Lordlar diyarına sığınan Feyziyevin feyziyab edilən günləri

img

06-02-2022 [13:41]


Xalid KAZIMLI,

"Yeni Müsavat" qəzetinin redaktoru

***

Bir müddət öncəyə qədər onu çox adam tanımırdı. Yalnız öz kənd-kəsəyində, mandatına sahibləndiyi seçki dairəsində adı dillərdə gəzən bu deputatı – Cavanşir Feyziyevi bir də media mühitində tanıyırdılar. O, vaxtaşırı türkçülükdən-filan məqalələr yazır, kitab buraxdırırdı.

Ona böyük şöhrəti isə London məhkəməsi gətirdi. Orada adamın 15 milyon funt-sterlinq pulu olan hesabını dondurdular, sonra 10 milyonunu özünə qaytardılar, 5 milyonunun arxasına keçdilər və adı dillərə düşdü.

İndi o özünü müdafiə etmək üçün ora-bura ağız atır, müxtəlif saytlarda özünümüdafiə yazıları dərc etdirir, amma başarılı ola bilmir, saytlar qısa müddətdən sonra onun yazısını çıxarırlar.

Feyziyev yazır ki, Londonda bir yarısını əlindən aldırdığı, bir yarısını geri ala bildiyi pulları halal yolla, alın təri ilə, 20 illik zəhmətilə qazanıb. Sanki adam İsveçdə, Norveçdə yaşayıb-işləyib və bizim xalq ölkədə çox pulun necə qazanıldığını bilmir.

Bu yerdə məşhur milyarderdən birinin sözünü xatırlamaq lazım gəlir. Ondan soruşublar ki, sərəncamında olan milyardların mənbəyini deyə bilərmi. Milyarder səmimi adam olduğu üçün dürüst cavab verib: “İlk milyondan başqa yerdə qalan pulumun mənbəyini deyə bilərəm”.

Hazırda Əyyuboğlunun varidatının ilk 1 milyonunu (eləcə də sonrakı milyonları) necə qazanmasını araşdıran yoxdur. Bunun üçün səlahiyyətli orqanlar var və onlar cəmi bir həftənin içində “Qasım kişinin dilini gödək eləyən” şeylər tapa bilərlər.

Feyziyevin adının hallanmasına səbəb olan məqam isə bu qədər pulu ölkədən çıxarıb aparması, onsuz da iqtisadiyyatına görə dünya devi olan ölkəyə yatırmasıdır.

Təsəvvür edin, təkcə Qarabağın işğaldan azad olunmuş torpaqlarında həyatı, infrastrukturları, iqtisadiyyatı bərpa etmək üçün milyardlar lazımdır, başqa dövlətlərdən, beynəlxalq maliyyə qurumlarından ciddi maliyyə yardımı gözləyirik, amma öz milyonçumuz pulunu aparıb xarici ölkələrə yatırır, üstəlik, bir hissəsini əlindən qapdırır.

Hanı bəs türkçüydü? Türküçlük mövzusunda 5 kitabdan ibarət “Xəmsə” buraxmışdı, nə oldu? Adamların cibindən dava-dərmana verdiyi pulu çıxara, toplaya bilir, onu öz ölkəsində biznesə yatırmaq lazım gələndə lordlar diyarına, dumanlı yerlərə cumur.

Bunun adını çəkib tənqid etdiklərinə görə xaricdə yaşayan və işləyən adamları agent, satqın adlandıran deputat, heç demə, özü də əvvəlcə, 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində işləyib, sonra, 1995–1998-ci illərdə isə ABŞ-nın “Filip Morris” şirkətinin Qafqaz nümayəndəliyində “külüng vurub”.

Fevralın 5-də özünümüdafiə səciyyəli status yazan, onun mediada yayılmasının “qayğı”sını çəkən deputat, görünür, London vaqiəsinin salam-səfa ilə ötüşməyəcəyini düzgün proqnozlaşdırıb, ona görə də mövcud iqtidara müxalifətdə olan şəxsləri müstəqil jurnalistlərə qataraq özü üçün cəbhə uydurub, özünü hakim komanda ilə müttəfiq elan edib.

Belə şeylər keçməz. O ölkədən qaçırılan və Londonda qapdırılan milyonların hesabını vermək lazım gələcək. Adama deyərlər, ilin-günün bu vaxtında sən kimdən qorxub çəkinirsən ki, öz şəxsi mənafeyini düşünür, pulunu xarici ölkələrdə saxlamaq istəyirsən. Guya heç kim sənin əsl niyyətini bilmir?

Feyziyevin ölkənin tanınmış jurnalistlərini “dələduz”, “şərəfsiz” adlandıraraq təhqir etməsi isə nə hansısa dəftər-kitaba sığandır, nə də beş batman bal ilə yeyiləsi şeydir. O, buna görə də cavab verməli, bu sözlərin peşmanlığını çəkməli olacaq.


Bundan əvvəl ölkənin iki tanınmış siyasətçisi və professoru haqqında “Londonda məhkəmənin qarşısında sülənirdilər” ifadəsi işlətməsi adamın mədəni səviyyəsinin göstəricisidir. Olanı budur, müəllim ailəsində böyüsə də, görünür, tərbiyəsi lazımınca olmayıb. Biri ilə mübahisə edərkən saatlarla danışmaq və heç bir təhqiramiz ifadə işlətməmək mümkündür və cibində deputat mandatı gəzdirən, 5 kitab yazan adam bunu etməyə borcludur.

Vaxtilə jurnalistlərə qarşı kobud ifadələr işlədənlərin, demək olar ki, hamısı bu hərəkətlərinə peşman olublar. Adları çəkilən jurnalistlər Feyziyevi feyziyab edəndə adam anlayacaq səhv edib və peşman olacaq. Ola bilər, o, bunu məhkəməsində dilə gətirməsin, amma əfv ərizəsi yazası olanda mütləq bu barədə xəbərin mediada getməsini istəyəcək.

f87ddbc3-f0af-4819-96d8-979d686e53d0.jpg (85 KB)

9785a4b4-bd42-4af7-9db9-a08f9ce2da44.jpg (175 KB)

MUSAVAT.COM


Digər xəbərlər
SON XƏBƏRLƏR