“Müslüm Maqomayev” adlı yeni kataloq işıq üzü görüb

img

07-02-2022 [16:12]


AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə muzeyin kolleksiyası əsasında “Müslüm Maqomayev” adlı yeni kataloq (Bakı, “Təhsil”, 2021, 104 səh.) işıq üzü görüb.

Mia.az xəbər verir ki, kataloqun elmi redaktoru: muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, tərtibçilər: akademik Nailə Vəlixanlı, muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunun müdiri Rəna Səfərovadır.

Təqdim olunan kataloq AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən dahi bəstəkar Müslüm Maqomayevin xatirəsinə bir töhfə kimi hazırlanmışdır. Kataloq iki əsas bölmədən- “Bəstəkarın həyat yolu” və “Bəstəkarın yaradıcılığı”ndan ibarətdir. Birinci bölmədə Müslüm Maqomayevin ailəsi, təhsili, pedaqoji fəaliyyəti, professional opera orkestrində solist-skripkaçı kimi çıxış etməsi, həmin orkestrin 25 il ərzində dirijoru olması, böyük təşkilatçılıq təcrübəsi və yüksək qabiliyyəti sayəsində opera kollektivin fəaliyyətinə rəhbərlik etməsi fotoşəkillər və sənədlər vasitəsilə işıqlandırılır. M.Maqomayevin muzeydə mühafizə olunan 14 ədəd şəxsi əşyası da kataloqun birinci bölməsinə daxil edilmişdir.

“Bəstəkarın yaradıcılığı” bölməsində oxucu M.Maqomayevin səhnə əsərləri olan “Şah İsmayıl” və “Nərgiz” operaları, simfonik və vokal əsərləri ilə tanış olur. Həmçinin bəstəkarın kinofilm və dram əsərlərinin musiqi tərtibatçısı olması fotoşəkillər, afişalar, proqramlar və qəzet məqalələri vasitəsilə məlumatlandırılır.

Kataloqda muzeyin Hədiyyələr və Xatirə Əşyaları, Sənədli Mənbələr və Foto-neqativ Materialları fondlarında qorunan M.Maqomayevlə əlaqədar 201 ədəd eksponat haqqında ətraflı məlumat verilir. Kataloq tərtib olunarkən əsərlərin yazılma tarixi əsas prinsip kimi qəbul edilmiş, eksponatların təsviri xronoloji qayda üzrə düzülmüş və müvafiq fondun inventar nömrəsi göstərilmişdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR