Ukraynanın müdafiə nazirinin müavini: "Ordumuz artıq 2014-cü ilin ordusu deyil" - Türkiyə ilə də hərtərəfli əməkdaşlıq proqramımız var" (MÜSAHİBƏ)

img

27-01-2022 [17:19]


Ukraynanın müdafiə nazirinin müavini Oleksandr Polişuk "Baku tv"yə müsahibə verib.

Mia.az Report-a istinadla həmin müsahibəni təqdim edir:

- Hazırda Ukrayna ətrafında nələr baş verir?

- Ukrayna ətrafında baş verən hadisələrə, Ukraynada səkkiz ildir davam edən silahlı münaqişənin daha da genişlənməsi ehtimalına dair əlimizdə olan məlumatlara maraq göstərdiklərinə görə azərbaycanlı dostlarımıza, həmkarlarımıza çox minnətdaram.

Bəli, sözsüz ki, vəziyyət çox mürəkkəbdir. Bildiyiniz kimi, Kremldəki rəhbərlər əfsuslar olsun ki, heç cür sakit dura bilmir, sərhədlərimiz ətrafında vəziyyəti gərginləşdirirlər. Bu vəziyyəti artıq uzun müddətdir müşahidə edirik. Lakin son aylar baş verənlər təkcə bizim yox, həm də Avropanın təhlükəsizliyinə təhdiddir.

Bu gün Rusiya Federasiyası ordusunun sərhədlərimiz boyu toplaşdığını görürük. Söhbət kifayət qədər güclü birləşmədən gedir. Üstəlik Rusiya əslində gizli anşlüs nəticəsində bütövlükdə onun nəzarətinə keçən Belarusun da ərazisindən istifadə edir. Beləliklə, Belarus ərazisində Rusiya ordusunun irimiqyaslı təliminə hazırlıq gedir. Oraya xeyli güclü ordu birləşmələri gətirilir. Bu cür birləşmələrin şərq regionumuza Rusiyanın Uzaq Şərq da daxil olmaqla müxtəlif regionlarından gətirildiyini görürük. Həmin təlim fevral ayının sonunda keçiriləcək.

- Bütün bunlar Ukrayna üçün nə dərəcədə təhlükəlidir?

- Tarixdən gördüyümüz kimi, Rusiya hər dəfə növbəti təcavüzə hazırlaşarkən bu cür təlimlərdən istifadə edir. Bunu Gürcüstanın və bir çox başqa ölkələrin də timsalında aydın görmək olar.

- Bəs Ukrayna belə hadisələrə hazırdırmı?

- Şübhəsiz, hazırdır. Bizim ordumuz artıq 2014-cü ilin ordusu deyil. Əvvəla, psixoloji və düşüncə sarıdan böyük dəyişikliklər var. Artıq Ukraynanın müstəqil dövlət kimi mövcud olmasını kimlərin istəmədiyini dəqiq bilirik. Zaman dəyişir və Rusiya Federasiyasının başbilənləri də Ukraynanın müstəqil ölkə olduğunu, Avropanın hər bir ölkəsi kimi öz inkişaf yolunu seçdiyini və bu yolun da Rusiyada Ukraynanın gələcəyi ilə bağlı mövcud olan rəy və ehtimallara uyğun gəlməyə biləcəyini başa düşməlidir. Fikrimcə, hazırda Ukraynaya qarşı irimiqyaslı hücum ehtimalı ilə bağlı problem həm Avropa, həm də bütün dünya birliyinin bir araya gəlməsinə səbəb oldu. Bu gün tərəfdaşlarımızdan təkcə diplomatiya sarıdan yox, həm də az qala hər gün gələn maddi-texniki yardımlar şəklində böyük dəstək alırıq. Buraya çox ehtiyac duyduğumuz müasir silah-sursat da daxildir. Odur ki, mümkün hərbi təcavüzü dəf etməyə yüz faiz hazır olacağıq.

Bundan əlavə, daxili müdafiə gücü ilə bağlı ötən il prezidentin təşəbbüsü ilə Ali Radada “Milli Müqavimət haqqında” Qanun qəbul edilmişdi. Bu qanunla ölkəmizdə ümumi ərazi müdafiəsinin qurulması üçün çərçivə müəyyənləşdirilir. Bizim kifayət qədər güclü səfərbərlik ehtiyatımız var. Həmin qanuna əsasən ehtiyatda olan hərbi qulluqçularımız briqadalar, taborlar şəklində formalaşdırılacaq ki, bu da 200 min nəfərlik Silahlı Qüvvələrimizə əlavə xeyli güc deməkdir. Yəni bizim 400 min nəfərdən artıq saya malik hazırlıqlı, bu səkkiz ildə müharibənin odunu-alovunu görmüş hərbçilərdən ibarət operativ ehtiyatımız olacaq. Ona görə də bütövlükdə hadisələrin hər cür inkişafına hazır olduğumuz qənaətindəyik. Amma təbii ki, hərbi cəhətdən nə qədər hazır olursa-olaq, bu təcavüzü dinc, diplomatik danışıqlar yolu ilə sovuşdurmağın mümkün olacağına inanırıq. Çünki müasir sivil dünyada bu cür məsələlər məhz belə vasitələrlə həllini tapmalıdır. Ukrayna hökuməti bu gün ölkəmizdə mövcud olan nisbi sülhü məhz siyasi diplomatik üsullarla qoruyub saxlamaq üçün qızğın şəkildə çalışır. Əlbəttə, ölkənin şərq regionunda müharibənin başa çatmadığının da fərqindəyik.

- Sualım Almaniyanın Ukraynaya silah göndərməklə bağlı mövqeyi haqqındadır. Bu məsələni necə qiymətləndirirsiniz?

- Sözsüz ki, hər ölkədə müəyyən siyasi proseslər baş verir. Almaniyanın da mövqeyini bu baxımdan dəyərləndirir, həmin ölkədəki daxili siyasi dialoqu anlayışla qarşılayırıq. Bununla belə, bir daha demək istəyirəm ki, Almaniya görünür, bu gün silah göndərməyə hazır olmasa belə, hərbi-siyasi dialoqun bərqərar olması üçün Normandiya formatı çərçivəsində çox böyük səy göstərir. Biz hazırda bir sıra məşvərətlər aparırıq. Ona görə də fikrimcə, bu, təkamül prosesidir. Almaniya dövləti və xalqı Ukraynaya silah və hərbi texnika sarıdan kömək etmək qərarına gələrsə, biz buna hazır olacağıq. Mövcud ehtiyacları bilirik, yeni müqavilələri harada imzalaya biləcəyimizi də bilirik. Söhbət heç də hansısa xeyriyyə tədbiri şəklində təmənnasız silah verməkdən getmir. Biz müqavilə imzalanmasını, lisenziya alınmasını nəzərdə tutan adi tərəfdaşlıqdan bəhs edirik.

Bu gün Ukrayna ordusu döyüşə girməyə heç mübaliğəsiz Almaniya ordusundan daha çox hazırdır. Almaniya Silahlı Qüvvələrinin mövcud vəziyyətinə yaxından bələdəm, odur ki, Almaniya kimi güclü tərəfdaşımızın da müdafiə qabiliyyətini yüksəltməsi üçün bizim də bölüşəcəyimiz məsələlər var.

Həmçinin Azərbaycanla da əməkdaşlığımız barədə bir neçə kəlmə deməliyəm. Bu məsələyə diqqət yetirməsəydim qəribə olardı. Belə ki, Azərbaycanın Ukraynaya göstərdiyi həm də siyasi köməyə görə, habelə ölkələrimizin rəhbərləri arasında olan mütəmadi təmaslara görə çox minnətdarıq. Elə bu yaxınlarda Prezident Əliyevlə Prezident Zelenski arasında danışıqlar oldu. Bunlar bizə tək olmadığımızı hiss etdirir. Çünki birgə tariximiz, birgə də gələcəyimiz var, bizim siyasi xəttimiz Azərbaycanın öz gələcəyini təsəvvür etdiyi şəkildən o qədər də fərqli deyil. Aramızda hərbi sahədə də maraqlı təmaslar var. O cümlədən Qarabağdakı son hadisələrlə bağlı Azərbaycan Silahlı Qüvvələrinin qazandığı təcrübəni də çox diqqətlə tədqiq edirik. Bununla bağlı deyə bilərəm ki, hazırda Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün silahlı qüvvələrin modernləşdirilməsi, müasir silahların tətbiqi kimi məsələlərdə nümunə götürüləcək ölkədir. Azərbaycana baxaraq türkiyəli tərəfdaşlarımızla müqavilə imzalayıb Ukraynada pilotsuz uçan aparatların istehsalına dair imkanlar əldə etdik, həmin texnikanı artıq cəbhədə sınaqdan uğurla keçirə bilmişik. Ona görə də aramızda əməkdaşlığı davam etdirmək, müharibə aparan ölkə olduğumuz üçün bu təcrübəni bölüşməkdən ötrü geniş imkanlar olduğunu düşünürəm. Bəli, nə qədər acı da olsa, müasir dünyada bunlar da zəruridir. Marağınız üçün təşəkkür edirəm.

Türkiyə ilə də hərtərəfli əməkdaşlıq proqramımız var. Hələ 2014-cü ildən etibarən Türkiyənin, xüsusilə də Krımın qanunsuz ilhaqı məsələsində dəstəyini hiss edirik. Həmçinin münasibətlərin daha dərin və praqmatik olmasında türkiyəli tərəfdaşlarımızın maraqlı olduqlarını da görürük. Lap bu yaxınlarda hərbi əməkdaşlıq sazişini imzalayıb Ali Radada ratifikasiya etmişik ki, bu da konkret proqramlar üzərində daha məqsədyönlü çalışmaq imkanı yaradır. Bunlar təkcə silahlarla bağlı proqramlar deyil. Hazırda 26 zabitimiz Türkiyənin hərbi akademiyalarında təhsil alır. Bu da NATO proqramları üzrə kadr hazırlığına dair Silahlı Qüvvələrimiz qarşısında qoyulmuş vəzifə ilə tam üst-üstə düşür. Türkiyə NATO-nun ən güclü ölkələrindən biri kimi bizimlə çox şeyi bölüşə bilər. Ölkəmizdə təhsil alan türkiyəli zabitlər də var. Bütün bunlar birgə təlimlər zamanı özünü büruzə verəcək. 2014-cü ildə Krım işğal olunarkən hərbi donanmamız az qala bütövlükdə orada qaldığı üçün bəlkə də ən çox zərər dəymiş Dəniz Qüvvələrimizin inkişafını hədəfləyən birgə korvet istehsalı proqramımız var. Başqa rabitə vasitələrinin təkmilləşdirilməsinə, satın alınmasına dair böyük proqramlarımız var. Yəni həm hərbi-texniki, həm də sırf hərbi əməkdaşlığımız geniş sahələri əhatə edir. Türkiyə Ukraynada keçirilən hərbi təlimlərdə fəal iştirak edir. Bu səbəbdən, biz bu ölkənin Rusiya Federasiyasına təzyiq imkanlarına malik olduğunu görürük. Bu gün Prezident Ərdoğana Ukrayna üçün etdiklərinə görə minnətdarıq, bu fəaliyyətin bundan sonra da müsbət məcrada davam edəcəyinə inanırıq.

- Ukrayna Türkiyədən “Bayraktar” və ya başqa silahlar almaq niyyətindədirmi?

- Biz Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini artırmaq üçün daim yollar axtarırıq. Bunun üçün Türkiyədə istehsal olunan məhsullara da diqqət yetiririk. Amma konkret silah növlərinə dair danışıqlar ikitərəfli münasibətlərimizə aid məsələdir. Təbii ki, Türkiyə ilə məhz hərbi-texniki əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq.

Mübariz Aslanov


Digər xəbərlər
SON XƏBƏRLƏR