində l Tibbi Forumda iştirak edən qonaqlar bölmə iclaslarından sonra proqram çərçivəsində Xan Sarayını, Mömünə Xatun Türbəsini və Açıq Səma Altında Muzeydə olmuşlar. Tarixi, milli və mədəni dəyərlərimizin bir parçası olaraq həmin məkanların mühüm əhəmiyyətini qeyd edən universitet könüllülərindən ibarət olan bələdçilər, muxtar respublikamızın tarixiliklə müasirliyin vəhdətindən ibarət olan zənginliklərini təqdim etmişlər. 

Gəzintilərdən çox xoş təəssüratlar alan qonaqlar Naxçıvan Muxtar Respublikasını yaxından görməyin məmnunluğunu bildirdilər. Bu sahədə, Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilmiş olan l Tibbi Forumun önəmli olduğunu bir daha qeyd etdilər.

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən l Tibb Forumunun iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzində olmuşlar. Mərkəzin müalicə prosesləri barəsində məlumat verilmişdir ki, burada əsasən 47 otaqda eyni anda 130-a yaxın pasientin müalicəsi üçün rahat şərait yaradılmışdır. Pandemiyadan əvvəl 4700-dən çox pasient Mərkəzdə müalicə olunurdu. Bildirildi ki, buradakı müalicələr əsasən gündüz və gecə olmaqla 2 növbədə nəzərdə tutulmuşdur. Bir qayda olaraq, 2-12 yaşda olan pasientlər üçün gündüz, 12 yaş və üzərində olan pasientlər üçün isə əsasən gecə seansları mümkün olur.

Mərkəzlə tanışlıq zamanı aydın oldu ki, hazırda da pasientlər göstərilən xidmətlərdən məmnundurlar və sağlamlıqları üçün gerçək müalicə nəticələrini görürlər. Burada keçmiş İttifaq ölkələrindən pasientlər də qəbul olunmuşdur. Burada, mərkəzin tarixi, tibbi və hazırkı şəraitdə həm də iqtisadi əhəmiyyəti barəsində məlumat verilmişdir. Bildirilmişdir ki, mərkəz 1979 - cu ildən fəaliyyət göstərir. Uşaqların və böyüklərin müalicəsi üçün əlverişli şərait yaradılmışdır. Müalicələrin təşkili əsasən axşam və gündüz seansları üzrə təşkil olunur. Hər bir pasient üçün orta hesabla 10-15 gün müddətində müalicə nəzərdə tutulur.
Forum iştirakçıları Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən l Tibbi Forumun istər elmi araşdırmalar, istər mütəxəssislərlə tanışlıq və əməkdaşlıqlar, istərsə də, tibb məqsədli ərazilərin də öyrənilməsi baxımından olduqca əhəmiyyətliliyini qeyd etdilər.

l Tibbi Forumda iştirak edən qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Yeditepe Universitetinin Rektoru və nümayəndə heyəti ilə görüş də yüksək səmimi şəraitdə keçdi. Güclü əsaslarla davam edən beynəlxalq əməkdaşlıqlarda qardaş Türkiyə Cümhuriyyətinin ali məktəblərinin rolu və əhəmiyyəti böyük olacaq ki, bu sırada İstanbul Yeditepe Universitetinin də yerini görmüş olacağıq. 

Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşün qarşıdakı dövlərdə nəticələrini də şaxəli şəkildə görmüş olacağıq. Belə ki:

- ixtisaslaşma sahəsində ardıcıl əlaqələrin inkişafı;

- təhsil səviyyələri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi;

- ortaq layihələrin, təlimlərin reallaşması;

- elmi araşdırma nəticələrinin mübadilə olunması;

- müəllim, tələbə, elm adamlarının mübadiləsi və tədris sahəsində mütəxəssis hazılığının həyata keçirilməsi və digər mühüm məsələlər görüşün gətirəcəyi perspektivlərə aid olacaq. 

Naxçıvan Dövlət Universitetinin ev Sahibliyi ilə keçirilən l Tibbi Forumu ll günün bölmə iclaslarında da tibb elmi üçün aktual mövzular üzrə müzakirələr aparıldı. İclaslar A, B, C, D salonlarında olmaqla, 4 bölmədən ibarətdir. Həmin iclaslar da tibb elminin aktual problemlərinin araşdırıması ilə baş tutmaqdadır. Belə ki, iclaslarda, cərrahiyyə, pankreas xəstəlikləri, plastik estetik və rekanstruktiv cərrahiyyə, endokrinologiya, virus Hepatitləri, HCC (Ağır Kliniki Hallar), qara ciyər transplantasiyası, qastroenterologiya, onkologiya, oftalmologiya, pediatriya -l və ll, infeksion xəstəlikləri, stomatologiya sahələri üzrə çox aktual mövzular ələ alınmışdır. Bölmə iclaslarında məruzələr ətrafında müzakirələr keçirilmiş və verilən suallar cavablandırılmışdır.

Universitetimizdə l Tibbi Forumda iştirak edən alimlər və müətəxəssislər proqram çərçivəsində muxtar respublikamızın dilbər güşələrindən biri olan Batabatda olublar. Ümumilikdə, ölkəmizin incisi hesab olunan Batabat, bütün qonaqlarımızda çox xoş təəssüratlar yaratmışdır. 

Forum iştirakçıları universitetimizin bu üstünlüklərini dəfələrlə yüksək dəyərləndirmiş, istər məruzələrdə, istərsə də, şəxsi söhbətlərində ən xoş təəssüratlarını bildirmişlər. Dövlətimizin bu sahədəki diqqətini və qayğısını da ən böyük zənginlik olaraq qeyd etmişlər. Hörmətli Rektorumuzun Türkiyə və Yaponiya ali məktəbləri üzrə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasındakı uğurlu fəaliyyətinin qürurverici nəticəsi olaraq, bu Forum, Tibb alimlərinin timsalında digər araşdırma sahələrinin mütəxəssislərinə də stimul olacaqdır.

Beləliklə, Forum bir daha göstərdi ki, ərazinin kiçik olması ideyaların böyük olmasına heç bir məhdudiyyət gətirə bilməz. Böyük dövlət qayğısı, yüksək təşkilatçılıq və qonaqlarımıza doğma münasibət Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasında olduqları üçün onlara böyük qürur gətirmiş oldu. Bütün tərəfləri ilə, universitetimizin reallaşdırmış olduğu bu uğurlar, xüsusilə, tibb işçilərinin peşə bayramı günləri üçün mühüm töhfə oldu. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR