Hikmət Hacıyev Forumda: “Yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur, sadəcə..." - "Biz Ukraynanın üzləşdiyi çətinlikləri başa düşürük, çünki..."

img

16-06-2022 [16:40]


“Biz beynəlxalq təsisatlara çox inanırdıq. Düşünürdük ki, bu təsisatlar Azərbaycana sülh gətirəcək”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukuruna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib.

Onun sözlərinə görə, bu məsələlərdə Azərbaycan cəmiyyətinin də gözləntiləri özünü doğrultmadı: “ATƏT-in Minsk qrupu Ermənistanı təcavüzkar adlandırmırdı. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü tam tanımaqla Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı da 4 qətnamə qəbul etmişdi. BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edən ölkələr Baş Assambleyada bu hüquqdan niyə istifadə etdiyini əsaslandırmalıdır”.

Qoşulmama Hərəkatının çox vacib bir platforma olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur: “Sadəcə beynəlxalq hüquq və prinsiplərə ciddi şəkildə riayət edilməlidir”.

Hikmət Hacıyev bildirib ki, müstəqilliyinin ilk illərində Azərbaycan işğala və etnik təmizləməyə məruz qaldı:

"Biz Ukraynanın üzləşdiyi çətinlikləri başa düşürük, çünki 30 il əvvəl Azərbaycan da böhranla üzləşmişdi. Həmin vaxt Azərbaycan ədalətli yanaşmaya ümid etsə də, beynəlxalq ictimaiyyət susdu. Azərbaycana qarşı selektiv yanaşma nümayiş etdirildi. Söhbət Azərbaycandan getdikdə hamı susurdu”.

O, həmin mürəkkəb zamanda Azərbaycan xalqını dəstəkləmiş və Ermənistan ilə diplomatik münasibətlər qurmamış Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanına öz təşəkkürünü bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR