"İndi də Özbəkistanı hədəf götürüblər" - Ekspertdən Lukaşenkonun mesajına reaksiya

img

10-01-2022 [20:23]


Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderlərinin bugünkü onlayn müzakirəsində deyib ki, “Qazaxıstandan sonra Özbəkistana keçə bilərlər”. 

Bundan dərhal sonra Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov açıqlama verərək Özbəkistanın KTMT-yə qayıda biləcəyini bildirib. Kalaşnikov Qazaxıstandakı olaylara işarə edərək Daşkəndi təhdid etməyi də unutmayıb: “İndi onların (oxu: Daşkəndin) başqa ümid yerləri olmadığından bunu istisna etmirəm”.

Mia.az xəbər verir ki, bu açıqlamaları şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, indi İndi də Özbəkistanı hədəf götürüblər:

"Bununla Daşkəndə demək istəyirlər ki, “bizimlə olmasan Qazaxıstanda olduğu kimi Özbəkistanda da xaos və vətəndaş qarşıdurması olacaq”. 17 il əvvəl Özbəkistanda Qazaxıstandakına bənzər olaylar - Əndican şəhərində olmuşdu. Özbəkistanın keçmiş prezidenti İslam Kərimov heç kimdən dəstək istəmədən etirazı yatırtdı. Doğrudur, bu zaman müxtəlif mənbələrə görə Qazaxıstanda olduğu kimi Özbəkistanda da yüzlərlə insan həlak oldu, bunun nə qədərinin radikal element, nə qədərinin dinc etirazçı olduğu indiyənə qədər bəlli deyil. Hər halda İslam Kərimov Tokayev kimi Moskvaya müraciət edib ölkəsinin müstəqilliyini təhlükə altına atmadı. Ancaq indi Moskva Daşkəndi xəbərdar edir ki, Qazaxıstandan sonra Özbəkistanda da etirazlar və bunun ardınca silahlı toqquşmalar başlayacaq. Məqsəd Özbəkistanı da təşkilata üzv edib üzvlərin sayını çoxaltmaqdır".

E.Şahinoğlu bildirib ki, gələn xəbərlərə görə Özbəkistan prezidenti Şövkət Mirziyoyev Qazaxıstan hadisələrinin fonunda polis və ordunun gücləndirilməsi istiqamətində addımlar atıb, yerlərdə məmurların fəaliyyətlərini nəzarət altına alıb: "Özbəkistanda sosial problemlər Qazaxıstanda olandan az deyil. Ona görə heç nə istisna deyil. Bir ay əvvəl kimsə Qazaxıstanın qarışacağını və bu ölkəyə kənar hərbi müdaxilənin reallaşacağını proqnozlaşdıra bilməzdi".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR