Səhnəyə “Ana” gələndə... - Etibar Cəbrayıloğlu yazır
12-02-2022 [21:37]
Görkəmli şair və dramaturq, Azərbaycan ədəbiyyatında romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin qəhrəmanlarının səhnəyə hər yeni qayıdışı öz-özlüyündə bir hadisədir. Hər zaman olduğu kimi, bu gün də Hüseyn Cavid yaradıcılığına müraciət etmək teatr kollektivindən böyük cəsarət tələb edir.
Şuşa Dövlət Musiqili Dram Teatrı özündə belə bir güc taparaq məsuliyyətli işə imza atıb, böyük dramaturqun ilk dram əsəri olan “Ana” mənzum faciəsinə yeni səhnə ömrü verib. “Ana”nın növbəti qayıdışı həm də iki mühüm hadisə ilə əlamətdardır.
Yubileylər ilinə töhfə
Həmin iki əlamətdar hadisədən biri mədəniyyət paytaxtımız, uzun illərin ayrılığından sonra vüsalına yetdiyimiz Şuşa şəhəri ilə bağlıdır.
Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə bu il “Şuşa ili” elan edilib. Şuşa düşmən əlində olarkən bütün çətinliklərə rəğmən fəaliyyətini davam etdirən Şuşa Dövlət Musiqili Dram Teatrının peşəkar və fədakar kollektivi də “Şuşa ili”nə öz töhfəsini verəcək. Kollektiv “Ana” pyesini repertuarına daxil etməklə həm də digər bir mühüm hadisəni qeyd etmək istəyir.
Ədəbiyyatımızın görkəmli nümayəndəsi, “İblis”, “Topal Teymur”, “Şeyx Sənan”, “Xəyyam”, “Knyaz”, “Afət” kimi səhnə əsərləri ilə milli teatrımızda yeni bir mərhələ yaradan Hüseyn Cavidin anadan olmasının bu il 140 illiyidir. Yazının əvvəlində vurğuladığımız kimi, Hüseyn Cavid dramaturgiyaya məhz “Ana” mənzum pyesi ilə qədəm qoyub. Əsər Dağıstan xalqlarından birinin həyatından götürülsə də baş verən hadisələr ümumbəşəri duyğuları tərənnüm edir.
Cavid yaradıcılığı üçün xarakterik olan məsələlər önə çəkilir, xeyr şərə qarşı, mərhəmət qəddarlığa qarşı mübarizə aparır. Səlma ana, gənc qız İsmət, Səlim, Qanpolad mərdliyi, alicənablığı, doğruluğu, halallığı simvolizə edir. Dramaturq onları var-dövləti ilə öyünən, nəfsinə hakim ola bilməyən, hər cür pisliyə hazır olan, hətta insan həyatına qəsd etməkdən çəkinməyən, harınlamış Orxanla, törətdiyi cinayətdən sonda peşman olan Çərkəs Muradla qarşılaşdırır.
Adından da göründüyü kimi, əsərin qəhrəmanı anadır. Hüseyn Cavidin Səlma ana obrazı təkcə milli ədəbiyyatımızda deyil. bütün Şərq ədəbiyyatında ən ideal ana obrazlarından biri hesab olunur.
“... Ya Rəb, ədalət!!!”
“
Ana” qələmə alındığı ildən müxtəlif teatrlarda səhnə ömrü yaşayıb. Şuşa Dövlət Musiqili Dram Teatrında tamaşanın müəllifi və quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Səlma ana obrazını (aktrisa Bahar Abdullayeva-Həmzəyeva) dramaturq əsərdəki digər bir surətin-Səlimin dili ilə belə təqdim edir:
Böyüklükdə, mərhəmətdə seçilmiş,
Alicənablıq boynuna biçilmiş.
Uzun ayrılıqdan sonra oğlu Qanpolad evə dönməyə hazırlaşır. Bu kasıb, lakin mərd və alicənab ana xoş günlər sorağındadır. Gözəl-göyçək, ağıllı İsməti (aktrisa Sürahi Əliməmmədova) Qanpolada (aktyor Əlirza Kənani) alacaq. Səlma ana şirin xəyallar qurarkən səhnəyə şər qüvvələrin təmsilçiləri Orxan (aktyor Mirqabil Əkbərov) və Çərkəs Murad (aktyor Rasəf Mehdiyev) çıxır. Ad-sanını, var-dövlətini uca dağlardan da yüksəkdə hesab edən Orxan İsmətə də asanlıqla sahib çıxacağını düşünür. Lakin İsmət Qanpolada olan sevgisini var-dövlətdən, ad-sandan üstün tutaraq:
İştə barmağımda gördüyün nişan
Qanpoladdan yadigardır mana.
Ömrüm olduqca bağlıyam ona
- deyir.
Rədd cavabı alan Orxan xaincəsinə planlar cızır, Qanpoladla İsmətin xoşbəxtliyinə mane olmaq üçün hər şeyə hazır olduğunu dilə gətirir. İsmətin qardaşı Səlim (aktyor Nihad Heybətov) Orxanın bu planlarından xəbər tutur və Səlma ananı, Qanpoladı və İsməti gözlənilən bəlalardan qorumaq istəyir.
Həssas qəlbli Ana hansısa faciənin baş verəcəyini hiss edir, narahatlığı, həyəcanı artır. Sonrakı hadisələr daha kəskin xarakter alır, Oxran və Çərkəs Murad pusqu quraraq Qanpolada və Səlimə xaincəsinə hücum edirlər. İllərdir oğluna qovuşmaq ümidi ilə yaşayan Səlma ana ürəkparçalayan mənzərə ilə qarşılaşır. Yeganə pənahı oğlunu al-qan içində görən ana “Ya Rəb, ədalət”- deyərək fəryad qoparır:
Ah, getdin? Səni çox gördümü Tanrım?
Qızılgüllər açmış köksündə, yavrum...
Qanpoladı qətlə yetirdiyinə görə Səlim tərəfindən təqib olunan Çərkəs Murad Səlma anadan gizlənməyə yer istəyir. Səlma ana “Amandasan”-deyib onu evində gizlədir. Toy libasını geyərək nişanlısını qarşılamağa gələn İsmət ölümlə çarpışan Qanpoladı görüncə özünə qəsd etmək istəyir, son anda Səlim ona mane olur. Səlma ana evində amanda saxladığı Muradın oğlu Qanpoladın qatili olduğunu öyrənir. Hadisələr kulminasiya nöqtəsinə çatır. Zalda əyləşən tamaşaçılar nəfəs dərmədən səhnədə baş verənləri izləyir.
Səlma ananın qəlbində qəzəb hissi oyanır, oğlunun qatilindən intiqam barədə düşünür. Lakin son anda Murada verdiyi “Amandasan” sözünü xatırlayaraq vədinə sadiq qalır və oğlu Qanpoladın qatilini bağışlayır. Humanizm duyğuları ilə yaşayan ana oğlunu itirsə də qan tökməkdən, digər bir insanın həyatına qıymaqdan çəkinir, ən qatı cinayətkarı belə bağışlayır.
Səhnədə, televiziya tamaşalarında, teleseriallarda bir-birindən fərqli rollar oynayan istedadlı aktrisamız Bahar Abdullayeva-Həmzəyeva Səmla ananın yaşantılarını, keçirdiyi əzabları dolğun bir şəkildə təqdim edə bilir. “Ana” tamaşasında yaratdığı Səmla obrazı aktrisa kimi onun nə qədər böyük potensiala malik olduğunu bir daha sübut edir. Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi “Ana” tamaşası Sürahi Əliməmmədova, Nihad Heybətov, Mirqabil Əkbərov, Əlirza Kənani, Rasəf Mehdiyev kimi gənc və istedadlı aktyorlara yaradıcılıq imkanlarını göstərməyə əla imkan yaradır. Belə istedadlı gəncləri ətrafında toplayan Şuşa Dövlət Musiqili Dram Teatrı həm klassik əsərlərə, həm də müasirlərimizin sanballı pyeslərinə səhnə ömrü vermək gücündədir.
“Ana” əsərində hadisələr bir məkanda baş verir. Lakin Loğman Kərimovun quruluşu, tamaşadakı dinamika tamaşaçını yormur. Quruluşçu rəssam Valeh Məmmədovun da işi xüsusi vurğulanmalıdır. Tamaşanın uğurlu alınmasına görə musiqi tərtibatçısı Azad Məmmədova, səs rejissoru Asyaxanım Heydərovaya, işıqçı Məhəmmədəli Məmmədova və prodüser Yaşar Məmmədova təşəkkür və bolluca tamaşaçı alqışı düşür.
İnanırıq ki, bu fədakar kollektiv doğma məkana- Şuşaya qayıdanda ölməz Hüseyn Cavidin yadigarı olan “Ana”nın hər tamaşası daha böyük uğurla tamaşaçılara təqdim olunacaq.
Etibar Cəbrayıloğlu
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub