Türkiyə parlamentinin sədri Bakıda: “Problemlərimizi həll etmək üçün birgə hərəkət etməliyik”

img

17-05-2022 [15:56]


“Azərbaycanda olmaqdan məmnunluq hissi duyuram. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı ölkələrimizin inkişafı üçün çox vacibdir”.

Mia.az xəbər verir ki, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

Onun sözlərinə görə, Türkiyə olaraq parlamentlərarası münasibətlərin gücləndirilməsinə böyük önəm verirlər: “Problemlərimizi həll etmək üçün birgə hərəkət etməliyik. Pandemiya həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsir göstərib. Bu təsir hələ də davam edir. Miqrasiya, yoxsulluq təhdidə çevrilib. Ukraynadakı müharibənin təsiri altında ərzaq problemi üzə çıxıb”.

O əlavə edib ki, beynəlxalq təşkilatların zamanın tələbinə uyğun olaraq islahatlar həyata keçirməsi vacibdir: "İƏT-də əlaqələri güclü şəkildə inkişaf etdirmək vacibdir. Qlobal iştirakçılar regional problemlərin həlli yolunu tapmırlar. Onlar problemləri gərginləşdirəcək qərarlar qəbul edirlər. Bu müdaxilələr heç bir ölkəyə sülh gətirməyib. Bizim bunlardan dərs çıxamağımız vacibdir”.

Şentop bildirib ki, Azərbaycan torpaqları işğal olunan zaman bir sıra təşkilatlar torpaqların işğalını tanıyıblar: "İşğala son qoymaq üçün Minsk qrupu yaradılmışdı, ancaq heç bir həll yolunu uğurlu şəkildə həyata keçirə bilməyib. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları azad edilib. Mən bu münasibətlə Prezident İlham Əliyevi təbrik edirəm. Qarabağ Azərbaycandır!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR