Mədəniyyət naziri Naxçıvanda Vasif Talıbovla görüşüb

img

25-04-2022 [16:09]


Mədəniyyət naziri Anar Kərimovun aprelin 25-də Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri başlayıb.

Mia.az nazirliyə istinadla bildirir ki, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüb.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 18 fevral 1999-cu il tarixli sərəncamı ilə yaradılmış Heydər Əliyev Muzeyinə ziyarət təşkil olunub. Muzeydə ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncamlar və digər sənədlər toplanılıb. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Daha sonra Anar Kərimovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü baş tutub. Nazir Naxçıvanda yerli rəsmilərlə ikitərəfli əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparıb. Azərbaycanın tarixi, mədəniyyəti üçün əhəmiyyəti olan tədbirlərin həyata keçirilməsi, əməkdaşlığın möhkəmləndirilməsi, birgə layihələrin reallaşdırılması imkanı müzakirə olunub. Həmçinin Naxçıvanın dahi şəxsiyyətləri, zəngin mədəni irsi və tarixi abidələrindən geniş söhbət açılıb.

Görüşün sonunda Anar Kərimov Vasif Talıbova “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatı təqdim edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR