Aqrar Kredit və İnkişaf Agentliyi Qoşqar Təhməzlinin qardaşı oğlunu məhkəməyə verdi

img

12-01-2022 [12:29]


"MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun oğlu İsrafil Təhməzli dövlətə olan borcunu ödəmir.

Mia.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, onun Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 14 min manata yaxın kredit borcu var.

Sahibkarlıq fəaliyyəti üçün agentliklə bağladığı lizinq müqaviləsinin şərtlərinə əməl etməyən İ.Təhməzli müqavilədən əmələ gələn öhdəliyi yerinə yetirməyib.

Nəticədə Aqrar Kredit və İnkişaf Agentliyi Təhməzlini məhkəməyə verib.

Bakı Kommersiya Məhkəməsi tərəfindən icraata götürülən işə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İsrafil Təhməzlinin əmisi də dövlət strukturunda yüksək vəzifə tutur. Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli onun əmisidir.

Bir müddət öncə İ.Təhməzlinin adı mediada Rusiya və Türkiyədən tikinti materiallarının, xüsusilə kafel-metlaxların idxalı ilə məşğul olan “Başaran Group” şirkətinin həmtəsisçisi kimi hallanmışdı. İddialara görə, İ.Təhməzli əmisi oğlu Şahbaz Təhməzli ilə birlikdə həmin biznesə rəhbərlik edir. Kommersiya qurumlarının dövlət reyestrində də sözügedən şirkətin qanuni təmsilçisi kimi həqiqətən də Şahbaz Təhməzlinin adı görünür.

Bundan başqa İsrafil Təhməzli 2010-cu illərdə Sumqayıtda tarixi “Vaqif” kinoteatrını yenidən tikintisi üçün sifarişçi olub. Lakin daha sonra qeyri-müəyyən səbəblərdən tikinti aparılmayıb.

Xatırladaq ki, İ.Təhməzlinin atası Fərhad Təhməzov da biznes fəaliyyəti ilə bir neçə dəfə gündəmə gəlib. Daha əvvəl Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olan F.Təhməzov 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibindəki MİDA MMC-nin direktoru təyin olunub.

MİDA MMC-ə rəhbərlik edən Fərhad Təhməzovun Türkiyədə də şirkətə sahib olduğu bildirilir. “İlahi İnşaat” (İlahi - Təhməzli qardaşlarının atasının adıdır) 2010-cu ildə qeydiyyatdan keçirilib. Şirkətin hissələrinin 60 faizi Fərhad Təhməzovun, 40 faizi isə onun qızı Fidan Təhməzlinin adına rəsmiləşdirilib. Şirkət turizm, inşaat və ticarət sektorunda fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR